Ötən mövsüm “Zirə” Avropa Liqasının I təsnifat mərhələsində mübarizəni dayandırdıqdan sonra Konfrans Liqasında “Osiyek” səddini aşaraq bir mərhələ adlaya bildi. Bu il “Sabah” da eyni ssenarini təkrarladı. Bəxtsizlik nəticəsində “Çelye”yə uduzan Masazır klubu Konfrans Liqasında “Petrokub”u darmadağın etdi.

İndiki məqamda Valdas Dambrauskas ötən il Azərbaycana olan “borcunu qaytara bilər”. Keçən il məhz onun çalışdırdığı “Omoniya” Konfrans Liqasında “Zirə”ni darmadağın edərək komandamızı mübarizəni dayandırmağa məcbur etmişdi. Bu dəfə isə o “Sabah”la daha artığını edə bilər. Hər halda, növbəti mərhələdəki rəqibimiz olan “Levski” ona yaxşı tanışdır. Axı, litvalı mütəxəssis 2021-ci ildə “Ludoqorets”ə çempionluq sevinci yaşadarkən Sofiya klubuna yerini göstərə bilmişdi.

Həmin dövrlə müqayisədə “Levski”də dəyişən bir şey yoxdur. 26 qat Bolqarıstan çempionu 2009-cu ildən bəri çempionluğa həsrət qalıb. Zarafat deyil, son 14 ildə Razqrad klubu çempionluğu heç bir komandaya güzəştə getmir. “Levski”dən sonra hələ “Liteks” də iki dəfə çempion olub.

Son illər qeyri-sabit çıxışı ilə diqqət çəkən Bolqarıstanın ÇSKA-dan sonra ikinci ən titullu komandası qeyri-sabit çıxışı ilə diqqət çəkib. 2015/16  mövsümündən sonra yalnız bu il vitse-çempion olan Sofiya klubu avrokuboklarda da əski günlərini geri qaytarmaq istəyir. Hər halda, onların 2006/07 mövsümündə Çempionlar Liqasında qrup mərhələsinə düşdüyünü unutmamışıq. Bu, həm də Bolqarıstan tarixində ilk belə hadisə idi. Elə “Levski”nin bundan 3 il sonra məhz Çempionlar Liqasının təsnifat mərhələsində “Bakı” ilə düşdüyü və iki oyunun nəticəsinə görə (2:0, 0:0)  təmsilçimizi mübarizədən kənarlaşdırması da yadımıza gəlir.

images 1 - Futbolinfo.az

“Levski”1914-cü ilin mayın 24-də bir qrup lisey şagirdi tərəfindən təsis olunub və Bolqarıstanın milli qəhrəmanı hesab edilən Vasil Levskinin şərəfinə adlandırılıb. “Levski” tarixi ərzində böyük uğurlara imza atıb və ümumilikdə 74 kubok qazanıb. Onların 26 dəfə ölkə çempionu olmasını az öncə xatırlatdıq. Bununla yanaşı, “göylər” eyni sayda ölkə kuboku və 3 dəfə də Bolqarıstan superkubokunun qalibi olub. Sofiya klubu həmçinin 13 dəfə ölkə daxilində daxilində “dubl” və bir dəfə “trebl”lə  yadda qalıb. 1937-ci ildə liqa sistemi yaradıldığından bəri “Levski” Bolqarıstanın ən yüksək liqasını heç vaxt  tərk etməmiş yeganə futbol klubu olaraq qalır.

Beynəlxalq arenada klub UEFA Kubokunun 1/4 finalına 2 dəfə, Kuboklar Kubokunda eyni mərhələyə 2 dəfə yüksəlib. Bundan əlavə, “Levski” Balkan Kubokunda iki dəfə ikinci yerə layiq görülüb.

“Levski” komandası ənənəvi olaraq tam mavi rəngli formada çıxış edir. Bu klub ev oyunlarını Sofiyada yerləşən əfsanəvi bolqarıstanlı futbolçu Georgi Asparuxovun adını daşıyan 17688 yerlik stadionda oynayır. Onların ən böyük rəqibi ÇSKA-dır və bu iki paytaxt klubu arasında keçirilən qarşılaşmalar “Bolqarıstanın Əbədi Derbisi” kimi tanınır. Bundan əlavə, Levski 1915-ci ildən etibarən “Slaviya” ilə “Ən Köhnə Paytaxt Derbisi”ndə də üz-üzə gəlir. Klub həm Avropa Klub Assosiasiyasının, həm də Avropa Çoxidmanlı Klub Assosiasiyasının üzvüdür.

stadion georgi asparuhov04 - Futbolinfo.az

“Levski”nin gənclər akademiyası Bolqarıstanın ən uğurlu “futbolçu fabrikləri”ndən biri sayılır. Bu akademiyanın məşhur “məzun”ları arasında Georgi Asparuxov, Nasko Sirakov, Bojidar İskrenov, Bojin Laskov, Georgi Sokolov, Asen Peşev, Borislav Mixaylov, Emil Spasov, Nikolay İliev, Xristo Yovov, Dimitar İvankov, Xristo İliev, Aleksandar Kostov, Tsvetan Veselinov, Zdravko Zdravkov, Voyn Voynov, Nikolay Mixaylov və başqaları yer alır. 1994-cü ildə keçirilən dünya çempionatında Bolqarıstan yarımfinala yüksələndə millinin heyətində “Levski” nin gənclər akademiyasından yetişmiş 4 futbolçu heyətdə yer almışdı. Bu da milliin heyətində ən yaxşı göstərici idi. 2020-ci ildə “Levski” UEFA-ya üzv 31 ölkənin ən yüksək liqalarında çıxış edən futbolçuların yetişdirilməsi üzrə illik CIES Football Observatory reytinqinə daxil edilmişdir. Bu siyahıda “Levski”nin gənclər akademiyasından 33 futbolçu yer almış və klub Avropada 35-ci yeri tutmuşdur.

Komandanın hazırkı vəziyyətinə gəlincə, son 5 ildə 9 baş məşqçi dəyişən sofiyalıları hazırda 43 yaşlı ispaniyalı mütəxəsis Xulio Velaskes çalışdırır. 1997-ci ildən məşqçiliyə başlayan adıçəkilən məşqçi indiyə qədər 20 komanda dəyişdirib. Onun çalışdırdığı ən məşhur klublar “Vilyarreal” (2012-13), “Betis” (2014) və “Udineze” (2018) olub. Velaskesin son iş yeri də “Saraqosa” olub.

Hazırda onun əlinin altındakı heyətə gəlincə, orada yetərincə legionerlərin olduğunu görərik. Bu mənada komandanın 5 braziliyalı futbolçusunun olduğunu xüsusi vurğulamalıyıq. Amma aralarında demək olar ki, məşhur oyunçu yoxdur. “Levski”nin beynəlxalq təcrübəyə malik yalnız bir əcnəbi futbolçusunun adını çəkmək olar ki, o da Venesuela millisinin 25 yaşlı müdafiəçisi Kristian Makundur. Yerli futbolçulardan yalnız 2-si Bolqarıstan yığmasının üzvüdür. Söhbət qapıçı Svetoslav Vutsov və yarımmüdafiəçi Marin Petkovdan gedir. Həmçinin 33 yaşlı cinah hücumçusu Radoslav Kirilov ara-sıra milliyə dəvət alır.

Bu komandanın oyun dəsti-xətti, üstün və zəif cəhətləri haqda “Sabah”la matç ərəfəsində sizi tanış edəcəyik. Sadəcə, onu deyək ki, “Braqa”ya qarşı keçirdiyi 2 oyunda əsas vaxtda qapısından top buraxmayan komandaya qarşı oynamaq çətin olacaq…

sddefault - Futbolinfo.az

Azərbaycan və Bolqarıstan klubları arasında rəqabət:

17.07.1996 Bakı, Azərbaycan UEFA Kub. Neftçi – Lokomotiv Sofiya 2:1

24.07.1996 Sofiya, Bolqarı UEFA Kub. Lokomotiv Sofiya – Neftçi 6:0

28.07.2009 Bakı, Azərbaycan UEFA ÇL Bakı – Levski Sofiya 0:0

05.08.2009 Sofiya, Bolqarıstan UEFA ÇL Levski Sofiya – Bakı 2:0

06.08.2024 Bakı, Azərbaycan UEFA ÇL Qarabağ – Lüdoqorets 1:2

13.08.2024 Razqrad, Bolqarıstan UEFA ÇL Lüdoqorets – Qarabağ 2:7

TAHİR MİRZƏ

Shares: