“Qurban Qurbanov həyatımda olan tək-tük məşqçilərdəndir ki, məni futbolçu kimi anlaya bilir. O, komandasında olan bütün oyunçular üçün belədir”. Bu sözləri “Qarabağ”ın futbolçusu Kadi Borges qazqazinfo.az saytına müsahibəsində deyib.
Kadi əlavə edib: “Çünki o bilir ki, mən komandaya nə qədər xeyir verə bilərəm, hansı mövqedə oynamağı bacararam. Harada, necə çıxış edəcəyimi dəqiq bilir. Bütün bu təcrübələr başqa komandalarda da mənə kömək olub. Onun futbolçulardan istədiyini ala bilməsi məni təəccübləndirmişdi. Eyni zamanda məndən də istədiyini ala bilmişdi”.
Braziliyalı futbolçu “Qarabağ”dan ayrılarkən Qurbanovun sanki ondan inciməsi barədə sualı belə cavablandırıb: “Deyirsiniz ki, incimişdi, amma yox, sadəcə ikimiz də çox pis olmuşduq. Hər kəs buna müxtəlif bucaqdan baxa bilər. Əslində, mənim gedişim klub üçün heç də pis olmamışdı. Komanda tarixində ilk dəfə 5 milyona oyunçu satmışdı. Ümumiyyətlə, mən başqa ölkədə olsam da, Qurban Qurbanov daim durumumla, ailəmlə maraqlanırdı. Bu səbəbdən həmişə digər futbolçular da özünü bura aid hiss edir. Başqa klublarda bu cür münasibət görməyəndə nəyinsə çatışmazlığını hiss edirsən. Bura qayıdanda Qurban müəllimin üzündə sevinci gördüm, eyni sevinc hissləri məndə də var idi. İkimiz də sevinirdik ki, qayıtdım, birləşdik. Gəldiyim gün gecə saat 11-də görüşdük, komandanın tərcüməçisi Elvar Quliyev də yanımızda idi. Qurban Qurbanovla görüşəndə o, həyatım, ailəm haqqında soruşdu, maraqlandı. Təbii ki, bu, kiməsə adi bir şey kimi görünə bilər, amma mənə buranın bir parçası olduğumu hiss etdirdi. Burada yaxşı başlanğıc etdim və bu da komandanın əməyidir”.
Kadi qayıdışının bu qədər tez reallaşacağını gözləmirmiş: “Bu proseslərin hamısını ətraflı deyə bilməyəcəyəm. Bir gün Azərbaycana qayıtmağı düşünürdüm. Lakin bu qədər tez geri dönəcəyimə ehtimal verməzdim, planda da yox idi. “Ferençvaroş”a keçəndən sonra hər şey mənim üçün yaxşı idi. Yüksək səviyyədə oynayırdım, çempionatda qol ötürmələrində lider idim, Avropa Liqasında komandamız növbəti mərhələyə çıxmışdı. Həmin vaxt qış fasiləsi yarandı və biz istirahətə yollandıq. Macarıstanda belə bir şey var ki, biz oyunlar üçün bir gün öncədən bazaya yığışmırdıq. Birbaşa evdən matçlara yollanırdıq. Xanımım Samara ilə evdə oturmuşduq və zəng gəldi. Klubun idman direktoru Tomas Hanyal idi. Klub rəsmisi mənə dedi ki, “Qarabağ”a qayıtmaq variantı var və bunu istəyərsən? Dedim ki, klub üçün də, mənim üçün də xeyirlisi budursa, olsun, gedərəm. Beləliklə, bu keçid baş tutdu və Azərbaycana qayıtdım”.