Misli Premyer Liqasında qalmağı təmin edən “Şamaxı” artıq növbəti mövsümün hazırlıqlarına başlayıb. Bölgə təmsilçisi hazırda heyət planlaması ilə məşğuldur.

Futbolinfo.az saytının məlumatına görə, mövsümün sonuna 2 tur qalmış komandadan gedəcək futbolçulardan bəziləri bəllidir. Müqaviləsi başa çatacaq serbiyalı müdafiəçi Vasiliye Radenoviçlə yeni sözləşmə imzalanmayacaq. Onun adaşı və həmyerlisi Vasiliye Bakiçlə də yollar ayrılacaq.

Baş məşqçi Ayxan Abbasov bu iki futbolçunun xidmətində maraqlı deyil. Digər əcnəbilərdən də bəzilərini yola salınması mümkündür. Eyni zamanda klubun yeni müqavilə təklifindən imtina edən legionerlər də var. Tam siyahı mövsüm bitincə dəqiqləşəcək.

Qışda Azərbaycan U-21 yığmasının baş məşqçisi təyin edilən mütəxəssis əvəzində komandasına bu milinin futbolçularını cəlb etmək istəyir. O, “Neftçi”dən hücumçu Ağadadaş Salyanskini və yarımmüdafiəçi Murad Məmmədovu heyətə qatmaq niyyətindədir. Bölgə təmsilçisi bu iki futbolçunu icarəyə götürmək üçün “ağ-qaralar”a müraciət edib. Bakı klubu isə bu məsələyə yayda baxa biləcəkləri cavabını verib.

Abbasov keçmiş klubu “Turan Tovuz”un da heyətindən bir futbolçunu da gözaltı edib. O, hazırda “Kəpəz”də icarədə olan Sadiq Şəfiyevin xidmətində maraqlı olduğunu tovuzluların diqqətinə çatdırıb.

AĞA

Shares: