“Yaxşı komandaya qarşı oynadıq. “Sabah”ın belə pressinq edəcəyini bilirdik. Təhlükəli hücum xətləri var. Əsas odur, xallarımızın üstünə daha 1 xal əlavə olundu. Ədalətli nəticə olduğunu düşünürəm”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Zirə”nin futbolçusu İsmayıl İbrahimli deyib.

27 yaşlı yarımmüdafiəçi “Sabah”la 1:1 hesablı bərabərlik haqda bunları söyləyib: “Oyun hər iki komanda üçün sakit başladı. Rəqib risk etmirdi və buna görə biz də risk etmək istəmirdik. Bilirdik ki, onlar əks-hücumlarda daha təhlükəlidirlər. Əllərinə düşən fürsətdən yararlandılar. Top futbolçumuza dəyərək qapımızdan keçdi. Amma marafon uzundur. Qarşıda hələ çox oyunlarımız var. Biz hər qarşılaşmaya 3 xal üçün hazırlaşsaq da, bu o demək deyil ki, həmişə istəyimizə çatacağıq. Elə olsaydı, çempion olardıq. Düşünürəm ki, hazırkı durumda səfərdə “Sabah”dan 1 xal əldə etmək də yaxşı nəticədir”.

İbrahimli həmçinin milli komandanın qarşıdakı oyunlarına da toxunub: “Milliyə çağrılmağım mənim üçün çox böyük şərəfdir. Üzərimdə daha çox işləyərək bu dəvətin daimi olmasına çalışacağam. Qarşıda bizi maraqlı oyunlar gözləyir. Rəqiblərdən yalnız Belarus haqda məlumatım var. Toplanışda baş məşqçi hər iki komanda haqda məlumatlar və göstərişlər verəcək. Bəzən şansımız gətirmir və məğlub oluruq. İnşallah, qarşıdakı hər iki oyunda da qələbə qazanarıq”.

GÜNAY SÜLEYMANOVA

Shares: