Misli Premyer Liqasının “Kəpəz”dən başqa hamının qol vurduğu, yalnız “Zirə”nin qələbə qazandığı 32-ci turu məhsuldar oyunla bitdi. Dünən “Neftçi”nin avrokuboklara olan riyazi ümidləri də sona çatdı.

Çempionun rəsmən bəlli olduğu, 5 oyunu 4 günə səpələnən turda qeydə alınan 4 heç-heçə turnir cədvəlində yerdəyişmələrə də əngəl oldu. Yalnız “Zirə” 3-cü pillədəki izləyicisi ilə xal fərqini 10-a çatdırmağı bacardı, “Kəpəz” isə son pillədəki “Səbail”in bir qədər yaxınlaşmasına imkan verdi.

“Sumqayıt”ın qələbəsi “Şamaxı”ya “Neftçi”dən öndə olmaq imkanı verəcəkdi. Amma bakılılar 0:2 hesabıyla geridə olduqları qarşılaşmadan xal qoparmağın yolunu tapdı. İlk yarını əla keçirən meydan sahibləri zədəli Elvin Bədəlovun məcburiyyətdən zədələnməsindən və uğursuz əvəzləmələrdən sonra üstünlüyü əldən verdi. “Kimyaçılar” demək olar, hər iki qolu fərdi səhvdən sonra rəqibə hədiyyə etdi. Elə bu məqamı nəzərə alsaq, “Neftçi”nin zəif çıxışını qabartmalıyıq. Qonaqlar mövsümü elə bu cür məzmunsuz oyun üzündən itirdilər.

Paytaxt klubunda yayda nəyin dəyişəcəyini, nələrin planlandığını bilmirik. Amma komandanın indiki heyəti də 6-cı yerdə qalmaq üçün bəhanə olmamalıdır. “Neftçi”nin problemi təkcə futbolçuların səviyyəsində deyil. Doğrudur, yanlışlar üzündən komplektləşmə düzgün aparılmayıb, lakin hətta bu heyətlə də hazırkı qonşulara – “Şamaxı”ya, “Sumqayıt”a fərq atmaq lazım idi.

Samir Abasov hələ ki, özündə heç bir günah görmür, sətiraltı ifadələrlə komandanı mövsümün gedişində götürdüyünü deyir, oyunçuların səviyyəsinin yetərsiz olduğunu çatdırır. Lakin Vaqif Cavadov da onunla eyni vaxtda işə başlayıb, “Sumqayıt”ın büdcəsi “Neftçi”dən 4-5 dəfə azdır. Üstəlik, “kimyaçılar”ın qışda gətirdiyi futbolçular komandanın qollarını vurursa, Samir Abbasovun seçdiyi yenilər heyətə düşməkdə belə çətinlik çəkir. Yəni, bakılıların problemini yalnız Roman Qriqorçuka bağlamaq klub rəhbərliyini aldatmaq cəhdidir.

“Neftçi” 32 tura cəmi 32 qol vuraraq 36 xal qazanıb. Komandanın buraxdığı top vurduğundan 13 qol çoxdur və ardıcıl 2-ci mövsüm avrokuboka vəsiqə qazanmaq mümkün olmayıb. Mövsümün sonunda ili analiz edərkən bunu yalnız Qriqorçuka bağlamaq özünü aldatmaq olacaq.

AĞA

Shares: