Bu gün Misli Premyer Liqasında 27-ci tura start veriləcək.
Futbolinfo.az xəbər verir ki, bəzi cütlüklərin duelləri yubileylə əlamətdar olacaq.
Sabah qarşılaşacaq “Kəpəz”lə “Qarabağ” ölkə çempionatlarında 60-cı dəfə üz-üzə gələcəklər. Bu matçların 14-də gəncəlilər, 34-də ağdamlılar qələbə qazanıblar. Son 5 matçda “Qarabağ” qalib gəlib ki, bunlardan 3-də böyükhesablı nəticə qeydə alınıb. Ümimiyyətlə, “Kəpəz” nə az, nə çox, düz 34 oyundur rəqibinə qalib gələ bilmir. Gəncəlilərin son qələbəsinin üstündən 23 il keçib. Belə ki, “Kəpəz” axırıncı dəfə 2002-ci il aprelin 6-da 3:0 hesablı qələbə ilə bu rəqibindən 3 xal almağı bacarıb. O dönəmdən bəri 34 matçın yalnız 6-da “Kəpəz” heç-heçə ilə öyünə bilib. “Qarabağ”ın sabahkı görüşdə vuracağı ilk qol həm də yubileylə əlamətdar olacaq. Bu, ağdamlıların “Kəpəz”lə duellərdə 100-cü qolu kimi tarixə düşəcək. “Kəpəz”in aktivində isə 61 qol var.
Martın 16-da “Səbail”lə “Neftçi” 30-cu dəfə qarşılaşacaqlar. Bu rəqabətdə isə “Neftçi” böyük üstünlüyə malikdir. “Ağ-qaralar” 2017-ci ildən bəri baş tutan 29 matçın 21-də rəqibinə heç bir şans verməyib. “Neftçi” üzərində cəmi 2 qalibiyyəti olan qəsəbə komandası düz 22 matçdır qələbə üzünə həsrətdir. Bu da geridə qalan 6 ili (2019-cu il) əhatə edir. Maraqlıdır ki, “Neftçi” son 19 görüşün hamısında qol vurmağı bacarıb.
Qeyd edək ki, “Kəpəz” – “Qarabağ” oyunu Tovuz şəhər stadionunda, “Səbail” – “Neftçi” qarşılaşması isə “ASCO Arena”da keçiriləcək.