“Çelye” ilə ilk oyun (2:3) Sloveniya klubunun şişirdiləcək dərəcədə güclü olmadığını, “Sabah”ın rəqibindən geri qalmadığını üzə çıxartmışdı. Bu mənada, Bakı təmsilçisinin Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununda da “asan yem” olmayacağı, vəziyyəti dəyişmək üçün sonadək vuruşacağı gözlənilən idi.
İnsafən, “Sabah” dünən Sloveniya səfərində əlindən gələni etdi. Ən azı, 90 dəqiqəni qalib tamamlayaraq, ümumi hesabı bərabərləşdirməyə nail oldu. Əfsuslar olsun ki, güclü hücum xəttinin fonunda müdafiəçilərin inamsızlığı, arxa xətdə buraxılan fərdi səhvlər “Sabah”ı Avropa Liqasından Konfrans Liqasına yuvarladı.
Şübhəsiz ki, dünən “Sabah”ın “ən zəif bəndi” Rəhman Daşdəmirov idi. Valdas Dambrauskasın müdafiənin sol cinahında şans verdiyi Rəhman oyun başlar-başlamaz kobud səhvi ilə yadda qaldı. Rəqibin hücumunun qarşısını kəsmək istəyərkən “Çelye”nin hücumçusu Kovaçeviçə ötürmə vermiş oldu. “9 nömrə”nin həmin epizodda fərqlənməsinə son anda qapıçı Stas Pokatilov imkan vermədi.
Artıq ilk dəqiqələrdən bəlli oldu ki, “Sabah” yenə də müdafiədəki boşluqların, fərdi səhvlərin əziyyətini çəkəcək. 9-cu dəqiqədə hesabı açmağımız bu fikri bir müddətlik bizdən uzaqlaşdırdı. Anatoli Nuriyevin kornerdən hava ötürməsini Bakıdakı görüşdə zəif təsir bağışlayan Coy-Lens Mikels dəqiq baş zərbəsi ilə qola çevirdi.
Ancaq ilk matçdakı kimi, yenə üstünlüyümüz qısa çəkdi. Yenidən “səhnəyə çıxan” Rəhman Daşdəmirov bu dəfə cərimə meydançası daxilində “əliaçıq” davrandı və qapımıza təyin olunan penaltini Kovaçeviç qola çevirdi.
Daşdəmirov ilk hissənin sonlarında yenidən diqqət mərkəzinə düşdü. Bu dəfə rəqib futbolçu ilə mübarizədə “çatdırmayaraq”, onu ancaq kobudluq hesabına dayandırdı və sarı vərəqə ilə cəzalandırıldı. Bununla ikinci hissədə də meydanda qalarsa, “Sabah”ın işini daha da çətinə salacağının növbəti siqnalını verdi.
İkinci hissə başlar-başlamaz səhv etmək növbəsi Pokatilova çatdı. Düzdür, Stas oyun ərzində bir neçə seyvlə də yadda qaldı. Amma 49-cu dəqiqədə korner zamanı müdafiə xəttinin yadına düşməyən Vuklişeviçin zərbəsi düz üstünə gəlsə də, həmin epizodda həvəskar qolkiper kimi davrandı.
59-cu dəqiqədə Dambrauskasın etdiyi əvəzetmələr oyunun gedişatını dəyişdi. Nəhayət, Rəhmanı meydandan çıxaran litvali mütəxəssis Boyan Letiçlə yanaşı, Cesse Sekidikanı da oyuna qoşdu. Çox keçmədi ki, “Sabah” ardıcıl 2 qol vuraraq, Sloveniyada önə keçməklə yanaşı, ümumi hesabı bərabərləşdirdi – 5:5. Əvvəl Zedadkanın hava ötürməsini əla baş zərbəsi ilə tamamlayan Mikels cəmi 1 dəqiqə sonra rəqib qapısı önündə qarışıqlıqdan məharətlə istifadə edərək het-trikini rəsmiləşdirdi. Mikels bununla ilk oyundakı zəif çıxışını unutduraraq, sanki “günahını yudu”. “Sabah”ın əsas qol silahlarından olan Coy-Lens optimal formasına yaxınlaşdığını isbatladı.
Oyunun əsas vaxtını qalib bitirən “Sabah” son 10 dəqiqədə olduğu kimi, əlavə vaxtda da müdafiəyə çəkilməsinin əziyyətini çəkdi. 108-ci dəqiqədə Yosifovun yaxın məsafədən vurduğu qol “Çelye”ni növbəti mərhələyə daşıdı, “Sabah”ı isə Konfrans Liqasına yuvarladı.
Yeri gəlmişkən, cütün taleyini həll edən qol zamanı Boyan Letiç rəqib futbolçunu “bağlaya” bilmədi. Bu isə o deməkdir ki, “Sabah”a təcili səviyyəli sol cinah müdafiəçisi lazımdır. Bu iş nə avrokuboklara hazır olmayan Rəhmanlıqdır, nə də 33 yaşı haqlayan Letiçlik. Boyan artıq xeyli vaxtdır ki, əvvəlki kimi faydalı ola bilmir. Yəni onun ehtiyatda qalması normaldır, amma Rəhmanın yox, keyfiyyətli müdafiəçinin əvəzləyicisi olmalıdır.
“Sabah”ın hücum xətti kəsərlidir. Hazırda əsas problem müdafiə xətti ilə bağlıdır. Bu mövqeyə cəlb olunan yeni oyunçular ən qısa zamanda adaptasiya prosesini başa çatdırmalı, avrokuboklar səviyyəsində olmayan müdafiəçilərə isə Dambrauskas Konfrans Liqası görüşlərində şans verməməlidir. Heyətə 2-3 yeni və səviyyəli futbolçunun cəlb olunması qaçılmazdır!
Bunlar “Çelye” ilə oyunlara qədər edilsəydi, “Sabah” bu mərhələni adlayan tərəf olardı. Ötən mövsüm Konfrans Liqasında 1/4 finala qədər irəliləyən “Çelye” təmsilçimizdən heç də bir baş üstün deyildi. Sloveniya təmsilçisi “Sabah”ın “dişinə görə” rəqib idi. Sadəcə, buraxılan fərdi səhvlər “bayquşlar”a baha başa gəldi.
Hazırkı “Sabah” qeyd etdiyimiz məqamlar düzələcəyi halda, gələcəyə ümid verən komandadır. Paytaxt təmsilçisi oyundan-oyuna pik formasına çatacaq. Mübarizəni Konfrans Liqasında davam etdirəcək “Sabah” 2-ci təsnifat mərhələsində Moldovanın “Petrokub” klubunu mübarizədən kənarlaşdıracaq gücdədir. Yetər ki, fərdi səhvlər olmasın…
ABBAS






