Misli Premyer Liqasının cari mövsümündə 3-cü dövrə başa çatdı. Həlledici dövrə ərəfəsində “Qarabağ” aşkar fərqlə çempionluğa doğru gedirsə, daha 3 komanda avrokuboklara vəsiqə uğrunda rəqabətdədir.
İzləyicilərinin tez-tez büdrəməsi üzündən ilk 4 pillədəki komandaların indidən qitəmiqyaslı yarışa yollanmaq ehtimalının böyük olduğunu demək olar. Amma “Qarabağ” kuboku qazana biməyəcəyi təqdirdə 4-cü pillənin sahibi avrokubokdan kənar qalacaq ki, məhz bu amil iddiaçıları ilk 4 deyil, 3 pillədən birində qərarlaşmağa məhkum edir.
“Qarabağ”ın irəli qaçdığını nəzərə alsaq, “Zirə”, “Araz-Naxçıvan” və “Turan Tovuz” aralarındakı ən zəifi müəyyənləşdirməklə məşğuldur. Bəs, ilk “dördlük”də mövqe tutanlardan hansı daha yaxşıdır? Bu suala cavab tapmaq üçün onların 3 dövrə ərzində şəxsi oyunlarına diqqət yetirməkdə fayda var.
Qarabağ:
Araz-Naxçıvan – 4:1, 2:0, 3:1
Zirə – 3:1, 4:0, 2:3
Turan Tovuz – 0:1, 0:0, 1:2
Zirə:
Qarabağ – 1:3, 0:4, 3:2
Araz-Naxçıvan – 0:1, 1:1, 1:0
Turan Tovuz – 0:1, 0:0, 2:0
Araz-Naxçıvan:
Qarabağ – 1:4, 0:2, 1:3
Zirə – 1:0, 1:1, 0:1
Turan Tovuz – 2:1, 1:0, 0:1
Turan Tovuz:
Qarabağ – 1:0, 0:0, 2:1
Zirə – 1:0, 0:0, 0:2
Araz-Naxçıvan – 1:2, 0:1, 1:0
Liderlərin şəxsi oyunlarının nəticələrinə görə turnir cədvəli:
1 | Qarabağ | 9 | 5 | 1 | 3 | 19-9 | 19 |
2 | Turan Tovuz | 9 | 4 | 2 | 3 | 6-6 | 14 |
3 | Zirə | 9 | 3 | 2 | 4 | 8-12 | 11 |
4 | Araz-Naxçıvan | 9 | 3 | 1 | 5 | 7-13 | 10 |
“Qarabağ” ilk 4 komandanın şəxsi oyunlarına görə tərtib olunan turnir cədvəlində də liderdir. Maraqlıdır ki, ümumi cədvəldə 4-cü olan “Turan Tovuz” burada ağdamlıların əsas izləyicisidir. Deməli, qərblilər liderlərlə görüşdə yaxşı oynayır, xalları digərləri ilə qarşılaşmalarda itirir. Təsadüfi deyil, Kurban Berdıyevin yetirmələri lider “Qarabağ”a qarşı keçirdiyi 3 oyunun heç birində uduzmayıb, hətta 2 səfər matçında qələbə qazanıb.
Çempionatın ümumi turnir cədvəlində ilk “dördlük”:
1 | Qarabağ | 27 | 20 | 4 | 3 | 65-16 | 64 |
2 | Zirə | 27 | 16 | 4 | 7 | 44-22 | 52 |
3 | Araz-Naxçıvan | 27 | 13 | 8 | 6 | 27-22 | 47 |
4 | Turan Tovuz | 27 | 11 | 10 | 6 | 34-29 | 43 |
İlk “dördlük”dəki komandalardan “Turan Tovuz” “Qarabağ”a uduzmayıbsa, “Araz-Naxçıvan” bütün qarşılaşmalarda ağdamlılara boyun əyib. Əvəzində muxtar respublika təmsilçisi şəxsi görüşlərdə yalnız qərblilərdən üstündür. “Qarabağ”ın bir dəfə məcbur etməyi bacaran “Zirə” şəxsi görüşlərdə naxçıvanlılarla tam bərabərlikdədir, tovuzluları isə top fərqində üstələyir.
FƏRİD