“Turan Tovuz” baş məşqçisi Kurban Berdiyevin müqaviləsini uzatmaq bəndini aktivləşdirib.
Futbolinfo.az “Sport24.ru”ya istinadən xəbər verir ki, təcrübəli mütəxəssisin sözləşməsi 2027-ci ilin yayına qədər uzadılıb.
Onun anlaşması cari mövsümün sonuna qədər idi. Komandanın 9 turdan sonra Premyer Liqaya liderlik etməsi rəhbərliyin 1 illik uzatma bəndini aktivləşdirməsinə səbəb olub.
Lakin tovuzlular bununla kifayətlənmək fikrində deyillər. Qərb təmsilçisi 73 yaşlı çalışdırıcıya daha yaxşı məvacib qarşılığında ən azı daha 3 il müddətinə yeni müqavilə təklif etməyi planlaşdırır. Rəhbərlik rusiyalı məşqçinin komandanın inkişafına verdiyi töhfəni yüksək qiymətləndirir və onu klubun uzunmüddətli inkişaf strategiyasında əsas fiqur kimi görür.
Qeyd edək ki, Kurban Berdiyev ötən ilin yayından “Turan Tovuz”a rəhbərlik edir.






