“Araz-Naxçıvan”ın yeni transferi Patrik Andradenin futbolinfo.az saytına müsahibəsi

– Təlim-məşq toplanışı necə keçir?

– Öz axarında davam edir. Hər şey qaydasındadır. Avrokuboklara hazırlaşırıq.

– Özünü yeni komandada necə hiss edirsən?

– Burada özümü yaxşı hiss edirəm. Bir-birimizi günü-gündən daha yaxşı tanıyırıq. Buna çalışırıq. Ümid edirəm ki, hər şey yaxşı olacaq.

– Nə zaman “Araz-Naxçıvan”a keçməyə qərar verdin?

– Açığı, danışıqlar getdi, mən də komandanı tanıyırdım. Bilirdim ki, burada yaxşı oyunçular və yaxşı baş məşqçi var. Bu səbəbdən də düşündüm ki, “Araz-Naxçıvan”da oynaya bilərəm.

– Amma mətbuatda xəbərlər var idi ki, sənin transferində ən çox maraqlı olan tərəf “Neftçi”dir.

– Mənimlə onların arasında heç bir danışıq olmayıb. Ola bilər ki, agentimlə hansısa danışıqlar aparıblar.

– Niyə Azərbaycanda qalmaq istədin? Başqa təkliflər yox idi?

– Azərbaycanı bəyənirəm. Burada özüm də, ailəm də rahatıq. Sakitlik olan ölkədə qalmaq daha yaxşıdır.

– Avrokuboklara özünüzü hazır hiss edirsiz?

– Biz işləyirik. Düşünürəm ki, uğurlu ola bilərik. Rəqibimiz Yunanıstanın “Aris” komandasıdır. Onları keçməyə çalışacağıq. Yaxşı performans ortaya qoyacağıq.

– “Aris” sizin üçün çətin rəqibdir?

– Avrokuboklarda asan rəqib yoxdur.

– Demişdin ki, “Araz-Naxçıvan”a gəlməyimdə Qara Qarayevin rolu var. Onunla bir komandada olmaq sənə əlavə kömək edəcək?

– Bəli, yaxşı olacaq. Biz bir-birimizi çoxdan tanıyırıq. Onunla yaxşı münasibətim var. Bu ikimiz üçün də müsbət məqamdır.

ABBAS

Shares: