“Sabah”ın Avropa Liqasının I təsnifat mərhələsində evdə “Çelye”yə məğlubiyyəti heç də yerinə düşmədi. Doğrudur, püşk atılarkən rəqibin ötən mövsüm Konfrans Liqasında 1/4 finala qədər irəlilədiyini bildiyimizdən, işimizin asan olmayacağını anlamışdıq. Amma yayda heyətinin bir neçə aparıcı üzvünü itirən bu komandanın yenidən qurulduğunu nəzərə alsaq, Masazır klubunun şans qazanacağına ümid edirdik.
“Sabah”ın da müəyyən problemlərlə üzləşdiyini bilirdik. Ən böyük problem mövsüm başa çatan kimi baş məşqçi Vasili Berezutskinin gedişi və klub rəhbərliyinin yeni çalışdırıcı axtarışına çıxması idi. Valdas Dambrauskas gələn kimi də oyunçularını 5 barmağı kimi tanıya bilməzdi. Ona görə hər iki tərəf müəyyən çətinliklərlə üzləşəcəkdi.
Belə məqamda “Sabah” hücum potensialını nəzərə alıb nəyəsə ümid edə bilərdik. Bakıdakı oyunun gedişində iki dəfə hesabda önə keçməyi bacaran “bayquşlar” rəqibin müdafiə xəttini “xaraba” qoysa da, müəyyən problemlər üzündən nəinki qələbəni əldən verdi, hətta məğlub oldu. Necə oynadıq, necə uduzduq – hamımız gördük. Bizi narahat edən cavab matçında nə edəcəyimizdir.
Təbii ki, Dambrauskasın qarşıdakı oyunla bağlı müəyyən planları var. Onun gözü bizdən daha iti görür. Amma yenə də ənənəmizə sadiq qalıb “Çelye”nin zəif və güclü cəhətlərini nəzərdən keçirəcəyik. Axı, bu rəqibi devirməyin bir yolu olmalıdır.
Ümumiyyətlə, Sloveniya klubu “Sabah”la qarşılaşmada maraqlı taktiki yanaşma və oyun göstəriciləri ilə diqqət çəkdi. Komandanın 4-3-3 taktiki sxemi əsasında qurduğu oyun müəyyən üstünlüklərlə yanaşı, müdafiədəki çatışmazlıqlar və müəyyən boşluqları da ortaya çıxardı.
Çelye” “Sabah”la müqayisədə fiziki cəhətdən daha güclü komandadır. Rəqib meydanda dözümlü və yüksək enerji sərf edən oyun nümayiş etdirir. Bu fiziki üstünlük həm presinq mexanizminin daha səmərəli işləməsinə, həm də uzun müddət tempin aşağı düşməməsinə şərait yaradır. Yarımmüdafiəçilər – Miloş Avdili, Mark Zabukovnik və Mario Kveşiç isə pressinqin ön cəbhəsində aktiv iştirak edərək “Sabah”ın yarımmüdafiəsini sıxışdırmağa çalışırdılar.
Cavab oyununda onların təsir gücünü azaltmaq lazımdır. Fiziki cəhətdən o qədər axsayırıq ki, rəqib planını həyata keçirə bilir. Belə vəziyyətdə komandamıza daha sistemli və sinxron hərəkətlər lazımdır ki, onların mübarizəsini səmərəli şəkildə zəiflədə bilsinlər.
Cavab oyunu ərəfəsində ona ümid edə bilərik ki, “Çelye”nin müdafiə xətti bərbad gündədir. Komandanın mərkəz müdafiəçiləri Damyan Vuklişeviç və Artemius Tutuşkinas oyun ərzində etibarlı təsir bağışlamadılar. Onlar “Sabah”ın hücumlarına qarşı tədbir görə bilmədilər. Bu da Dambrauskasın komandasının təhlükəli qol vəziyyətləri yaratmasına səbəb oldu. Eyni tempi yenə də nümayiş etdirmək lazımdır. Həmçinin sağ cinah müdafiəsində qərarlaşan Xuanxo Nyeto Mikelsə qarşı heç nə edə bilmədi. Bu səbəbdən, “Sabah”ın sol cinahdan hücum quraraq, təhlükəli vəziyyətlər yaratması və asma ötürmələr etməsi “Çelye”nin müdafiəsini çox yordu. Təəssüf ki, ilk oyunda bu imkanlardan istifadə edə bilmədik. Cavab oyununda yenə də zəif yerlərindən yapışmaq lazımdır.
Amma “Çelye”nin hücum xətt haqda ancaq xoş sözlər söyləyə bilərik. Xüsusilə hücumçu Franko Kovaçeviç iki qol vurmaqla komandamızın zəif nöqtələrini üzə çıxartdı. Onun topu yaxşı qəbul edib, sürətli və kəskin qərarlar verməsi “Sabah”a baha başa gəldi. Masazırlılar daha çox “Çelye”nin sol cinah hücumçusu Daniel Şturmun fəallığından əziyyət çəkdi. Cavab matçında ona qarşı da mütləq tədbir görmək lazımdır.
Sağ cinahdakı Nikita İosifov faydalılıq məsələsində ondan da betər idi. Doğrudur, rusiyalı ilk hissədə “yuxuladı”. Fasilədən sonra isə onun qabağını ala bilmədik. Hətta adam bir qol ötürməsi ilə də yadda qaldı.
“Çelye” oyunda kəskin presinq tətbiq etsə də, “Sabah” cavab matçında qısa paslarla və sürətli əks-hücumlarla onların planlarını poza bilər. Bu baxımdan, əks-hücumlarda daha diqqətli olmaq, topu itirdikdən sonra tez müdafiəyə qayıtmaq vacibdir. İlk oyunda əks-hücumlarda onları sanca bilərdik. Çətin ki, cavab matçında onlar arxanı boş qoyub irəli atılsınlar. Bizə də maraqlıdır ki, B planları necə olacaq. Amma komandamıza hücum qurmağa şans versələr, onlardan qorxmağa dəyməz. Bircə, pressinqlərindən sonra topu itirməyək.
Bir də Dambrauskasın ilk oyunda döyüşə atdığı start “11-liy”i o qədər də ideal deyildi. Sekidika, Rahmanaliyyev və Paris cavab matçında start heyətində yer alsa, daha kəsərli hücumlar qura bilərik. Belə oyunlarda doğru heyət işin yarısıdır. İlk oyunda “döyüş”ü uduzduq, ümid edirik ki, müharibədə “zəfər” bizim olacaq.
TAHİR MİRZƏ






