Misli Premyer Liqasında 3-cü dövrə də başa çatdı. Ümumilikdə 10 qolun vurulduğu 27-ci tur həmçinin baş məşqçi istefası ilə yadda qaldı.

“Araz-Naxçıvan” üçün uğursuz dövrə

3-cü dövrəni “Araz-Naxçıvan”ın passivinə yazmaq lazımdır. Çünki Naxçıvan təmsilçisi keçirdiyi 9 oyunda cəmi 1 qələbə qazana bilib. 5 dəfə heç-heçə edən “qırmızı-ağlar” 3 görüşdə isə meydanı xalsız tərk ediblər. Halbuki qış fasiləsinədək “Araz-Naxçıvan” inamlı təsir bağışlamış, uzun müddət ikinci pillədə qərarlaşmışdı. 3-cü dövrəni cəmi 8 xalla tamamlayan Elmar Baxşıyevin komandası hazırda 2-ci pillədən 5 xal geri qalır. Çempionatın son dövrəsində də bu cür davam edəcəkləri təqdirdə, “Araz-Naxçıvan” 4-cü yerə də düşə bilər.

“Şamaxı” ilə qarşılaşmada topla daha çox davranan naxçıvanlılar olsa da, qonaq komanda da rəqib qapısı önündə təhlükəli epizodlar yarada bilirdi. Ayxan Abbasov ilk dəfə komandasını meydana həm də U-21-in baş məşqçisi kimi çıxartmışdı. Üçüncü dövrənin əvvəlində xeyli xal itkisinə yol verən “Şamaxı” özünə gəlməkdədir. Bunu son 3 görüşdə 7 xalın qazanılması da təsdiqləyir.

“Qarabağ”ın üçüncü “quru oyunu”

Turun əsas iki sensasiyası Tovuzda qeydə alındı. İlk sensasiyaya “Kəpəz” imza atdı. “Qarabağ”ın bu görüşdə xal itirəcəyi gözlənilən deyildi. Qurban Qurbanovun komandası 90 dəqiqə ərzində üstün tərəf olsa da, heç cür rəqib qapısına yol tapa bilmədi. Yeri gəlmişkən, bu, “Qarabağ”ın Misli Premyer Liqasının 2024/2025 mövsümündə qol vura bilmədiyi 3-cü oyun oldu. Ağdamlılar bunadək yalnız “Turan Tovuz”la keçirdiyi 2 görüşdə rəqibi məyus edə bilməmişdilər.

Aydın məsələdir ki, bu xal itkisi “Qarabağ” üçün problem yaratmayacaq. Qurban Qurbanovun yetirmələri hazırda ən yaxın izləyicilərini 12 xal qabaqlayırlar və turdan-tura növbəti çempionluğa yaxınlaşırlar. “Kəpəz” isə liderlə heç-heçə edərək çox vacib 1 xal qazandı. Gəncə təmsilçisi hazırda sonuncu pillədə qərarlaşan “Səbail”i 5 xal qabaqlayır.

Uğurlu “Zirə”, sülhsevər “Sabah”

“Sabah” – “Zirə” matçı paytaxt derbisi olmaqla yanaşı, həm də sabiq müdafiəçilərin dueli idi. Söhbət komandaların baş məşqçiləri Vasili Berezutski ilə Rəşad Sadıqovdan gedir.

Meydan sahibləri ilk hissədə hesabı açsalar da, üstünlüklərini ancaq fasiləyədək qoruya bildilər. Fasilədə Rəşad Sadıqov birdən-birə iki dəyişikliyə əl atdı, Rüstəm Əhmədzadənin əvəzinə Məqsəd İsayevi, İssa Cibrilanın yerinə isə Davit Volkovu meydana buraxdı. Onun bu addımı özünü doğrultdu. Məhz Volkov 63-cü dəqiqədə rəqib futbolçu Xəyal Əliyevin “ötürməsini” başla qola çevirdi. Bu qol oyunun yekun nəticəsini müəyyənləşdirdi.

Birmənalı şəkildə 3-cü dövrəni “Zirə”nin aktivinə yazmaq olar. Qəsəbə təmsilçisi keçirdiyi 9 oyunda ümumilikdə 22 xal topladı. “Qartallar” başa çatan dövrədə təkcə “Neftçi”yə məğlub oldular. İkinci yeri ələ keçirən “Zirə” artıq bu pillədə möhkəmlənib də. Ən yaxın izləyicisini 5 xal qabaqlaması da bunu təsdiqləyir.

