“Sumqayıt”ın braziliyalı müdafiəçisi Alan Diasın futbolinfo.az saytına müsahibəsi

  • Misli Premyer Liqasının 27-ci turunda səfərdə “Turan Tovuz” üzərində qələbə qazanaraq sensasiyaya imza atdınız. Bu qələbəni nəyin hesabına əldə edə bildiniz?
  • Çox çətin oyun idi. Buna baxmayaraq, meydanda yaxşı iş gördük. Rəqibin güclü, keyfiyyətli komanda olduğunu bilirdik. Amma biz öz gücümüzə də bələdik. Daha yaxşı oyun göstərmək üçün məşqlərdə əlimizdən gələni edirik.
  • Neçə müddət idi ki, zədədən əziyyət çəkirdiniz. Buna rəğmən, Tovuz səfərində sonadək mübarizə apardınız, meydanda ən yaxşılardan biri idiniz…
  • Sıraya döndüyüm, yenidən komandama kömək edə bildiyim üçün şadam. Dönüşümdə qələbə qazanmağımız məni daha çox sevindirdi. Zədə üzündən oynaya bilməmək mənim üçün ağır idi. Çətin günlər keçirdim. Buna baxmayaraq, mümkün qədər tez qayıtmaq və komandama kömək edə bilmək üçün heç dayanmadım, hər gün öz üzərimdə işlədim.
  • Uzun müddət qələbə həsrəti yaşadıqdan sonra “Sumqayıt” ardıcıl ikinci qələbəsini qazandı. Son nəticələrdən sonra komandanızın uğursuz dönəmi tam olaraq geridə qoyduğunu demək mümkündür?
  • Hazırda yaxşı günlər keçirdiyimizi düşünürəm. Ancaq biz ardıcıl məğlubiyyətlərlə üzləşəndə də bilirdik ki, gec-tez qələbələr gələcək. Çünki çox keyfiyyətli komandamız var. Heç vaxt təslim olmadıq, bir gün də olsun, işimizi dayandırmadıq. Əmin idik ki, nəvaxtsa işlər yoluna düşəcək.
  • Komanda yeni-yeni özünə gəldiyi vaxtda çempionatda fasilə yarandı. Qorxmursunuz ki, birdən bu fasilə “Sumqayıt”a mənfi təsir göstərər?
  • Xeyr, heç bir problem yoxdur. Əksinə, fasilədən lazımınca yararlanmalı olduğumuzu düşünürəm. Daha da təkmilləşmək və qələbələrə davam etmək üçün çempionatdakı pauzadan maksimum istifadə etməliyik.
  • Fasilədən sonra ilk oyununuz “Sabah”a qarşı olacaq. Yeni yaxaladığınız uğurlu seriyanı bu görüşdə də davam etdirə biləcəksiniz?
  • Əmin ola bilərsiniz ki, bu görüşdə də sonadək mübarizə aparacağıq. Nəyə qadir olduğumuzu meydanda göstərəcəyik. Bu oyunda qalib gəlmək və uğurlu seriyanı davam etdirmək üçün əlimizdən gələni edəcəyik.
  • Azərbaycanın digər komandalarında oynayan braziliyalı futbolçularla dostluq münasibətiniz varmı?
  • Bəli, digər komandalarda çıxış edən bir neçə dostum var. Bəziləri ilə Braziliyada birlikdə oynamışam. Hazırda “Araz-Naxçıvan”da çıxış edən Ramon Maçado və İqor Ribeyro ilə yaxşı münasibətim var. “Qarabağ”dan ayrılan Julio Romao da dostumdur. Azərbaycanda çıxış edən braziliyalı futbolçuların hamısı mənim üçün əzizdir.

FƏRİD

Shares: