“Əla nəticə sadəcə, oyunda qalib gəlməkdir. Amma bir xal bizim üçün vacib idi”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Kəpəz”in gürcüstanlı oyunçusu Rati Ardazişvili deyib.
Yarımmüdafiəçi Misli Premyer Liqasının 27-ci turunda “Qarabağ”la qolsuz heç-heçə etdikləri matçdan danışıb. O, həmçinin bir tur öncə “Sumqayıt”a 0:3 hesablı məğlubiyyətdən sonra bu qarşılaşmaya necə kökləndiklərini deyib: “İdmanda məğlubiyyətsizlik mümkün deyil. Belə bir komanda yoxdur. Hər şeyə hazır olmalıyıq. Fikrimizdə ancaq gələcəyi düşünmək lazımdır”.
Gürcü futbolçu əsas rəqibləri “Səbail”in məğlub olmasına da münasibət bildirib: “Hələ hər şey qarşıdadır. Düşünürəm ki, daha çox xal toplayıb yaxşı pillədə qərarlaşa bilərik”.
Milli komandalara görə yaranan fasilədən sonra gənclilərin ilk oyunu əsas rəqib olan “Səbail”ə qarşıdır. Rati bu matçı həlledici qarşılaşmalardan biri sayır: “Olduqca vacib oyun keçirəcəyik və qələbə bizim üçün çox yaxşı olardı. Çünki belədə bir az rahatlayardıq. İstənilən halda yüksək liqada qalacağıq”.