“Turan”ın sabiq baş məşqçisi Naci Şensoyun futbolinfo.az saytına müsahibəsi

– Gəlin söhbətə “Turan Tovuz” komandasının ötən mövsümdəki çıxışı ilə başlayaq. Avrokuboklara qatılmaq uğrunda sonadək mübarizə aparsalar da, məqsədlərinə çata bilmədilər. Sizcə, bunun səbəbi nə idi?

– Uzun müddət aşağı liqada çıxış edən “Turan Tovuz” komandasının 3 il öncə öz yeri olan Azərbaycan Premyer Liqasına yenidən qayıtması tovuzlu azarkeşlər üçün çox sevindirici bir hadisə idi. Təbii ki, Azərbaycan Premyer Liqasına həm maddi, həm də təşkilati baxımdan uyğunlaşmaq asan bir iş deyil. “Turan Tovuz” azarkeşlərinin liqada söz sahibi olmaqla bağlı alışdıqları hədəflərə çatmaq o qədər də asan deyil. Hər şeydən əvvəl bu məqsədə çatmaq üçün güclü komanda qurmaq lazımdır. Bundan əlavə, belə bir komandanı hədəflərə çatdırmaq üçün başında layiqli bir baş məşqçi dayanmalıdır. Qəbul etmək lazımdır ki, bu baxımdan “Turan Tovuz” rəhbərliyi üzərinə düşəni etdi, 1 il öncə Kurban Berdıyev kimi çox təcrübəli məşqçini komandanın başına gətirdi. Hədəflər aydın idi – çempion olmasalar belə, ən azı avrokuboklara qatılmaq. Mövsümə çox yaxşı başladılar. “Qarabağ”a qarşı oyunlarda əldə edilən nəticələr “Turan Tovuz”un hədəflərinə çata biləcəyinin göstəricisi idi. Ancaq mövsüm davam etdikcə “Turan Tovuz”un performansı aşağı düşməyə başladı. Xüsusilə mövsümün ikinci yarısında bu hal daha aydın hiss olunurdu. Bunun səbəblərini “Turan Tovuz”un texniki heyəti daha yaxşı bilər. Futbolçuların zədələnməsi, cəzalar və ya başqa səbəblər ola bilər. Amma qırmızı xətlə qeyd olunmalı əsas məqam odur ki, “Turan Tovuz”un avrokuboklara qatılmamasının əsas səbəbi birbaşa rəqibi olan “Araz-Naxçıvan”a qarşı matçlarda əldə etdiyi mənfi nəticələrdir. “Turan Tovuz” onlarla dörd oyundan yalnız birində qələbə qazana bildi, ikisində məğlub oldu, birini isə heç-heçə başa vurdu. Xüsusilə sonuncu oyunda rəqib bir nəfər azlıqda qalmasına baxmayaraq, “Turan Tovuz” qələbəni əldən verdi. Məhz bu oyunlar komandanın liqadakı taleyini müəyyən etdi.

– Berdıyevin Azərbaycandakı ilk ilini necə qiymətləndirirsiniz? Ötən mövsümə iddialı başlayan “Turan Tovuz” avrokuboklara vəsiqə qazana bilmədisə, bu, Berdıyevin öz vəzifəsini tam yerinə yetirə bilmədiyi anlamına gəlirmi?

– Hörmət etdiyim həmkarım Kurban Berdıyevin karyerasını müzakirə etmək əbəs olar. Hər dəfə bu ifadəni təkrarlayıram: “İcraatın danışdığı yerdə kəlmələr susar”. Berdıyev bütün ciddiyyəti ilə mövsümə çox yaxşı başladı, lakin sezonun sonluğu uğurlu olmadı. Məhz bu vəziyyəti dərindən təhlil etmək lazımdır. Komandanın fiziki durumu, zədələnmələr, cəza alan oyunçular və ya bəlkə də qış fasiləsində bir-iki transferin vacibliyi – uğursuzluğun səbəbləri məhz bu amillərlə bağlıdır. Üstəlik, dediyim kimi, birbaşa rəqib olan “Araz-Naxçıvan”a qarşı əldə olunan nəticələr də mənfi idi. Bu baxımdan, Berdıyevin ötən mövsüm uğurlu olub-olmadığını ən düzgün şəkildə “Turan Tovuz” rəhbərliyi qiymətləndirə bilər.

– Gələn mövsümdə “Turan Tovuz”dan gözləntiniz nədir? Sizcə, bu dəfə avrokuboklara vəsiqə qazanmağı bacaracaqlar?

– Bəli, “Turan Tovuz” ötən mövsüm hədəfinə çata, avrokuboklara vəsiqə qazana bilmədi. Bu, bir reallıqdır. Qarşıdakı mövsüm üçün atılacaq ən vacib addım keçən sezonun çox detallı şəkildə təhlil olunmasıdır. Düzgün analiz yeni mövsümdə komandanı uğura aparan yol ola bilər. Xüsusilə də eyni baş məşqçi ilə davam edildiyi üçün bu, şübhəsiz ki, üstünlükdür. “Turan Tovuz” azarkeşlərini də unutmaq olmaz. Onların gözləntilərinə cavab vermək mütləqdir. Əgər stadionun dolmasını istəyirlərsə, həm oyunun keyfiyyətini yüksəltməli, həm də avrokuboklara vəsiqə qazanmalıdırlar. Əks halda, azarkeşləri məmnun etmək mümkün olmayacaq.

– Növbəti mövsümdə Azərbaycan Premyer Liqasında 12 komanda mübarizə aparacaq. Sizin ölkəmizdə çalışdığınız dövrdə rəqib kimi qarşılaşdığınız Yevlax və İmişli təmsilçiləri də yenidən Premyer Liqada yer alacaq. Sizcə, “Karvan” və “İmişli” liqaya daha çox həyəcan qatacaq?

– “Karvan” və “İmişli”nin Premyer Liqaya qayıtması çox sevindirici hadisədir. Ümid edirəm ki, “Şəmkir” də ən qısa zamanda yüksək dəstəyə çıxar. Bu mövzuda AFFA-nı təbrik edirəm, çünki Azərbaycan çempionatı, demək olar ki, Bakı liqasına çevrilmişdi. Futbolu bütün rayonlara yaymaq lazım idi və bu, liqanın populyarlaşması üçün önəmlidir. Amma çempionatın keyfiyyətini də düşünmək lazımdır, yəni rəqabət olmalıdır. Çünki keyfiyyət ancaq düzgün rəqabətlə yaranır. Azərbaycan kimi ölkələrdə adətən 10 və ya 12 komandadan ibarət liqalar olur. Mən keçən il Albaniyada çalışmışam, orada da 10 komandalı liqadır. Albaniyada axırdan ikinci yeri tutan komanda da aşağı liqaya düşür, səkkizinci yeri tutan isə pley-off oyunu keçirir. Bu isə liqanı daha maraqlı və rəqabətli edir. Daha önəmlisi isə odur ki, bu, çempionatın “fair-play” ruhuna çox kömək edir, çünki oyun alverinin qarşısını alır.

– Bəs, əsas problem nədir?

– Azərbaycanda ən böyük problem Premyer Liqadan sonrakı liqaların zəif olmasıdır. AFFA mütləq həmin liqaların güclənməsinə önəm verməlidir. Oradakı keyfiyyət, əlbəttə, Premyer Liqanın keyfiyyətinə də təsir edəcək. Məncə, 12 komandadan ibarət liqa Azərbaycan üçün ideal sayıla bilər. Amma vurğuladığım kimi, çempionatın keyfiyyətinin yüksəldilməsi üçün lazım olan addımlar da mütləq atılmalıdır.

– Bu il avrokuboklarda iştirak edəcək təmsilçilərimizdən gözləntiləriniz nədir? Sizcə, “Qarabağ”, “Sabah”, “Zirə” və “Araz-Naxçıvan” komandalarından hansıları liqa mərhələsinə (keçmiş qrup mərhələsi) vəsiqə qazana bilər?

– Bu mövzuda yenə lokomotiv rolunu “Qarabağ” oynayacaq. Qəbul etmək lazımdır ki, onlar da əvvəlki uğurlarından bir qədər uzaqlaşmışdılar. Təbii ki, bu uğurun davamlılığını təmin etmək asan iş deyil. Hər il gedən və yeni gələn oyunçular olur. Onların həm sosial, həm də taktiki cəhətdən komandaya uyğunlaşması tələb olunur və bu, asan məsələ deyil. Bu hal daha böyük komandaların da başına gəlir. Məsələn, “Mançester Siti” eyni məşqçi ilə bir neçə il əvvəl böyük uğurlar qazanırdı, amma bu il əvvəlki nəticələrindən uzaq qaldı. Ümid edirəm ki, çox sevdiyim Rəşad Sadıqovun çalışdırdığı “Zirə” bu il daha böyük uğurlar əldə edəcək. Ən azı, mənim gözləntim bu istiqamətdədir, çünki həm Rəşad gündən-günə daha çox təcrübə qazanır, həm də klub rəhbərliyinin bu sahədə iştahı artır. Ümid edirəm ki, “Sabah” və “Araz-Naxçıvan” da uğur qazanacaq və Azərbaycana UEFA reytinqində xallar gətirəcəklər. Unutmayaq ki, klublar nə qədər uğurlu olarsa, Azərbaycan millisi də bir o qədər fayda görər. Avrokubokda iştirak edəcək komandalara uğurlar arzulayıram. Ümid edirəm ki, ən qısa zamanda yenidən Azərbaycanda işləmək fürsəti qazanaram. Çünki öz beynəlxalq təcrübəmlə Azərbaycan futbolunun inkişafına böyük töhfələr verə bilərəm.

FƏRİD

Shares: