“Oyuna pis başladıq və uğursuz qol buraxdıq. “Sabah” kimi komandalara qarşı oyunu çevirmək bir az çətin olur. İkinci hissə toparlanıb qol vurduq. Nəticədə matç 1:1 hesabı ilə başa çatdı. Düşünürəm ki, bu oyuna görə 1 xal da yaxşı nəticədir. Qol buraxdıqdan sonra daha çox vuruşmağa, oyunu üzərimizə götürməyə başladıq. Baş məşqçimiz Rəşad Sadıqov matçı analiz etdikdən sonra səhvlərimizi deyəcək”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Zirə”nin qapıçısı Aydın Bayramov deyib.

Bayramov Azərbaycan yığmasının Haiti və Belarus yığmasına qarşı yoldaşlıq görüşlərinə dəvət almasından də söz açıb: “Belarus yığmasına qarşı üç il öncə səfərdə oynayaraq, 2:0 hesablı qələbə qazanmışdıq. Həmin oyun yadımdadır. Rəqib güclü və mübariz komandadır.  Haiti millisi barədə isə hər hansı fikrim yoxdur. Çünki oyunlarını görməmişəm. Təlim-məşq toplanışında onları daha yaxından tanıyacağıq. Baş məşqçi Fernandu Santuşun oyun analizlərindən sonra rəqib haqqında daha ətraflı məlumat əldə edəcəyik. Çalışacağıq ki, yoldaşlıq görüşlərinin hər ikisində meydandan yaxşı nəticə əldə edərək ayrılaq”.

Qeyd edək ki, Azərbaycan millisi Haitini martın 22-də Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda, Belarusu isə martın 25-də Masazır qəsəbəsindəki “Bank Respublika Arena”da qəbul edəcək.

GÜNAY SÜLEYMANOVA

Shares: