Bu gün UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

Futbolinfo.az xəbər verir ki, bu turnirdəki təmsilçilərimiz – “Zirə”, “Sabah” və “Araz-Naxçıvan” da növbəti matçlarına çıxacaqlar.

Əvvəlcə “Sabah” evdə “Petrokub”la (Moldova) qarşılaşacaq. Masazırda keçiriləcək görüşə saat 20:00-da start veriləcək. Oyunu Serbiyadan olan hakimlər briqadası idarə edəcək. “Sabah” Moldovada keçirilmiş ilk oyundan 2:0 hesablı qələbə ilə qayıtdığı üçün mərhələ adlamaq şansları daha yüksək qiymətləndirilir.

“Araz-Naxçıvan” səfərdə Yunanıstanın “Aris” komandası ilə üz-üzə gələcək. Naxçıvan təmsilçisi də doğma meydanda keçirilmiş ilk oyundan qalib ayrılıb – 2:1. Bakı vaxtı ilə saat 22:15-də başlayacaq oyunda şotland hakimlər söz sahibi olacaqlar.

“Zirə” də Xorvatiyanın “Hayduk” komandası ilə cavab görüşünü səfərdə keçirəcək. Bu komandaların Bakıdakı ilk görüşündə qalib müəyyənləşməyib – 1:1. Bakı vaxtı ilə saat 23:00-da başlayacaq qarşılaşmanı italyan hakimlər idarə edəcəklər.

Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsi, cavab oyunları

31 iyul

20:00. Sabah – Petrokub
Baş hakim: Danilo Nikoliç (Serbiya).
“Masazır Arena”.

22:15. Aris – Araz-Naxçıvan
Baş hakim: David Dikkinson (Şotlandiya).
Saloniki. Kleantis Vikelidis stadionu.

23:00. Hayduk – Zirə
Baş hakim: Luka Payretto (İtaliya).
Split. “Polyud” stadionu.

Shares: