II Liqada çıxış edən “Şəmkir”in futbolçusu Fəzail Şirxanzadə klub rəhbərliyindən narazılığını dilə gətirib. O, futbolinfo.az saytına açıqlamasında bildirib ki, maaş problemləri onun müqaviləsinin yeniləndiyi 2025-ci ilin avqust ayından başlayıb.

21 yaşlı yarımmüdafiəçi bildirib ki, qış fasiləsindən sonra komandanı dəyişmək istəsə də, klub rəhbərliyi əvvəlcə dekabrın maaşını geri ödəməsini tələb edib: “Artıq iki ildir ki, “Şəmkir”də çıxış edirəm. Yeni müqaviləm 2025-ci ilin avqustunda yenilənib. Həmin vaxtdan bəri maaş problemləri davam edir. Mövsümün ikinci yarısında komandanı dəyişməyi düşündüm, lakin klub rəhbərliyi bildirir ki, əvvəlcə dekabr ayının maaşını geri qaytarmalıyam, sonra hara istəyirəmsə gedə bilərəm”.

Şirxanzadə həmçinin əlavə edib ki, rəhbərlik ona AFFA və digər aidiyyəti qurumlara şikayət etməyin heç bir nəticə verməyəcəyini deyib: “Deyirlər ki, hara istəyirsən şikayət et, amma bizə fərqi yoxdur. Dekabr ayının maaşı mənim haqqımdır. Həmin ay mənə dedilər ki, evdə qal, maaş köçürüləcək. Fevralın 3-də Şəmkirə qayıtmışam, amma ondan əvvəl zəng edib xəbər verdilər ki, komandaya gəlməsəm, pul verilməyəcək. Hazırda klubda xoşbəxt deyiləm və qarşılıqlı razılaşma ilə ayrılmaq istəyirəm. Bəzi oyunlarda ağrıkəsici iynələr vurduraraq komandaya kömək etmişəm”.

Futbolçu qeyd edib ki, hazırda iki klubdan transfer təklifi alıb, lakin “Şəmkir”in rəhbərliyi onun ayrılmasına icazə vermir: “Hazırda klubdan ayrılmaq istəyirəm, lakin qarşılıqlı razılaşmaya imza atmırlar. Şikayət etdiyim hər kəs məni bir-birinə yönləndirir, zənglərimə cavab vermirlər və məni bloklayırlar. Sağlamlığıma və gələcəyimə ciddi yanaşmırlar. Rəhbərliklə danışanda AFFA-ya şikayət edəcəyimi bildirəndə isə deyirlər ki, məni hər şeylə təmin edəcəklər. İki ildir bu sözləri eşidirəm, amma heç bir dəyişiklik yoxdur. Sağlamlığımı və karyeramı nəzərə alaraq, bu klubdan ayrılmaq istəyirəm. Xahiş edirəm, bu məsələdə mənə kömək göstərilsin”.

GÜNAY SÜLEYMANOVA

Shares: