“Xaricdən mənə təklif var idi. Təəssüf ki, ailə durumu ilə əlaqədar gedə bilmədim. Lakin həmin təklif bu günə kimi keçərlidir”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında son olaraq “Şamaxı”nı çalışdıran Ramiz Məmmədov deyib.

Təcrübəli mütəxəssis adının “Karvan”la birlikdə hallanması barədə iddialara da münasibət bildirib və baş məşqçi postuna hazırkı çalışdırıcı Kənan Kərimovdan başqa heç kimin lazım olmadığını vurğulayıb: “Karvan”a Kənan Kərimovdan başqa heç bir baş məşqçi lazım deyil. Azərbaycanda tanıdığım ən savadlı, öndə gedən məşqçilərdən biridir. İllərdir həmin klubda əziyyət çəkir. “Karvan” rəhbərliyi ilə heç bir danışığım olmayıb, ola da bilməz. İnşallah, Kərimov bütün kateqoriyaları alar və ölkədə işi ilə adından söz etdirər”.

Məmmədov eyni zamanda “Karvan”la bağlı yayılan xəbərlərin klubun daxilində proseslərin ləngiməsinə səbəb ola biləcəyini qeyd edib: “Belə şeylərin mətbuata çıxmağı düzgün deyil. Hazırda çox yaxşı çıxış edirlər. Bu durum klub daxilində proseslərin ləngiməsinə gətirib çıxara bilər”.

Qeyd edək ki, Ramiz Məmmədov son olaraq “Şamaxı”da çalışıb və onun rəhbərliyi altında komandanı I Liqada çempion olub.

GÜNAY SÜLEYMANOVA

Shares: