AFFA U-14 liqasının 1/8 finalında keçirilən “Neftçi” – “Turan Tovuz” matçlarından sonra qalmaqal yaşanıb.

Futbolinfo.az xəbər verir ki, tovuzlular rəqibin heyətində “lipa” olması ilə bağlı AFFA-ya şikayət edib. Belə ki, onlar “Neftçi”nin 25 nömrəli oyunçusu Sultan Orucovun “lipa” olduğunu iddia edib. Onun yaşı ilə bağlı şübhələr var.

“Turan Tovuz” akademiyasının koordinatoru Ülfət Mədətov məlumatı təsdiq edib: “Bəli, bir hal var. Onunla bağlı şübhələrimiz mövcuddur. Biz də qərara gəldik ki, AFFA-ya rəsmi müraciət edək. U-14 liqasına nəzarət edən Sənan İmanova bu barədə məlumat vermişik. Ona videoları da göndərdim. Oyun protokolunu və uşağın şəkillərini də yolladım”.

Qeyd edək ki, ilk oyunda “Neftçi” “Turan Tovuz”u 2:0 hesablı məğlubiyyətə uğradıb. İkinci oyunda isə Sultan Orucov meydanda olmayıb. Komandalar 1:1-lik bərabərliyə razılaşıb. Nəticədə “Neftçi” ¼ finala çıxıb.

“Neftçi”nin mətbuat xidmətinin rəhbəri Asəf Zerynallı isə iddiaları rədd edir: “Sultan Orucov “Neftçi”nin futbolçusudur. U-14 komandamızın üzvüdür. Qış transfer dönəmində heyətə cəlb olunub. Futbolçumuz 2011-ci il təvəllüdlüdür və AFFA-da qeydiyyatdan keçib. Sənədləri də qaydasındadır. Yayılan iddiaların heç bir əsası yoxdur. Belə məsələlərlə heç kim “Neftçi”nin imicinə xələl gətirə bilməz. Buna imkan vermərik. “Neftçi” həmişə uşaq futbolunda önəmli rol oynayıb. Yetirmələrimiz hər zaman müxtəlif milli komandalara cəlb olunublar. Yayılan xəbərlər həqiqəti əks etdirmir”.

AĞA

Shares: