“Zirə”nin qapıçısı Tyaqo Silvanın futbolinfo.az saytına müsahibəsi
– Təlim-məşq toplanışı necə keçir? Hazırlıq səviyyənizi necə qiymətləndirirsiniz?
– Təlim-məşq toplanışı çox yaxşı keçir. Yüklənmə yüksəkdir, həm fiziki hazırlıq üzərində çox çalışırıq, həm də taktiki detallara və komanda təşkilatlanmasına diqqət yetiririk. Mən də özümü çox yaxşı hiss edirəm və indiyəqədərki hazırlığımdan razıyam. Addım-addım daha yaxşı formaya düşürəm, özümə inamım artır. Mövsümün ikinci hissəsinə tam hazır olacağam.
– Komandanın mövsümün ikinci yarısı üçün əsas hədəfi nədir?
– Hədəfimiz çox aydındır: daha stabil olmaq, inkişafı davam etdirmək və mövsümün sonuna qədər mümkün olan ən yaxşı mövqe uğrunda mübarizə aparmaq. Bacardığımız qədər çox oyunda qalib gəlmək və əsas məqsədimizə çatmağa – avrokuboklara vəsiqə qazanmağa fokuslanmaq istəyirik. Hər xal çox vacib olacaq, ona görə də hər oyunda birlikdə, intizamlı və maksimal motivasiya ilə çıxış etməliyik.
– Keçirdiyiniz yoldaşlıq oyunu haqqında nə düşünürsünüz? Bu oyun komandaya nə qazandırdı?
– Bu dövrdə yoldaşlıq oyunları çox vacibdir. Məşqlərdə üzərində işlədiklərimizi, xüsusilə də tempimizi, pressinqimizi və təşkilatlanmamızı yoxlamaq üçün yaxşı imkan verdi. Rəsmi oyun olmasa da, hər zaman faydalıdır, çünki nələri yaxşı etdiyimizi və çempionat bərpa olunana qədər hansı məqamları təkmilləşdirməli olduğumuzu göstərir.
– Mövsümün ikinci yarısı həlledici mərhələdir. “Neftçi” ilə oyunla başlayacaqsınız. Sizcə, bu, çətin qarşılaşma olmayacaq?
– “Neftçi” həmişə güclü rəqibdir və onlarla oyun heç vaxt asan olmur, xüsusilə də mövsümün bu mərhələsində. Amma biz ciddi hazırlaşırıq və öz keyfiyyətimizə inanırıq. Diqqətli olsaq, yüksək tempdə oynasaq və oyun planımıza sadiq qalsaq, ikinci yarıya ən yaxşı şəkildə başlaya bilərik.
– Üçüncü dövrədə rəqibləriniz püşkatma yolu ilə müəyyənləşəcək. Bu amil çempionata necə təsir göstərə bilər?
– Bu, çempionatı daha da maraqlı və gözlənilməz edəcək. Hər bir komanda istənilən rəqibə hazır olmalı və tez uyğunlaşmalıdır. Bu mərhələdə çox şey detallardan asılı olacaq – psixoloji durum, diqqət və sabitlik həlledici rol oynayacaq. Bizim üçün ən vacibi isə öz oyunumuza fokuslanmaq və kimlə qarşılaşmağımızdan asılı olmayaraq hər matçda mübarizəyə hazır çıxmaqdır.
FƏRİD