“Sabah” üçün isə 3-cü dövrəni uğurlu saymaq olmaz: 9 oyuna 9 xal. “Bayquşlar” bu dövrədə heç-heçələri sıralaması ilə diqqət çəkdi. 9 oyunun 6-da “Sabah” meydanı sülhlə tərk edib.

Hüseynovun cəsarəti, Rüfətin haqqı

“Səbail” – “Neftçi” oyunundan çox matçdan sonra keçirilən mətbuat konfransı rezonans doğurdu. Söhbət Cavid Hüseynovun jurnalistlərin önündə dediyi sözlərdən gedir. Bu barədə bir qədər sonra…

Oyun “Neftçi”nin sürətli hücumları ilə başladı və 29-cu dəqiqədə qonaqlar artıq 2 top fərqi ilə önə keçdilər. Qalan dəqiqələrdə “Səbail”in gücü ancaq hesab arasındakı fərqi azaltmağa çatdı. Yeri gəlmişkən, adəti üzrə baxımlı qol vuran “dənizçilər”in futbolçusu Rüfət Abdullazadə cari mövsümü fərdi baxımdan yaxşı keçirir. Sol ayağı ilə əla zərbələrə və ötürmələrə malik Rüfət millinin baş məşqçisi Fernandu Santuşun da diqqətini və dəvətini haqq edir. Belə oyunçu yığmadan kənarda qalmamalıdır!

Gələk Cavid Hüseynovun oyunsonrası açıqlamalarına. Həqiqətən də, Azərbaycanda barmaqla sayılacaq qədər məşqçi mətbuat konfransında bu cür cəsarətli danışa, olanları bariz şəkildə ictimaiyyətə çatdıra bilərdi. Düzdür, bu, Hüseynova postundan uzaqlaşdırılması hesabına başa gəldi. Ancaq istənilən halda, Hüseynova cəsur davranışına görə əhsən düşür.

Cavid bəyin dedikləri onu göstərir ki, “Səbail” rəhbərliyi komandanın Premyer Liqanı tərk edəcəyi ilə artıq barışıb. Belə olmasaydı, Hüseynovu meydanda tək qoymaz, ona dəstək olar və komandanı gücləndirərdilər. “Səbail”in baş məşqçi postunu “Turan Tovuz”da Kurban Berdıyevin köməkçisi vəzifəsindən üstün tutan Hüseynov bəlkə də bu qərarına görə peşman olub. Ancaq onu bu addımına görə qınamaq da olmur.

Keçmiş yarımmüdafiəçi baş məşqçi kimi püxtələşmək, özünü göstərmək istəyir. Bunun üçün isə onun işləməsi lazımdır. Nə yazıq ki, Hüseynovun baş məşqçi postunda bəxti hələ ki gətirmir. I Liqada yuvarlanan “Şamaxı” təcrübəsindən sonra “Səbail”dəki fəaliyyətinin qısa çəkməsi də bunu təsdiqləyir.

Fürsəti qaçıran “Turan Tovuz”

Tur ərzində Tovuzda keçirilən ikinci oyunda da sensasiya qeydə alındı. Uğursuz seriyaya ötən tur son qoyan “Sumqayıt”ın ağır səfərdən 3 xalla qayıdacağını az sayda adam ehtimal edə bilərdi. Matçın startı da meydan sahiblərinin rahat qələbə qazanacağını deməyə əsas verirdi. Ancaq 8-ci dəqiqədə Ayxan Quseynovla hesabı açan “Turan Tovuz” cəmi 10 dəqiqə “Sumqayıt”lı Ayxanın qoluna mane ola bilmədi.

Fasilədən sonra isə əks-hücumda rəqibini yaxalayan qonaqlar Tovuzdan 3 xalla qayıtmağı bacardılar. Beləliklə, Kurban Berdıyevin komandası “Zirə” və “Araz-Naxçıvan”ın xal itkisindən faydalana bilmədi. “Sumqayıt” isə ardıcıl ikinci qələbə sayəsində 4-cü dövrənin startına kimi rahat nəfəs ala bilər.

AĞA

Shares: