AFFA İntizam Komitəsi həftə içində maraqlı qərar çıxartdı. Belə ki, Misli Premyer Liqasının 26-cı turunda baş tutan “Araz-Naxçıvan” – “Qarabağ” oyununun 83-cü dəqiqəsində baş verənlərə görə sərt cəzalara gərək duyuldu.

Qərara görə “Araz-Naxçıvan”ın futbolçusu Felipe Santos təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyunluq cəzalandırıldı, klubu 3000 manat cərimə edildi. “Qarabağ”ın üzvü Elvin Cəfərquliyev və Musa Qurbanlı təcavüzkar davranışa cəhd etdiyinə görə 1 oyun şərti olmaqla 2 oyun cəzalandırıldı, Ağdam təmsilçisi hər oyunçusuna görə 2000 manat cərimələndi. Futbolçular üçün 3 aylıq sınaq müddəti təyin edildi.

Bu qərarların maraqlı tərəfi o idi ki, Santos oyun zamanı qırmızı vərəqə almışdısa, digərləri videogörüntülərə baxıldıqdan sonra cəzalandı. Deməli, İntizam Komitəsi baş hakim Kamal Umudlunun, eyni zamanda ona xəbərdarlıq etməyən VAR hakimi Əliyar Ağayevin səhvini isbat etdi. Normalda bu hakimlər cəzalanmalı, ən azı bir tur təyinat almamalıydı. Axı, onların kəsmədiyi cəzanı İntizam Komitəsi vermişdi.

İndi ardıcıl iki turun fərqli oyunlarındakı təyinatlara diqqət edək:

08 mart. 26-cı tur. Araz-Naxçıvan – Qarabağ 1:3

Baş hakim: Kamal Umudlu

VAR hakimi: Əliyar Ağayev

16 mart. 27-ci tur. Turan Tovuz – Sumqayıt 1:2

Baş hakim: Əliyar Ağayev

VAR hakimi: Kamal Umudlu

Kəsəsi, eyni hakimlər yenidən bir briqada halında qərarın verildiyi həftə başqa bir matça göndərildi. Fərq baş hakimlə VAR hakiminin yerinin dəyişdirilməsidir.

Doğru getməyən birşeylər var. Hakimləri ittiham etmirik, Tovuzda hansısa qərəzli qərar verdiklərini də yazmırıq. Bəlkə də “Turan Tovuz” zəif oynadığı üçün uduzmasaydı, hakim müdaxiləsinə gərək duyulacaqdı. Lakin olmayan şeyə görə ittiham etməkdənsə, mənzərəni ortaya qoymaq kifayətdir.

Bəs, niyə belə təyinatlar edilir? Bu məsələdə kimin nə məqsədi var? Sanki eyni hakimlər məqsədli şəkildə Tovuza göndərilib. “Araz-Naxçıvan”ın xal itirməsindən sonra onun avrokuboka vəsiqə yarışındakı əsas rəqibinin ev görüşündə eyni hakimlərin görünməsi şübhə yaradır. İntizam Komitəsi ilə Hakimlər Komitəsi bir-biri ilə qiyabi müharibəmi edir?

Məsələni “Turan Tovuz”un məlum bəyanatına, ardından cəzalandırılmasına qədər uzadıb çox mətləbi əlaqələndirmək olar. Amma bütün bunları AFFA-nın öhdəsinə buraxırıq. Belə “təsadüflər” sonrakı qalmaqalların təməlidir. Diqqətli olmaqda fayda var.

VÜSAL MAHMUDOV

Shares: