“Araz-Naxçıvan”ın son zamanlar xal itkiləri çoxdur. Avroliqaya düşmək üçün əlində olan xal limiti də artıq azalıb. Buna görə də qələbə qazanmaları vacibdir. “Şamaxı” isə az da olsa, təhlükəli zonadan uzaqlaşıb. Buna baxmayaraq, tam arxayın olmaq üçün xal almağa çalışacaq. Lakin oyunun favoriti “Araz-Naxçıvan”dır. Məncə, üstünlük onların tərəfindədir”.
Bu sözləri futbolinfo.az saytına açıqlamasında Premyer Liqanın 27-ci turunu dəyərləndirən Arif Əsədov deyib.
Təcrübəli mütəxəssis “Kəpəz”in elitada qalmaq uğrunda mübarizə apardığı üçün “Qarabağ”dan xal almağa çalışacağını bildirib:
“Götürülən 1 xal belə “Kəpəz” üçün əhəmiyyətlidir. Evdə oynamaqları onların üstünlüyüdür. Amma “Qarabağ” çempionatın açıq şəkildə favoritidir. Bu baxımdan Gəncə təmsilçisi üçün heç də asan olmayacaq. Ona görə də qonaqların qələbə qazanacağını düşünürəm”.
Əsədov, turun ən maraqlı görüşlərindən birinin “Sabah” və “Zirə” arasında olacağını qeyd edib.
“Hər iki komanda Premyer Liqada iddialı klublardandır. “Zirə” kubokdan ayrı düşdüyü üçün bütün fikrini çempionata yönəldib. Avropa Liqasına yollanmaq istəyir. Hazırda 2-ci yer üçün ən real namizədlərdən biridir. “Sabah” isə son turlarda qələbə qazana bilmir. Buna görə meydana qalib gəlmək üçün çıxacaqlar. Amma bu oyunda “Zirə” nisbətən daha üstün görünür, çünki “Sabah” fikrini daha çox kuboka verib”.
Arif bəy, “Səbail” – “Neftçi” qarşılaşmasında şansları bərabər gördüyünü söyləyib:
“Hazırda sonuncu pillədə qərarlaşan “Səbail”, bu oyunda 3 xal qazanmaq üçün mübarizə aparacaq. Bu, xüsusi əhəmiyyət kəsb edir, çünki bu, onların mövqeyini yaxşılaşdırmaq üçün çox vacibdir. Lakin, “Neftçi”nin son dönəmlərdəki oyunları daha yaxşı gedir, ancaq hələ də istədikləri nəticələri əldə edə bilmirlər. Bundan əlavə, suni meydançanın olması da bu qarşılaşmanın çətin keçəcəyini göstərir. Bu səbəbdən, bu oyunda hər iki komandanın şanslarını bərabər görmək olar”.
Son olaraq “Turan Tovuz” – “Sumqayıt” matçından danışan mütəxəssis maraqlı mübarizə keçəcəyinə inandığını qeyd edib:
“Turan Tovuz” Avroliqaya düşmək üçün mübarizə aparmağa davam edir və bu səbəbdən “Sumqayıt”la keçiriləcək oyunda qələbə qazanmağa çalışacaq. “Sumqayıt” isə son qələbəsindən sonra psixoloji və özünəinam baxımından yaxşı vəziyyətdədir. Hər nə qədər tovuzlular favorit olsa da, oyun şübhəsiz maraqlı və mübarizəli keçəcək. Hazırda, heç-heçə də olsa, “Sumqayıt” üçün vacib bir nəticə ola bilər”.
GÜNAY SÜLEYMANOVA