“Sumqayıt”ın yeni baş məşqçisi Saşa İliç Azərbaycan çempionatları tarixinin 5-ci serbiyalı çalışdırıcısı olacaq.
Futbolinfo.az saytının məlumatına görə, 7 ildən sonra ilk dəfə bu ölkə vətəndaşı Premyer Liqamızda fəaliyyət göstərəcək.
Azərbaycana səfər edən ilk serbiyalı məşqçi Peter Kurçubiç olub. O, 2005/2006 mövsümünün gedişində “Olimpik”in sükanı arxasına keçib. Həmin mövsümə Stepan Çordaşla başlayıb, Camalədin Əliyevlə davam edən “Olimpik”i son 19 turda məhz Kurçubiç meydana çıxarıb. Komanda sonda 14 iştirakçı arasında 12-ci yeri tutub və serbiyalı ilə yollar ayrılıb.
2007/2008 mövsümündə “Masallı”nın heyətində Miroslav Saviç adlı futbolçu yer alıb. Çempionatda cəmi 1 matçda meydana çıxan Saviç 1 görüşdə də baş məşqçi qismində komandanı meydana buraxıb. Qəhrəman Əliyevin istefasından sonra məhz serbiyalı bir görüşdə komandaya rəhbərlik edib. Ondan sonra Fazil Əsədov baş məşqçi postuna gətirilib. “Masallı” həmin mövsüm 14 komanda arasında 10-cu olub.
Azərbaycan Premyer Liqasının növbəti serbiyalısı Milinko Pantiç olub. O, 2013/2014 mövsümündə “Bakı”ya rəhbərlik edib. Paytaxtın eyniadlı komandası çempionatda 5-ci yeri tutunca Pantiç də yola salınıb.
İliçə qədər ölkəmizdə çalışmış sonuncu serbiyalı məşqçi Mladen Milinkoviç idi. Milinkoviç 2018/2019 mövsümünün əvvəlində “Keşlə”nin “sükanı arxasına” gətirilib. Lakin o, cəmi 8 tur tab gətirə bilib. 9-cu turdan etibarən baş məşqçi postu Tərlan Əhmədova tapşırılıb. “Keşlə” isə 8 komandalı çempionatda sonuncu yeri tutub.
U-21-də fiasko yaşayan Milan Obradoviçi də nəzərə alsaq, serb məşqçilər Azərbaycanda heç vaxt uğurlu ola bilməyib.






