“Şamaxı”nın portuqaliyalı yeni transferi Dioqo Balaunun futbolinfo.az saytına müsahibəsi
– “Şamaxı”ya gəlişiniz necə baş tutdu? Digər təklifləriniz də var idi? Nəyə görə məhz bu kluba keçməyi üstün tutdunuz?
– “Şamaxı”ya keçidim agentim sayəsində baş tutdu. O dedi ki, mənimlə maraqlanan bir klub var, nəticədə bura gəldim. Bəli, başqa variantlarım var idi, digər ölkələrdən də təkliflər almışdım. Amma mən daha çox Azərbaycana gəlməyə köklənmişdim. Təklif alan kimi ilk olaraq hazırkı komanda yoldaşım, qapıçı Rikardo Fernandeslə məsləhətləşdim. Nəticədə “Şamaxı”ya keçməyə qərar verdim, çünki keçən mövsüm Premyer Liqada yaxşı çıxış etdiklərini düşünürəm. Bundan əlavə, Ayxan Abbasovun çox güclü mütəxəssis olduğuna, oyunumu inkişaf etdirməyimə yardımçı olacağına əminəm.
– Azərbaycan futbolu haqda hansı informasiyaya sahibsiniz? Bizim klublardan hansıları tanıyırsınız?
– Əslində, Azərbaycandakı bəzi klublar haqqında məlumatım var idi. Mən futbolu çox sevirəm, ona görə də digər ölkələrin klubları haqqında da daim maraqlanıram. Amma Portuqaliyada ən çox “Qarabağ” haqqında eşitmişdim. Yəqin ki, bu, “Qarabağ”ın son illərdə Portuqaliya klubları ilə oyunlar keçirməsi ilə əlaqədardır.
– Azərbaycan çempionatında oynayan və ya vaxtilə oynamış portuqaliyalı futbolçulardan kimləri tanıyırsınız?
– Tanış adlar var, amma şəxsi tanışlığımız yox idi. “Şamaxı”ya keçənə qədər Leandro Andrade, Tiaqo Silva və Rikardo Fernandes haqqında eşitmişdim.
– Yeni klubunuza və yeni çempionata, həmçinin ölkəyə uyğunlaşmaq üçün sizə nə qədər vaxt lazım olacaq?
– Mümkün qədər tez uyğunlaşacağıma ümidliyəm. İnanıram ki, komanda yoldaşlarımın köməyi ilə bu proses sürətli keçəcək.
– “Şamaxı” ötən mövsümü 7-ci pillədə tamamladı. Yeni sezonda daha yaxşı nəticəyə imza ata biləcəksiniz?
– Bəli, ümid edirəm ki, belə olacaq. Yeni transferlər mövcud heyətə dəstək olmaq üçün gəliblər. Məqsəd birlikdə ən yaxşı nəticələrə imza atmaqdır.
– Məqsədiniz ölkəmizdə uzun müddət futbol oynamaqdır, yoxsa Azərbaycan çempionatından tramplin kimi faydalanmaq niyyətindəsiniz?
– İlk məqsədim vaxtı gələndə hazırkı sözləşməmin müddətini uzatmağa nail olmaqdır. Komandaya hədəflərinə çatmaqda kömək etmək və mümkünsə, liqada iz qoymaq istəyirəm.
CAVAD






