“Sabah” mərhələni Bakıda uduzmuşdu. Masazırda son dəqiqələrdə sloveniyalıların vurduğu qol cütün taleyini erkən həll etmişdi.

Cavab matçında ümumi qələbəni təmin etmək ehtimalı çox az idi. Amma komandanın ümumi oyunu müəyyən ümidlər verirdi. “Sabah” ən azı asan təslim olmayacağının siqnalını vermişdi.

Avropa Liqasının ilk təsnifat mərhələsinin cavab oyunu – Bakıdakı kimi – təmsilçimiz üçün yaxşı başladı. Lakin erkən qolun gətirdiyi üstünlüyü Rəhman Daşdəmrovun peşəkar futbolçuya yaraşmayan bəsit səhvi aradan qaldırdı. Müdafiəçi futbolun əlifbasını öyrənərkən yaddaşına yazmalı olduğu məqamı unutdu, cərimə meydançasında “qanad çaldı” və rəqib penalti sayəsində hesabı bərabərləşdirdi.

“Çelye” 2-ci qol vurduqdan sonra arxayınlaşdı. Valdas Dambrauskasın bu məqamda etdiyi əvəzetmələr fayda verdi və rəqibin kökdən düşməsindən əla faydalandıq. “Sabah”ın ardıcıl iki qolu ilə hesab bərabərləşdi. Bundan sonra oyunboyu üstün olan meydan sahibləri topu ələ keçirərək dominantlıq etməyə başladı.

“Sabah”ın oyunu penaltilərə kimi daşımaq istədiyi aşkar görünürdü. Lakin “Çelye” təzyiqi artırıb layiq olduğu qolu vurdu və haqlı olaraq növbəti mərhələyə adladı. Coy-Lens Mikelsin etdiyi het-trik faydasız olsa da, onun qolları ən azı vacib reytinq xalları gətirdi.

“Çelye” “Sabah”dan üstün idi. Təmsilçimiz xüsusilə fiziki hazırlıq baxımından zəif görünürdü. Bu, Bakıdakı oyunda daha qabarıq görünmüşdü. Sloveniyada komanda nisbətən özünə gəlmişdi. Bu həm ilk matçdam çıxarılan dərsin, həm rəqibin arxayınlaşmasının, həm də təmsilçimizin daha bir həftə məşq etməklə optimal formasına yaxınlaşmasının nəticəsi idi. Dambrauskas komandanın funksional hazırlığını təmin edə bilməyib. Onun vaxtının az olduğu məlumdur, yəqin ki, Konfrans Liqasındakı matçlarda daha yaxşı “Sabah” görəcəyik.

Hər nə qədər rəqib daha güclü olsa da, “Sabah” mərhələni keçə bilərdi. Xırda nüanslarda daha diqqətli olmaq lazım idi. Dünənki matç komandanın hücum potensialının yaxşı olduğunu göstərdi. Təəssüf ki, komanda halında müdafiə olunmaqda qüsurlar var və bu əksini ümumi nəticədə tapdı.

Avropa Liqasına vida etsə də, “Sabah”a ümid bəsləməyə dəyər. Dambrauskas bəsit qol buraxmağın dərmanını tapmalıdır. Paytaxt təmsilçisinin yaxşı heyəti var, baş məşqçi öz oyun üslubunu tez bir zamanda “oturtmalı”, nəticəni təmin etməlidir.

FƏRİD

Shares: