AFFA İcraiyyə Komitəsi 2025-2026-cı illər mövsümündə Azərbaycan Premyer Liqasında komanda sayının artırılması ilə bağlı qərar qəbul edib. Bu gün isə bəlli oldu ki, elitaya yüksələcək klublara infrastruktur, inzibati və digər sahələrdəki çatışmazlıqları aradan qaldırmaq üçün 1 illik möhlət veriləcək.
Premyer Liqaya iddialı klublardan olan “Karvan” rəhbərliyindən kimsə bu qərarra münasibət bildirmədi. Belədə futbolinfo.az olaraq yevlaxlıların baş məşqçisi Kənan Kərimovla əlaqə saxladıq.
Qərardan razı qalan Kərimov möhlətin klublara böyük üstünlük verdiyini vurğulayıb: “1 illik möhlət çox gözəl qərar oldu. Çünki tələb olunan qaydalar var ki, onlar 1-2 ay içərisində düzələ bilməzdi. Ümumi götürəndə bizdə o qədər də çatışmazlıqlar yox idi, amma ən azından 1 il müddətinə onların hər birini aradan qaldıracağıq. Bu vaxt ərzində lazım olan bütün infrastruktur tələblərini təmin edəcəyik”.
“Karvan”ın hazırda ən böyük problemi ot örtüyü ilə bağlıdır. Kərimov bu məsələnin üzərində ciddi çalışdıqlarını qeyd edib: “Hazırda ən böyük problemimiz ot örtüyü ilə bağlıdır. Burada tələb olunan standartlara çatmaq, uşaq futbolunda bütün yaş qruplarının formalaşdırılması və qadın futbolunun inkişafı məsələləri var. Bunlar üçün zamana ehtiyac var idi və AFFA tərəfindən bizə fürsət verildi. İnşallah, bütün problemləri aradan qaldıracağıq”.
GÜNAY SÜLEYMANOVA