Misli Premyer Liqasının 27-ci turunda hələlik xalsız qalan komanda olmayıb. Başa çatan görüşlərin üçü də bərabərliklə bitib.

Bu nəticələr bəzi komandaları hədəfinə yaxınlaşdırırsa, bəziləri üçün ümidlərin əriməsi anlamına gəlir. Bu gün qarşılaşacaq komandalar isə digərlərinin büdrəməsindən yararlanmağa çalışacaq.

Lider “Qarabağ” Tovuzda xal itirməklə izləyiciləri ilə xal fərqini artırmaq imkanını qaçırdı. Lakin həm də xal fərqi qorundu. 12 xallıq fərqin qarşıdakı 9 turda aradan qaldırılması yalnız riyazi cəhətdən mümkündür, reallıqda isə ağdamlıları növbəti çempionluqdan bir neçə tur ayırır.

Əvəzində çempionla oyunda qazanılan xal “Kəpəz” üçün həddindən artıq qiymətlidir. Gəncəlilər evdə 6 oyundur uduzmur. Bu səbəbdən “Qarabağ”la görüşün qolsuz bitməsi təəccüb doğurmamalıdır. “Turan Tovuz”, “Sabah”, “Neftçi” kimi rəqiblər də qələbə qazanmağı bacarmamışdı. Dünənki heç-heçə isə Premyer Liqada qalmaq yolunda önəmli addım oldu.

Özündən öndəki və sonrakı rəqiblərin büdrədiyi həftədə “Zirə” də qələbə qazanmadı. Amma “Sabah”la görüşdəki bir xalı qənimət saymaq olar. Qəsəbə təmsilçisi 3-cü dövrəni parlaq keçirdi. 27 mümkün xaldan 22-ni toplayan “qartallar” “Araz-Naxçıvan”ı özündən aşağı atmağı bacardı. Avrokuboklara vəsiqəni böyük ölçüdə həll edən paytaxt klubunun qalan oyunlarda sabitliyi qoruması vacibdir. Komandanın oyun tərzi, heyətin yaxşı balanslaşdırılması buna imkan verir.

Eyni sözləri “Sabah” haqda demək olmur. Komanda keçirdiyi oyunların yarıdan çoxunda xal bölüb və hədəfindən xeyli uzaqlaşıb. Vasili Berezutskinin məşqçi kimi özünü sübut edə bilməməsi aşkar görünür. Çempionatda ilk “dördlüy”ə düşmək üçün ələ düşən fürsətləri bir-bir əldən verən rusiyalı kubokda hədəfə çata bilməsə, taleyi ilə barışmalıdır. Monoton oyun, yalnız futbolçuların fərdi ustalığından asılılıq “Sabah”ın əsas problemidir.

2025-c il başlayandan bəri “Araz-Naxçıvan”ın da işləri qaydasında deyil. Ardıcıl xal itkiləri Elmar Baxşıyevin yetirmələrini 3-cü pilləni də itirmək reallığı ilə üz-üzə qoyub. Evdə heyət baxımından xeyli üstün olduğu “Şamaxı”nı yenə bilməyən komandanın qitə yarışlarındakı fiaskosunu indidən təxmin etmək olar. Hətta kubokda “Qarabağ” qalib olmasa, ümumiyyətlə, avrokubok arzuları xəyala çevrilə bilər. Cümə günü “Şamaxı” ilə oyunda komanda məşqçi işinin necə bərbad olduğu aşkar göründü. Hakimlərdən dəstək gəlməyən kimi Baxşıyevin bacarıqsızlığı üzə çıxır.

Əvəzində “Şamaxı” sürəti artırır. Son 6 oyunda 11 xal toplayan bölgə klubu xeyli irəli qaçdı. “Zirzəmi”dən uzaqlaşmaqla rahat nəfəs alan komanda indi rəqiblərinə yuxarıdan aşağı baxır. Son dövrədə 5-6 xal toplamaq mümkün olsa, Ayxan Abbasovun yetirmələri Premyer Liqada qalmağı təmin edəcək.

Bugünkü matçlar əsasən autsayderlərin taleyinə ciddi təsir göstərəcək. “Səbail” “Neftçi”yə uduzsa, çətin ki, son pillədən çıxa bilsin. “Sumqayıt” da hələ rahatlaşmayıb. Amma “kimyaçılar”ın Tovuzdan xalla qayıtmaq şansı azdır. “Turan Tovuz” liderlər qrupundakı xal itkilərindən maksimum yararlanıb 3-cü pilləyə doğru irəliləməyə cəhd edəcək.

FƏRİD

Shares: