“Sabah” dünən avrokubokların cari mövsümündə uğurlu starta çox yaxın idi. Tarixində ilk dəfə Avropa Liqasında yarışan “bayquşlar” güclü rəqibindən çəkinmədi, 90 dəqiqə boyunca irəli atıldı. Hesabda iki dəfə önə keçməsi hər nə qədər bunu təsdiqləsə də, üstünlüyü qoruya bilməyib sonda meydanı məğlub tərk etməsi “Sabah”da çatışmazlıqların olmasından və “Çelye”nin gücündən, təcrübəsindən xəbər verir.
Hamını çaş-baş salan formalar
Matçda ilk diqqət çəkən məqam komandaların meydana oxşar rəngli formalarla çıxması idi. “Sabah” meydan sahibi olduğu üçün ilk forma seçimi onlarda idi. Bu mənada, heç kim dünənki rəng oxşarlığına görə paytaxt klubunu qınaya bilməz. Məsələ burasındadır ki, matçdan sonra keçirilən mətbuat konfransında “Çelye”nin çalışdırıcısı Albert Riera da bu məsələ ilə bağlı narazılığını dilə gətirib: “Hər iki klubun formaları tünd rəngdə idi. Oyunçularım meydanda çaşqınlıq yaşayırdılar. Qazaxıstandan olan baş hakimə dedim ki, narıncı formalarımız da var. Amma mənim işim deyil ki, hakimə bunu qeyd edim. Hakim öz işini yaxşı bilməlidir. Komandalar meydanda oxşar formada oynayırdı. Qazaxıstan və Azərbaycan arasında yaxınlıq var. Sloveniyada işləyirəm, Avstriyadan olan hakimin oyunumuzu idarə etməsini istəməzdim”.
Rieranın haqlı iradı, yersiz eyhamı
Göründüyü kimi, Riera da ən azı bizim, oyuna tribunadan və televiziya qarşısında baxan azarkeşlər qədər bu məsələdən narazı qalıb. Hakimi günahlandırmaqda da haqlıdır. Çünki buna məhz referi imkan verməməliydi. Amma sonrakı kəlmələri ilə sanki bu məsələnin bizə, “Sabah”a xidmət etdiyinə eyham vurub. Nahaq yerə! Formaların rəng oxşarlığı oyuna baxan hər kəsdə və “Çelye”nin futbolçularında çaşqınlıq yaratdığı kimi, “Sabah”ın da üzvlərinə mənfi təsir göstərirdi. Necə ki, meydançanın ot örtüyünün vəziyyəti, topun keyfiyyəti və digər bu kimi hallar hər iki komandanın oyununa təsir edir, deməli, bu məsələnin də “Sabah” üçün düşünüldüyünü düşünmək absurddur.
Əla başlanğıc, qısa çəkən sevinc
Oyunun startı “Sabah” üçün əla idi. Ötən mövsüm Konfrans Liqasında 1/4 finala qədər irəliləyən “Çelye” ilə matçda bu cür başlanğıc bizə xoş sürpriz oldu. Ancaq qonaqlar sevincimizi doyunca yaşamağımıza imkan vermədilər və cəmi 4 dəqiqə sonra müdafiənin arxasına atılan ara ötürməsindən sonra qol vurdular.
18-ci dəqiqədə penaltini dəqiq yerinə yetirməklə dubl edən Pavol Şafranko “Sabah”ı yenidən hesabda önə çıxartdı. Düzdür, bu dəfə sevincimiz çox qısa çəkmədi, meydan sahibləri fasiləyə 2:1 hesablı üstünlüklə yollana bildilər. Ancaq ikinci yarının startından cəmi 3 dəqiqə sonra “Çelye” oyunda ikinci dəfə status-kvonu bərpa etdi. Müdafiə xəttinin yenə gözdən qaçırdığı Franko Kovaçiç bu dəfə başla fərqləndi.
Müdafiəçilər arasındakı anlaşma problemi
Yeri gəlmişkən, dünən “Sabah”ın müdafiə xəttindəki anlaşılmazlıq açıq şəkildə nəzərə çarpdı. Hardasa başadüşüləndir. Çünki ötən mövsüm “bayquşlar”ın əsas müdafiəçilərindən olan Con İrasabal və Sofian Çakla ilə yollar ayrıldı, əvəzində Stiv Solvet və Akim Zedadka komandaya cəlb edildi. Solvet və ya Zedadkanın fərdi baxımdan pis oyunçu olduğunu deyə bilmərik. Xüsusən, Solvet istəkli və keyfiyyətli futbolçu olduğunu ilk rəsmi matçdaca göstərə bildi. Ancaq “Sabah”ın müdafiə xəttində ümumi anlaşma hələ ki aşağı səviyyədədir. Buraxılan hər 3 qol da bundan xəbər verir.
Qaçan fürsət və “soyuq duş”
Əslində, “Sabah” ikinci hissədə də pis təsir bağışlamadı. Təmsilçimizin qol vurmaq üçün xeyli sayda imkanı oldu. Ancaq nə Coy-Lens Mikels, nə də Cesse Sekidika əlinə düşən imkanı dəyərləndirə bildi. Xüsusən, Mikels hələ əsl formasında deyil.
Oyunun sonu matçın gedişatı kimi dramatik oldu. 79-cu dəqiqədə “Çelye”nin cərimə meydançası daxilində top rəqib müdafiəçinin əlinə dəysə də, Rieranın eyham vurduğu qazaxıstanlı hakim penalti nöqtəsini göstərmədi.
90+1-ci dəqiqədə “Sabah” yüz faizlik qol imkanını qaçırdı. Oyuna sonradan daxil olan Zinədin Uld Xaled yaxın məsafədən başla qapını dəqiq nişan ala bilmədi. Əvəzində “Çelye”də 3 dəqiqə öncə oyuna qoşulan Darko Hrka son saniyələrdə başla fərqlənərək, “Sabah”a “soyuq duş” yaşatdı.
Cavab oyunu öncəsi müsbət elementlər
Görüşə qədər rəqibin ötən mövsümkü uğurlu çıxışının tez-tez vurğulanması və bu səbəbdən aşkar favorit göstərilməsi, bəlkə də, əksəriyyəti “Sabah”ın məğlubiyyətinə kökləmişdi. Ancaq dünənki ən azı başabaş oyunu və mübarizəni görəndən sonra yenilgini qəbul etmək heç də asan deyil. Necə deyərlər, iştah diş altındadır.
Valdas Dambrauskas əvvəlki iş yerlərində olduğu kimi, “Sabah”da da uğur qazanmaq istədiyini, rəqibin gücündən çəkinməyərək komandasından hücum futbolu tələb etdiyini dünən bizə göstərdi. “Çelye” ilə matçda iki dəfə hesabda önə keçə bilməsi “bayquşlar”ı Sloveniyadakı cavab görüşünə daha istəklə və inamla hazırlaşmağa sövq etməlidir. Dambrauskasın dediyi kimi, “Sabah” dünən döyüşü uduzdu, amma müharibəni hələ uduzmayıb…
FƏRİD






