Gürcüstanın reqbi komandası İspaniya yığmasını 46:28 hesabı ilə məğlub edərək 2025-ci il Avropa çempionatının qalibi olub. Turnirdəki qələbə Gürcüstan üçün ardıcıl 8-ci, tarixdə isə 17-ci qələbə olub.
Qarşılaşma Tbilisidəki Mixail Mesxi adına stadionda baş tutub. Görüşün ən yaxşı oyunçusu Akaki Tabutsadze ilə birgə het-trik edən Vano Karkadze olub. Tabutsadze həm də beynəlxalq karyerasında 50-ci cəhdinə imza atıb.
Xatırladaq ki, ötən il Parisdə keçirilən Avropa çempionatında gürcülər finalda Portuqaliya komandasına 36:10 hesabı ilə qalib gəlmişdilər.
Ədalət naminə qeyd edək ki, “Altı Millət Kuboku”nda çıxış edən komandalar (İngiltərə, İrlandiya, İtaliya, Uels, Fransa və Şotlandiya) turnirdə iştirak etmir.