“Şamaxı” ilə icarə müddətim başa çatdı və artıq “Sabah”a qayıtmışam. Bu müddətdə keçirdiyim vaxt mənim üçün çox dəyərli oldu. Buradan “Şamaxı” klubuna minnətdarlığımı bildirmək istəyirəm, çünki inkişafımda onların çox böyük zəhməti oldu”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında Rauf Rüstəmli deyib.
21 yaşlı yarımmüdafiəçi bildirib ki, “Sabah” klubu ilə danışıqlar aparılıb və yeni mövsümdə icarə əsasında başqa komandada çıxış etməsi ehtimalı yüksəkdir: “Sabah”la danışıqlarımız olub. Gələn mövsümü də ehtimal ki, icarə əsasında başqa bir komandada keçirəcəm. Hələ qərar tam dəqiqləşməsə də, bir neçə təklif var və ən çox ehtimal olunan “Sumqayıt” variantıdır. Qərar yaxın günlərdə veriləcək”.
“Şamaxı”da əsas heyətdə oynamaq imkanı qazandığını vurğulayan futbolçu sözlərinə belə davam edib: “Orada çox oyun şansı əldə etdim və bu, inkişafımda böyük rol oynadı. Yeni mövsümdə hansı komandada oynayacağımdan asılı olmayaraq, yenə də əsas heyətdə olmaq və komandama maksimum fayda vermək üçün əlimdən gələni edəcəm. Məqsədim daha çox oynamaq, inkişaf etmək və yenidən milli komandaya dəvət almaqdır. Bu, mənim üçün ən böyük şərəf olar və o hədəfə çatmaq üçün var gücümlə çalışacam”.
GÜNAY SÜLEYMANOVA






