Samir Abasovun gedişindən sonra Vaqif Cavadova tapşırılan “Sumqayıt” ötən mövsüm ümidləri doğrultmadı. Komanda hətta mövsümün gedişində ardıcıl 11 oyunda qol vurmadı. Doğrudur, Cavadov sonradan “Sumqayıt”ı vəziyyətdən çıxarıb onu elitada saxlaya bildi. Amma “gənclik şəhəri”nin komandası mövcud imkanlarla Premyer Liqada yerini qorumaq üçün oynamamalıdır axı.
Klub rəhbərliyi vəziyyəti düzəltmək üçün planlar qurmağa başladı. Hər nə qədər iki yerli mütəxəssislə avrokuboklarda oynasalar da, qeyri-sabitlik onları əcnəbi axtarışına sövq etdi. Doğrudur, belaruslu Aleksey Baqa ilə fiasko ilə üzləşiblər. Amma bu o demək deyil ki, “tilova ancaq xırda balıqlar” düşəcək. “Qızıl balıq” axtarışına çıxan Riad Rəfiyev “Qalatasaray”dan yaxşı tanıdığımız Saşa İliçi Xəzər sahilinə gətirə bildi. İndi Aleksandr Sergeyeviç Puşkinin qələmə aldığı nağıldakı kimi “Sumqayıt”ın “kasıb daxması” saraya çevrilə biləcəkmi? Bunu gələcək zaman göstərəcək. Biz isə İliçə qiymət vermək üçün onun keçmiş zamanına yollanırıq.
1977-сi il dekabrın 30-da keçmiş Yuqoslaviyanın, indiki Serbiyanın Pojarevaç şəhərində dünyaya gələn Saşa İliç uzun illər boyunca “Partizan” klubunun aparıcı futbolçularından biri olub. O, həm gənclər, həm də əsas komandada çıxış etdiyi 20 ildən artıq müddət ərzində klubun tarixində ən çox oyun keçirən futbolçuya çevrilib. Rəsmi və yoldaşlıq görüşləri daxil olmaqla, 800-dən çox matçda “Partizan” formasını geyinmiş İliç, bu dövrdə komandası ilə 18 titul qazanıb. Onun qazandığı titullar arasında 11 ölkə çempionluğu və 7 ölkə kuboku var. Avrokuboklarda əfsanəvi kapitan öz adını tarixə yazdırıb. O, Avropa turnirlərində 113 dəfə “Partizan”ın heyətində meydana çıxmaqla bu sahədə də klubun rekordçusudur.
Təbii ki, biz onu 2005-07-ci illərdə “Qalatasaray” futboçusu kimi də tanıyırıq. Serbiyalı oyunçu İstanbul klubunun heyətində keçirdiyi 59 oyunda 22 qol vuraraq “sarı-qırmızılı” azarkeşlərin sevimlisinə çevrilib. İliç karyerasının müxtəlif illərində “Selta”, “Zaltsburq” və “Larissa” komandalarında çıxış edib.

Serbiya millisinin heyətində də İliç aparıcı futbolçulardan biri olub. 2000-2008-ci illər arasında Saşa ölkəsinin üç fərqli ad altında çıxış edən yığmalarının formasını geyinib və ümumilikdə 37 oyun keçirib, 4 qol vurub. Bu qollardan biri 2006-cı ildə keçirilən Dünya Çempionatına təsadüf edib. İliç Serbiya və Çernoqoriya millisinin heyətində Kot d`İvuar yığmasının qapısına yol tapıb.
Saşa İliç məşqçilik fəaliyyətinə 2019-cu ildə Serbiyanın U-17 millisində Dejan Brankoviçin köməkçisi kimi başlayıb. Bu vəzifəni qısa müddət – avqustdan sentyabradək icra etdikdən sonra ölkəsinin U-16 yığmasına baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında bu komanda iki yoldaşlıq oyunu keçirib – birində heç-heçə oynayıblar, digərində isə məğlubiyyətlə üzləşiblər.
Elə həmin ilin oktyabrında İliç Serbiya U-21 millisində fəaliyyətə başlayıb. Burada əvvəlcə İliya Stolitsaya, daha sonra isə Nenad Milovanoviçə assistentlik edib. Bu mərhələ onun milli komandalar sistemində daha təcrübəli adlarla yanaşı çalışma imkanı əldə etdiyi bir dövr olub və İliç bu vəzifəni 2020-ci ilin avqustunadək davam etdirib.
2021-ci ilin martında isə İliç daha bir mühüm fürsət əldə edib. “Əfsanəvi partizan” Serbiya milli komandasının baş məşqçisi Draqan Stoykoviçin korpusuna daxil olub. Onunla birgə çalışdığı bu qısa mərhələ avqusta qədər davam edib.
Elə həmin ilin avqustunda Saşa İliç baş məşqçi kimi ilk klub təcrübəsini yaşamaq üçün Serbiyanın “Çukariçki” komandasının “sükanı arxasına” keçib. O, iş başına keçdiyi zaman “Çukariçki” çempionatda 5 turdan sonra cəmi 7 xala malik idi. İliçin rəhbərliyi altında komanda mövsümü 3-cü pillədə başa vuraraq UEFA Konfrans Liqasına vəsiqə qazanıb. Ölkə kubokundakı çıxışları isə erkən başa çatıb – elə ilk mərhələdə mübarizəni dayandırıblar. Ümumilikdə, onun başlılığı altında “Çukariçki” keçirdiyi 27 oyunda 12 qələbə, 11 heç-heçə və 4 məğlubiyyətlə yadda qalıb.
2022-ci ilin iyununda isə İliç xaricdə ilk baş məşqçilik təcrübəsini yaşamaq üçün Bolqarıstanın köklü klublarından olan Sofiya ÇSKA-sının təklifini qəbul edib. Bu, onun ən uğurlu mərhələlərindən biri hesab edilə bilər. Mövsüm ərzində 44 oyunda komanda 30 dəfə qələbə qazandı, 7 dəfə heç-heçə etdi və yalnız 7 dəfə uduzub. ÇSKA Bolqarıstan liqasını çempion “Ludoqorets”dən 1 xal fərqlə geridə başa vuraraq ikinci yeri tutub və Avropa Liqasına vəsiqə qazanıb. Ölkə kubokunda isə “hərbiçilər” onun başçılığı altında 1/4 finala qədər irəliləyə bilmişdilər.
İliçin sonrakı dayanacağı Yunanıstanın “Atromitos” klubu olub. O, burada 2023-cü ilin oktyabrından 2024-cü ilin mayınadək çalışıb. Saşanın rəhbərliyi altında komanda 28 oyuna çıxaraq 10 qələbə qazandı, 11 dəfə heç-heçə etdi və 7 məğlubiyyət alıb. “Atromitos” əsas mərhələdə ilk “altılığ!a düşə bilməyib və mövsümün ikinci mərhələsində aşağı səviyyəli komandalar arasında 5-ci yeri tutaraq ümumi sıralamada 11-ci olub.

2024-cü ilin mayında İliç Rusiyanın “Pari Nijni Novqorod” klubunun baş məşqçisi təyin olunub. O, 2023/24 mövsümünün son mərhələsində, yəni 27-ci turda komandanın “sükanı arxasına” keçib. Nijni novqorodlular o zaman 11-ci yerdə qərarlaşmışdı və mövsümün sonunda 13-cü pilləyə qərar eniş etdi. Buna baxmayaraq, pley-off mərhələsində “Arsenal”a qalib gələrək Premyer Liqadakı yerini qorudular. 2024/25 mövsümündə isə cəmi 11 turdan sonra klub onunla yollarını ayırıb. Bu dövrdə keçirilmiş 22 oyunda komanda 4 qələbə, 4 heç-heçə və 11 məğlubiyyətlə yadda qalıb.
İliç istefaya göndəriləndə “Pari NN” turnir cədvəlində 11-ci pillədə idi. Onun gedişi bəzi rusiyalı futbol ekspertləri üçün gözlənilməz qərar kimi qiymətləndirildi. Bu müddət ərzində işsiz qalan 47 yaşlı mütəxəssis “Sumqayıt”ı ayağa qaldrımağa çalışacaq. Hər halda, maraqlı təyinatdır. Gördüyünüz kimi, İliçin məşqçilik karyerası o qədər yaxşı alınmayıb. Amma gənclərlə işləyib, yaxşı klub təcrübəsi var. Sadəcə, son iki komandasında işləri istədiyi kimi getməyib. İndiki məqamda bizə gözləmək və uğur arzulamaq qalır.
ABBAS






