“Zirə” Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Hayduk”la ilk oyunundan istədiyi nəticə ilə ayrıla bilmədi. Hər nə qədər avrokuboklarda səfər qolu üstünlüyü ləğv olunsa da, Bakıda qeydə alınan heç-heçə daha çox xorvatların xeyrinədir. Rəşad Sadıqovun komandasını 1 həftə sonra ağır Split səfəri gözləyir.

“Zirə”nin Salifu Suma və Rafael Utziqin yoxluğunu hiss edəcəyi gözlənilən idi. Yeni transferlər Yeqor Boqomolski və Vinsent Tillin zədəli olması ön xətdəki seçim imkanını bir qədər də azaltmışdı. Əsas ümidlər digər yeni transferlərə və özlərini Türkiyə toplanışında yaxşı tərəfdən göstərən Brahim Konate və Abdul Aziz Batibieyə idi.

Rəşad Sadıqov 10 legioner və 1 yerli futbolçuya güvəndiyi əsas heyətdə Konateyə şans verdiyi halda, Batibieni ehtiyat qüvvə kimi saxlamışdı. Görünür, planı 18 yaşlı sürətli futbolçunu matçın sonlarında, “Hayduk”un müdafiə xəttinin yorulduğu məqamda meydana buraxmaq idi. Belə də etdi, ancaq toqolu hücumçu planı yerinə yetirə bilmədi.

Əvəzində Konate ümidləri doğrultdu. “Şamaxı”dan transfer edilən Brahim hiss etdirdi ki, Sumanın gedişindən sonra və Utziq “düyünü” nəticəsində ön xətdə yaranmış boşluğu doldurmaq, liderliyi öz üzərinə götürmək niyyətindədir. Konate “10 nömrə” mövqeyində yer aldığından, 10 nömrəli gürcü futbolçu Georgi Papunaşvili sağ vinger mövqeyinə çəkilmişdi.

“Papu”nun cinahda oynaması effekt vermədiyindən, “Zirə” daha çox sol cinahdan hücuma atılırdı. Sürətli İssa Cibrila və Martins Juniorun yer aldığı həmin cinah “Hayduk”un müdafiə xəttini təzyiqdə saxlayırdı. 31-ci dəqiqədə reallaşan belə hücumların birində Cibrilanın ötürməsindən sonra rəqibin müdafiə xəttinin uzaqlaşdıra bilmədiyi topa Ayron Qomis zərbə vurdu. Qapıya istiqamətlənən topa dabanla toxunan Konate isə estetik qola imza atdı.

Oyunun qırılma nöqtəsi təxminən 5 dəqiqə sonra Brahimin çiynindən zədələnərək matçı yarımçıq dayandırması oldu. Ehtiyat heyətdə Konateni layiqincə əvəzləyəcək futbolçu olmadığından, “Zirə”nin üstünlüyünü sonadək qoruya biləcəyinə şübhə yarandı. Meydana daxil olan Ceyhun Nuriyev nə məşqçisinin, nə də azarkeşlərin etimadını doğrulda bildi.

İkinci hissədə daha sürətli oyuna şahidlik etdik. Sadıqov Konatenin zədələnməsindən sonra axsayan “10 nömrə” mövqeyinə Papunaşvilini çəkdi. Georginin doğma mövqeyinə çəkilməsi doğru addım olsa da, sürətli olmayan Ceyhun Nuriyevin sağ vinger mövqeyində, ümumiyyətlə, kəsərsiz olacağı bəlli idi.

Fasilədən sonra Martins Junior əlverişli fürsəti qola çevirə bilmədi və dəqiqələr keçdikcə “Hayduk” təzyiqi artırmağa başladı. Rəqibin heyətində xüsusən Marko Livaya fəallığı ilə seçilirdi. Sabiq “İnter”linin ustalıq səviyyəsinə rəğmən, “Zirə”nin müdafiə xətti qüsursuz oynayırdı. Ancaq qonaqların təzyiqi artırdığı dəqiqələrdə etibarlı müdafiə xəttimiz də səhvə yol verdi. 68-ci dəqiqədə sol cinahdan cərimə meydançasına kəsərli ötürməni Kalik qola çevirdi. Hesabı bərabərləşdirən “Hayduk” daha bir təhlükəli hücum qursa da, həmin epizodda Tiaqo Silva komandasını qoldan xilas etməyi bacardı.

Konatenin yoxluğunda dəqiqələr keçdikcə adamda elə təəssürat yaranırdı ki, sanki “Zirə” meydanda 10 nəfərlə oynayır. Bunu hiss edən Rəşad Sadıqov 79-cu dəqiqədə birdən-birə 3 əvəzetməyə əl atdı. İsmayıl İbrahimli və Rövlan Muradovu meydana buraxan çalışdırıcı etimadını doğrultmayan Ceyhun Nuriyevi isə Abdul Aziz Batibie ilə əvəzlədi. Nəticədə Nuriyev “Hayduk”la matçda həm əvəzləyən, həm də əvəzlənən futbolçu oldu.

Bu dəyişikliklərdən sonra “Zirə”nin oyununda yenidən canlanma yarandı. “Qartallar” Batibienin sürətindən yararlanmaq üçün rəqibin müdafiə xəttinin arxasına uzun ötürmələr edirdilər. Ancaq Abdul Azizin bacarığından faydalanmaq mümkün olmadı. Matça əlavə olunmuş dəqiqələrdə Rövlan Muradovun cərimə meydançası həndəvərindən “raket” zərbəsinin qarşısını isə dirək aldı və Bakıya xeyli sayda azarkeşlə gələn “Hayduk” Azərbaycanı heç-heçə ilə tərk etməyi bacardı.

Qeyd etdiyimiz kimi, “Zirə”nin cavab matçında işi asan olmayacaq. Düzdür, “Hayduk” gözdə böyüdüləsi rəqib deyil. Ancaq “Zirə”nin heyətlə bağlı problemlərini gördükdə adam narahat olmaya bilmir. Konatenin Splitdəki qarşılaşmada oynamayacağı dəqiqdir, dünənki matçın sonlarında zədələnən Ange Mutsinzinin isə durumu sual altındadır.

Belədə əsas yük Rəşad Sadıqovun üzərinə düşəcək. Heyətdəki problemlərin cavab oyununa mənfi təsirini azaltmaq üçün ağıllı taktika seçmək lazımdır. Ümid edək ki, “Zirə” 1 həftə sonra çılğın splitli azarkeşlərin səsini kəsməyi bacaracaq…

ABBAS

Shares: