“Zirə” – “Hayduk” (1:1) oyunundan sonra təmsilçimzin qapıçısı Tyaqo Silva futbolinfo.az saytına müsahibə verib. O, oyunun gedişindən, hədəflərdən danışıb.

– “Hayduk”la matçda komandanızın nəticəsindən məmnun qaldınız?

– Hədəflərimiz aydındır. İlk qarşılaşmanı evdə keçirdiyimiz üçün Xorvatiyaya əlverişli nəticə ilə yollanmaq niyyətində idik. Heç olmasa bir-iki top fərqi ilə qalib gələrək bunu reallaşdırmağı planlaşdırırdıq. Bu mümkün olmasa da, oyunumuzla sübut etdik ki, Avropanın tanınmış klublarına qarşı açıq şəkildə mübarizə apara bilirik. Mövcud vəziyyətdə ümidlər cavab görüşünə yönəlib. Xorvatiyadakı qarşılaşmada uğurlu nəticə üçün maksimum şəkildə köklənməliyik.

– Uzun fasilədən sonra rəsmi oyunda iştirak etdiniz. Özünüzü necə hiss etdiniz?

– Hər bir futbolçunun 4-5 ay meydandan kənarda qaldıqdan sonra geri dönməsi üçün müəyyən qədər özünəinamı bərpa etməsi vacibdir. Etiraf edim ki, psixoloji baxımdan asan deyildi. Sadəcə, məşqlər vasitəsilə özümə güvənimi qaytardım. Baş məşqçimiz Rəşad Sadıqova xüsusi minnətdarlığımı bildirirəm ki, mənə bu inamı verdi. Belə rəqibə qarşı bu səviyyədə mübarizə aparmağımız önəmlidir. Uzun müddət oynamadığımı və ilk görüşün “Hayduk” kimi rəqibə qarşı olduğunu nəzərə alsaq, çıxışımdan razıyam.

– Yay fasiləsində “Zirə”ni tərk edəcəyiniz deyilirdi. Burada qalmağınıza səbəb nə oldu?

– Təbii ki, müəyyən çətinliklər olmuşdu. Amma artıq bunlar geridə qaldı. Keçmişə qayıtmaq istəməzdim. Hazırda “Zirə” ilə müqaviləm qüvvədədir. Biz hamımız peşəkarıq. Sözləşməm davam etdiyi üçün bu komandaya maksimum töhfə verməyə çalışıram.

– Yenə Xorvatiya təmsilçisi ilə qarşılaşırsınız. Azarkeşlər penaltilər seriyasında Tyaqodan ötənilki performansı gözləyə bilərmi?

– Əgər oyun ötən il olduğu kimi əlavə vaxta keçərsə, penaltilərdən yararlanmağa çalışacağıq. Mən də üzərimə düşəni etmək üçün əlimdən gələni əsirgəməyəcəyəm.

– 8-ci km stadionu sizin üçün yad bir arena sayılır. Orada narahatlıq hiss etdinizmi?

– Zirə İdman Kompleksi avrokubok qarşılaşmaları üçün uyğun deyil. Bu səbəbdən də “Neftçi” rəhbərliyinə təşəkkür edirəm ki, bizə bu stadionda oynamaq imkanı yaratdılar. “Zirə” və ya “Neftçi” fərq etməz, nəticədə biz Azərbaycanda – öz meydanımızda oynayırdıq. Qarşıdakı oyunda rəqib 30 mindən çox azarkeşin dəstəyini arxasına alacaq. Bu gün stadiona gələrək bizi dəstəkləyən bütün azarkeşlərimizə təşəkkür edirəm.

– Cavab oyununda şansları necə görürsünüz?

– İlk matç bərabərliklə nəticələndi. Bu gün qalib də gələ bilərdik. Hesab həm bizim, həm də rəqibin xeyrinə dəyişə bilərdi. Hesab edirəm ki, azarkeş faktoru növbəti qarşılaşmada o qədər də həlledici olmayacaq. Əgər bu gün bərabərliklə kifayətləndiksə, səfərdə niyə qələbə qazanmayıq? Azarkeş təzyiqi çox ciddi maneə olmayacaq.

GÜNAY SÜLEYMANOVA

Shares: