“Sabah”ın müdafiəçisi Rəhman Daşdəmirovun futbolinfo.az saytına müsahibəsi

– Avropa Liqasının 1-ci təsnifat mərhələsinin “Çelye” ilə ilk oyununda (2:3) yaxşı təsir bağışlasanız da, yekun nəticə ürəkaçan olmadı. Məğlubiyyətin səbəbini nədə görürsünüz? İki dəfə hesabda önə keçdiyiniz halda, niyə üstünlüyünüzü sonadək qoruya bilmədiniz?

– Çətin oyun olacağını bilirdik. Güclü rəqiblə matçda iki dəfə hesabda önə keçməyi bacarsaq da, təəssüf ki, hesabı qoruyub saxlaya bilmədik. Bizim təhlükəli epizodlarımız daha çox idi. Fikrimcə, məğlubiyyətə layiq deyildik. Bu, sadəcə, ilk hissə idi. Bizi Sloveniyada ikinci hissə gözləyir. Əlimizdən gələni edəcəyik ki, cavab oyununda bizə sərf edən nəticəni əldə edərək mərhələni adlayaq.

– Baş məşqçi oyundan sonra sizə nə dedi, hansı iradları tutdu?

– Baş məşqçi oyunumuzla bağlı öz fikirlərini bildirdi, səhvlərimiz barədə bizi məlumatlandırdı. Hələ heç nəyin bitmədiyini, daha bir vacib 90 dəqiqənin bizi gözlədiyini dedi. Əsas odur ki, nədə səhv etdiyimizi bilirik.

– Gələn həftə Sloveniyada cavab matçına çıxacaqsınız. Səfərdə “Sabah”dan sürpriz gözləməyə dəyər?

– Əlbəttə, futbolda hər şey mümkündür. Fikrimcə, cavab oyununda sərfəli nəticə qazanaraq mərhələni keçə bilərik. Lakin bunun üçün maksimum güc sərf etməli və oyuna maksimum diqqətlə yanaşmalıyıq. Belə oyunlarda kiçik səhvlər həlledici olur.

– Yeni baş məşqçi Valdas Dambrauskas haqda fikirləriniz necədir? Onun tələb etdiyi oyun üslubuna tam uyğunlaşmağınız üçün nə qədər vaxta ehtiyac var?

– Dambrauskas böyük karyeraya malik, təcrübəli və kifayət qədər uğurlu məşqçidir. Belə bir mütəxəssisin rəhbərliyi altında çalışmaq xoşdur. Fikrimcə, ondan öyrənəcəyimiz çox şey var. Uyğunlaşma prosesi isə sürətlə və müsbət şəkildə gedir.

– Yeni transferlər barədə də fikirləriniz maraqlıdır. Onlar “Sabah”ın gücünə güc qata biləcək səviyyədədirlər?

– Onların hər biri yaxşı karyeraya malik futbolçulardır. İnanıram ki, komandanın gələcək uğurlarında böyük rol oynayacaqlar.

– Avropa Liqasında növbəti mərhələyə adlamağı bacarmasanız, hazırkı heyətlə Konfrans Liqasında uzun yol qət edə bilərsinizmi?

– Hazırda yalnız Avropa Liqası barədə düşünürük. Bütün diqqətimizi “Çelye” ilə cavab oyununa yönəltmişik. Ümid edirəm ki, cavab matçından sonra bu sualın cavabına artıq ehtiyac qalmaz.

CAVAD

Shares: