“Sabah”ın xorvatiyalı yarımmüdafiəçisi İvan Lepiniça Avropa Liqasının 1-ci təsnifat mərhələsində Sloveniyanın “Çelye” klubuna 2:3 hesablı məğlubiyyətdən sonra futbolinfo.az saytının suallarını cavablandırıb.

– Matç barədə düşüncələrin necədir? Niyə uduzdunuz?

– Oyuna yaxşı başlamışdıq. İlk hissədə demək olar ki, rəqibdən üstün oynadıq. Qol epizodları yaratdıq, çoxlu hücumlarımız oldu. Nəticəsi də göz qabağında idi. İlk yarını 2:1 hesablı üstünlüklə bitirdik.

– İkinci hissədə nə dəyişdi?

– Bilmirəm, amma meydanda yaxşı deyildik. İstədiyimiz kimi oynamadıq. Rəqibə təzyiq göstərə bilmədik. Son xəttdə də uğurlu deyildik. Düşünürəm ki, bunun nəticəsi kimi qollar buraxdıq.

– Mövsümün əvvəli olduğu üçün tam formada olmadığınızı demək olar?

– Bu hər zaman belə olur. Mövsümöncəsi tam formada olmamaq normaldır. Rəqiblərin də oyun tərzini bilmirsən, necə oynadığı haqqında məlumat olmur. İlk matçda çox şey ola bilər. Biz artıq ilk oyunu geridə qoyduq və səfər matçına hazırlaşmalıyıq. İndi onlar haqqında daha çox məlumata sahibik.

– Hücum futbolu oynamaq sizin üçün daha yaxşıdır?

– Hər məşqçinin öz taktikası var. Bizim yeni məşqçinin taktikasına adaptasiya olmalıyıq. Son iki həftədə yaxşı hazırlıq keçdik. Düşünürəm ki, getdikcə daha yaxşı olacaq.

– Geridönüş edə biləcəksiz?

– Fikrimcə, bunu bacara bilərik.

– “Çelye” gözlədiyiniz kimi komanda idi?

– Əlbəttə, eyni idi. Onlar topu özlərində daha çox saxlamağa, hücumlar etməyə çalışan komandadır. Bunu öncədən də bilirdik. Səfər matçında biz də daha çox şey göstərməyə çalışacağıq.

ABBAS

Shares: