“Sabah”ın hücumçusu Coy-Lens Mikels Azərbaycan futbol tarixinə düşüb.
Futbolinfo.az saytının məlumatına görə, o, avrokuboklarda Azərbaycan klublarının heyətində het-trikə imza atan 5-ci futbolçu olub.
Bu, UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Çelye” ilə səfər oyununda gerçəkləşib. Forvardın 9, 63 və 64-cü dəqiqələrdə qol vurduğu görüş 3:3 hesabı ilə yekunlaşıb və “Sabah” Konfrans Liqasına yuvarlanıb.
Mikelsə qədər klublarımızın heyətində het-trik edən 4 futbolçu da əcnəbi olub. İlk belə uğura Badri Kvaratsxeliya nail olub. Sonradan milliləşdirilən gürcüstanlı 2000/2001 mövsümündə “Şəmkir”in heyətində Çempionlar Liqasının I təsnifat mərhələsində “Skonto” (Latviya) ilə matçda rəqibi 3 dəfə mərkəzə dəvət edib. 2000-ci ilin iyuluna təsadüf edən qarşılaşmada 4:1 hesablı qələbə qazanan “Şəmkir” mərhələni adlamışdı. Badriyə isə het-trik üçün 100 dəqiqə lazım olub. O, əlavə vaxtın oynanıldığı görüşün 9, 90 və 100-cü dəqiqələrində toru silkələyib.
Kvaratsxeliyanın nailiyyətinin təkrarlanması üçün azarkeşlərimiz 14 il gözləməli olublar. Avropa Liqasının 2014/2015 mövsümünün III təsnifat mərhələsində Ernest Nfor “Neftçi”nin heyətində “Çixura” (Gürcüstan) ilə matçda 3 dəfə fərqlənməyə macal tapıb. Onun het-triki sayəsində 3:2 hesablı səfər qələbəsi ilə “ağ-qaralar” növbəti mərhələyə adlayıb.
Avropa Liqasının 2016/2017 mövsümündə bu dəfə “Qəbələ”li Teo Uiks səhnəyə çıxıb. O, I təsnifat mərhələsində Gürcüstanın digər təmsilçisi “Samtredia”nı 5:1 hesabı ilə üstələdikləri ev oyununda het-triklə yadda qalıb.
Son olaraq isə ötən mövsüm “Qarabağ”ın heyətində Juninyo bu siyahıya qoşulub. Braziliyalı Çempionlar Liqasının II təsnifat mərhələsində Cəbəllütariq klubu “Linkoln”u səfərdə darmadağın etdikləri (5:0) qarşılaşmanın birinci hissəsində rəqibi üç dəfə mərkəzə dəvət edib.
Maraqlıdır ki, ilk dəfə Azərbaycan klubunun heyətində futbolçu het-trik etsə də, bu, komandasının mərhələ adlaması üçün kifayət etməyib.






