“Kəpəz”in futbolçusu Əli Səmədovun futbolinfo.az saytına müsahibəsi

– Misli Premyer Liqasının 26-cı turunda səfərdə “Sumqayıt”a böyük hesabla (0:3) uduzdunuz. Halbuki rəqibin son vaxtlar qələbə qazana bilmədiyini nəzərə alsaq, bu hesabı çox adam gözləmirdi. Ağır məğlubiyyətdən sonra komanda özünə gələ bilib?

– Düzdür, biz də belə oyun və nəticə gözləmirdik. Meydana qələbə üçün çıxmışdıq. Amma alınmadı. Məncə, rəqib daha istəkli idi, bunun da sayəsində qələbə qazandı. Bizim üçün ağır məğlubiyyət oldu. Artıq bu yenilgini unutmuşuq. Geriyə boylanmağın mənası yoxdur. Fikrimizi növbəti matçlara yönəltmişik.

– Bəlkə “Neftçi” üzərindəki qələbə və “Sumqayıt”ın son nəticələri sizdə səfərdən yaxşı nəticə ilə dönəcəyinizə dair arxayınlıq yaratmışdı?

– Xeyr, elə deməzdim. Bizim üçün bu dəqiqə hər xal çox vacibdir. O vəziyyətdə deyilik ki, bir qələbə qazanandan sonra arxayınlaşaq. Sonuncu pillə ilə aramızda xal fərqi çox azdır, Premyer Liqadan düşmək təhlükəsi tam sovuşmayıb. Buna görə də hər oyun bizim üçün böyük önəm kəsb edir.

– Böyükhesablı məğlubiyyətdən sonra “Qarabağ”la matça köklənmək çətin olmadı? Liderlər görüşdə sürpriz etmək şansınız varmı?

– “Qarabağ”la oyuna köklənmək çətin olmadı. Rəqibin gücünü bilirik. Buna baxmayaraq, əlimizi-qolumuzu aşağı salası deyilik. Meydana yaxşı nəticə üçün çıxacağıq. Buna nail olacağımıza inanıram.

– “Kəpəz” adətən qələbə qazandığı oyundan sonrakı turda uğursuz nəticə və ya xal itkisi ilə üzləşir. Razısınız ki, komandada stabillik çatışmır?

– Belə deməzdim. Bəli, biz hər oyunda qələbə qazanan komanda deyilik. Belə bir iddiamız da yoxdur ki, çıxaq, hər dəfə qələbə qazanaq. Bacardığımız qədər hər oyundan xal və ya xallarla ayrılmağa çalışırıq. Bu, bəzən alınır, bəzən isə yox. Önümüzə baxmalıyıq.

– Premyer Liqadan düşmək təhlükəsindən hələ də qurtulmamısınız. Sizcə, komanda yüksək dəstədə qalmağı bacaracaq?

– Bəli, mən buna inanıram. Komandamızdakı hər kəsdə bu inam var. İnşallah, “Kəpəz” Premyer Liqada qalacaq. Hər şey öz əlimizdədi. Düzdür, sonuncu yerdən çox öndə deyilik. Amma əlimizdən gələni edərək turnir cədvəlində daha yuxarı pillələrdə qərarlaşmaq istəyirik. Buna nail olacağıq. Premyer Liqanı tərk etmək təhkükəsi olsa da, komandamızda heç kim bu halla üzləşəcəyimizə inanmır.

– Legioner limitinin ləğvi ilə əlaqədar növbəti mövsümlə bağlı narahatlığınız varmı?

– Bu haqda rəy bildirmək istəmirəm. Necə olacağını, yerli futbolçulara necə təsir edəcəyini zaman göstərəcək.

ABBAS

Shares: