Ötən mövsüm UEFA Konfrans Liqasında pley-off mərhələsinə qədər irəliləyən “Zirə” bu il də ən azı eyni məsafəni qət etməlidir. Doğrudur, ilk mərhələdə Xorvatiyanın köklü “Hayduk” klubunu adlamaq üçün komandamız çox əziyyət çəkməlidir. Hər halda, bu rəqib ötən mövsüm komandamızın mübarizədən kənarlaşdırdığı “Osiyek”dan daha güclüdür.
Hələ püşk atılarkən, “Hayduk”un qısa təqdimatını vermişdik. İndi gəlib əsas məsələyə çıxdıq. Bu mövsüm rəsmi oyun keçirmədiyindən və heyətində müəyyən dəyişikliklər olduğundan Xorvatiya təmsilçisini tam təhlil etmək bizə çətin olacaq. Nəzərə alaq ki, bir müddət əvvəl Split kubunun baş məşqçisi Cennaro Qattuzo İtaliya millisini çalışdırmaq üçün vətəninə qayıtdığından bu komandanın uruqvaylı yeni çalışdırıcısı Qonsalo Qarsiya ilə necə təsir bağışlayacağını proqnozlaşdıra bilməyəcəyik. Amma ötən mövsümdəki çıxışını və oyunçularının potensialını nəzərə almaqla müəyyən tezislər irəli sürə bilərik.
Ümumi götürdükdə, “Hayduk” heyət baxımından balanslı görünür. Xüsusilə gənc və təcrübəli oyunçuların qarışığı komandanın perspektivini artırır. Qapı xəttində bir neçə alternativin olması rəqabət mühiti yaradır, amma bu mövqedə yüksək səviyyəli, oyunun taleyini dəyişə biləcək bir lider görünmür. Qapıçılar daha çox sabitlik üzərində dayanan, səhvsiz oyun göstərməyə çalışan, lakin ekstravaqant qurtarışlarla fərqlənməyən tiplərdir. Bu da o deməkdir ki, komanda müdafiəni bütöv sistem kimi işləməyə məcburdur.
Müdafiə xətti isə daha çox təcrübəyə söykənir. Burada gənc elementlər olsa da, əsas yük 28-32 yaş arasında olan oyunçuların çiynindədir. Bu oyunçuların əsas üstünlüyü mövqe seçiminə və fiziki möhkəmliyə əsaslanır. Hava toplarında inamlı, ikili mübarizələrdə inadkar, eyni zamanda, oyunun tempini aşağı salaraq səliqəli oynamağa çalışırlar. Lakin dinamikaya və yüksək sürət tələb edən rəqiblərə qarşı müəyyən çətinliklər yaşayırlar. Cinah müdafiəçiləri isə daha çox arxaya meyillidir. Yəni daim hücuma qoşulan ingilislər demişkən, klassik “wing-back” rolu bu komanda üçün xarakterik deyil.
Yarımmüdafiədə isə komanda öz gələcəyini inşa edir. Gənc oyunçuların burada sayı çoxdur və onların arasında potensial baxımından parlayanlar var. Ənənəvi xırda paslarla oyun quran, topa nəzarət etməyə çalışan bir yarımmüdafiə tərzi “Hayduk”un vizit vərəqidir. Bəzi futbolçular dinamizmləri ilə fərqlənir, bəziləri isə oyun intellekti və düzgün qərarvermə ilə diqqət çəkir. Bu xətt həm müdafiəyə kömək edir, həm də hücumları qurmaqda əsas rol oynayır. Lakin yarımmüdafiə tam oturuşmayıb və hələ də bəzi mövqelərdə uyğun tandemlər formalaşmayıb. Bu isə rotasiyanı qaçılmaz edir və oyun stabilliyini müəyyən dərəcədə pozur.
Hücum xətti komandanın nisbi zəif yerlərindən biri sayıla bilər. Burada bir neçə təcrübəli oyunçu var, lakin onların əksəriyyəti ya yaşlanmaq üzrədir, ya da əvvəlki mövsümlərdə ardıcıl məhsuldarlıq göstərə bilməyiblər. Eyni zamanda, gənc hücumçuların sayı artsa da, onların hələ tam püxtələşmədiyi görünür. Bu, komandanın qol imkanlarını bəzən məhdudlaşdırır və epizodlarda fərdi istedaddan çox, yarımmüdafiənin dəstəyinə ehtiyac yaranır. Dayaq hücumçu funksiyasını yerinə yetirən oyunçuların fiziki mübarizələrdəki rolu əhəmiyyətlidir, lakin bu xətt daha çox sürətli cinah oyunçuları ilə dəstəklənməyə ehtiyac duyur. Cinah hücumçularının sürəti olsa da, son toxunuşlar və qərarvermədə müəyyən çatışmazlıqlar diqqət çəkir.
Ümumilikdə, “Hayduk”un mövcud heyəti ilə əsasən sabitlik üzərində qurulan, riskdən çox nizam-intizamı önə çıxaran bir oyun tərzinə malikdir. Komandanın əsas gücü kollektiv oyunda və təcrübəli futbolçuların mövqeyə uyğun bacarıqlarına dayanır. Lakin dinamikliyi və ani partlayışları ilə oyun taleyini dəyişəcək tipli oyunçuların azlığı onları sürətli və çevik komandalara qarşı çətin vəziyyətdə qoya bilər. Buna baxmayaraq, heyətdə olan gənclərin potensialı yaxın gələcək üçün ümidverici mənzərə yaradır.
Hazırda “Hayduk”un heyəti diqqət çəkən individual keyfiyyətlərə malik oyunçularla zəngin olmasa da, bəzi adlar komandanın oyun quruluşunda mühüm rol oynayır və potensial baxımından gələcək vədlər verir. Qapı xəttində İvan Luçiç təcrübəsinə görə bir nömrəli seçim kimi görünür. Onun oyun tərzi daha çox reflekslərə əsaslanır. O, riskə getməyən, müdafiəni arxasında rahat hiss etdirən qapıçılardandır. Lakin müasir futbolda qapıçıların ayaqla oyuna üstünlük verdiyini nəzərə alsaq, Luçiç bu yöndə həmkarlarından geri qala bilər.
Müdafiədə Dario Melnyak və Filip Uremoviç komandanın sabit sütunlarıdır. Melnyak, xüsusilə sol cinahda həm müdafiə, həm də hücum keçidlərində təcrübəsi ilə fərqlənir. Onun ən əsas üstünlüyü oyun oxuma bacarığıdır. Fiziki göstəriciləri optimal olmasa da, düzgün mövqe seçimi və topa ilk müdaxilələrdəki dəqiqliyi ilə müdafiəni yönləndirə bilir. Uremoviç isə daha çox fiziki gücə və hava toplarındakı üstünlüyə əsaslanan stoperdir. Onun mübarizliyi və sərt oyunu komandanın mərkəz müdafiəsində sabitlik yaradır, lakin sürətli hücumçulara qarşı bəzi epizodlarda çətinlik çəkir. Bu xəttə yeni daxil olan və ya özünü göstərməyə çalışan oyunçulardan biri də gənc Marino Skelindir. O, hələlik tam “bişməyib”, lakin mövqelərarası çevikliyi və texniki bacarığı onun gələcəkdə Melnyakın davamçısı edəcək.
Yarımmüdafiə xətti “Hayduk” üçün həm bu gün, həm də sabah deməkdir. Bu bölgədə xüsusilə iki gənc oyunçu diqqət mərkəzindədir: Niko Sigur və Rokas Pukştas. Sigur Kanada vətəndaşı olmasına baxmayaraq, Balkan futbol məktəbinin bütün xüsusiyyətlərini daşıyır. O, meydanın mərkəzində topa nəzarət edən, təzyiqə tab gətirən və oyunun tempini müəyyən edən futbolçudur. Onun ən güclü tərəfi həm müdafiə, həm də hücumda balans yaratmaq bacarığıdır. Pukştas isə daha çox irəli yönümlü yarımmüdafiəçidir. Onun qol vəziyyətləri yaratması və cərimə meydançasına daxilolmaları komandanın hücum variantlarını artırır. Onların arxasında təcrübəli Filip Krovinoviç qərarlaşıb. Xorvatiyalı futbolçu oyunu yönləndirə bilən, dəqiq ötürmələri ilə seçilən və komandanın emosional lideri rolunu oynayan futbolçudur. O, həm də standard vəziyyətlərin icrasında komanda üçün təhlükəli silahdır.
Hücum xəttində lider fiqur kimi Marko Livayadır. 10 nömrəli formanı geyinən Marko təkcə qoleodorluğu ilə seçilmir. “İnter”, “Atalanta” və “Rubin”də çıxış etmiş Xorvatiya millisinin sabiq forvardı həm də hücumu təşkil edən, bəzən topu saxlamaqla yarımmüdafiə ilə hücum arasındakı boşluğu dolduran oyunçudur. Livayanın ən böyük üstünlüyü təcrübəsi və oyun intellektidir. O, fiziki sürət baxımından ön planda olmasa da, texniki qabiliyyəti ilə müdafiələrin ritmini pozmağı bacarır. Cinahlarda qambiyalı Abdoulie Sanyanq sürəti və istəkli oyunu ilə rəqibləri təzyiq altında saxlamağa çalışır. O bəzən tələsik qərarlar versə də, geniş zonaları istifadə etməsi komandanın cinahlardan oyun qurmasına imkan yaradır.
Ən diqqətçəkən gənc hücumçulardan biri isə Bruno Durdovdur. Hələ 17 yaşında olmasına baxmayaraq, artıq əsas komanda ilə bir neçə oyunda meydana çıxıb, hətta qol da vurub. Onun texniki hazırlığı, meydanda cəsarətli qərarlar verməsi və yaşından artıq oyun oxuması gələcəkdə “Hayduk” üçün ciddi dəyərə çevrilə biləcəyindən xəbər verir. Bir sözlə, indiki komandada keçmişi parlaq olan və gələcəkdə böyük klubarda ulduza çevrilə biləcək futbolçuları görə bilərik.
Bir sözlə, püşkdə bəxtimizin gətirdiyini söyləyə bilməsək də, Split klubu keçilməz rəqib deyil. Əminik ki, Rəşad Sadıqov bizim yazdıqlarımızdan daha artıq informasiyaya sahibdir. Videoicmallar və Xorvatiya mənbələrini izləyib müəyyən məqamları “qaşıya” bildik, ümid edirik ki, “Zirə” sözün yaxşı mənasında “qaşınan yeri qanadacaq”.
AĞA






