AFFA İcraiyyə Komitəsi Premyer Liqaya yüksələcək klublara 2025-2026-cı illər mövsümündə infrastruktur, inzibati və digər sahələrdəki çatışmazlıqları aradan qaldırmaq üçün bir illik möhlət verib. Bu qərarla bağlı elitaya yüksəlmək şansı olan “İmişli”nin İdarə Heyətinin sədri Aqşin Mürsəlovun fikirlərini öyrəndik.

Mürsəlov İcraiyyə Komitəsinin addımını futbolinfo.az saytına açıqlamasında müsbət dəyərləndirib və bunun klubların inkişafı üçün əhəmiyyətli olduğunu vurğulayıb: “2025-ci ildə İcraiyyə Komitəsinin verdiyi bütün qərarların Azərbaycan futbolunun inkişafı baxımından vacib və əhəmiyyətli olduğunu düşünürəm. Stadionları Premyer Liqa səviyyəsində lazımi tələblərə uyğunlaşdırmaq vaxt və ciddi maliyyə vəsaiti tələb edir. Komitənin bu amili nəzərə alaraq bizə vaxt verməsi çox kömək olacaq. Buna baxmayaraq, bizim əsas hədəfimiz stadionu ən qısa zamanda hazır vəziyyətə gətirmək və doğma azarkeşlərimizin qarşısında oynamaqdır”.

O, həmçinin hazırda bütün liqalarda maraqlı mübarizənin getdiyini qeyd edərək, gələn mövsümdə daha rəqabətli çempionatın olacağına inandığını bildirib.

GÜNAY SÜLEYMANOVA

Shares: