“Zirə”nin kapitanı Qismət Alıyevin futbolinfo.az saytına müsahibəsi

– Türkiyədəki hazırlıq prosesi necə keçir? Komanda avrokuboklara istədiyi kimi hazırlaşa bilir?

– Toplanışımız məşqçilərin planı üzrə gedir. Bakıda start verdik, komanda şəklində istəklə məşqlərə başladıq. Hamımız böyük motivasiya ilə hazırlaşırıq. Toplanışmızı Türkiyədə davam etdiririk. Burada daha çox hazırlıq matçları keçirəcəyik. Komandada hər şey öz qaydasındadır. Keçirəcəyimiz yoldaşlıq görüşləri bizə fayda verəcək.

– Konfrans Liqasının ikinci təsnifat mərhələsində rəqibiniz olan Xorvatiyanın “Hayduk” klubu haqqında hansı məlumata sahibsiz?

– Rəqib haqqında məlumatları məşqçilərimiz bizə çatdırır. Yeni baş məşqçi təyin ediblər. Onları oyunlarımıza qədər daha yaxından tanıyacağıq. İndi fikrimizi ancaq özümüzə yönəltmişik. Bizim üçün önəmli olan yoldaşlıq matçları və bu matçlarda optimal formamızı yığmaqdır.

– Daha asan komanda istəyərdiz, yoxsa elə “Hayduk” münasib rəqibdir?

– Avrokuboklarda rahat rəqib olmur. Hər biri öz çempionatında yaxşı çıxış edir ki, daha sonra qitə turnirlərinə qatılır. Bizim işimiz rəqib seçmək deyil. Meydanda inamlı çıxış edib uğur qazanmaq istəyirik.

– “Zirə” ötən il avrokuboklarda inamlı çıxışı ilə diqqət çəkdi. Bu il isə hər kəs sizdən daha yaxşısnı gözləyir. Qrup mərhələsinə düşmək mümkün görünür?

– “Zirə” olaraq biz də daha böyük uğur qazanmaq istəyirik. Ötən mövsüm Konfrans Liqasında pley-offa qədər irəlilədik. Bu il də hədəfimiz mərhələləri keçib daha yaxşı nəticə əldə etməkdir. Bizi “Hayduk”la çətin matçlar gözləyir. Qalanını ondan sonra düşünə bilərik.

– Heyətdəki dəyişikliklər komandaya nə dərəcədə təsir edəcək?

– Komandada dəyişiklikər oldu. Gedənlər də oldu, yeni qoşulanlar da var. Yeni gələnlər komandaya uğurla adaptasiya olduar. Hər biri çox yüksək motivasiya ilə gəlib. Fikrimcə, onların bizə böyük faydası olacaq. Hər şeyi zaman göstərəcək.

ABBAS

Shares: