Avrokuboklara vəsiqə uğrunda mübarizədə favorit adlar dəqiqləşmək üzrədir. Turnir cədvəlində öndəki 4 komanda sensasion şəkildə böyük uğursuzluq yaşamasa, yayda ölkəmizi qitə yarışlarında təmsil edəcək.
Bu, kubokun 1/4 final mərhələsinin cavab oyunlarından sonra dəqiqləşdi. Yarımfinala çıxanlar həm də Premyer Liqada ilk 4 yerdə qərarlaşdığından şanslarını artırıblar. Bu komandalardan biri ölkə kubokunu qazanacağından demək olar ki, 4-cü yeri tutan kənarda qalmayacaq. Bir şərtlə ki, “Sabah”, “Qarabağ”, “Turan Tovuz” və “Zirə”dən hansısa həm kuboku qazanmasın, həm də 5-ci pilləyə ensin.
“Neftçi” və digər iddialılar çempionatın 3-cü dövrəsində 4-cü pilləyə yüksəlmək üçün çalışacaq. Onlar eyni zamanda ötəcəkləri komandanın kuboku qazanmamasına ümid etməlidir ki, avrokuboka getsinlər.
Bu ehtimallar yalnız indi üçün aktualdır. 4 və 5-ci yerdəki komandalar arasında cəmi 5 xallıq fərq var. “Neftçi” ehtiyatdakı oyununda qalib gəlsə, 11 tura 4 xalı “əritməyin” hesabını aparacaq.
1/4 finalın dünənki oyunlarına gəlincə, “Turan Toviz” cavab matçında “Kəpəz”i daha rahatlıqla yendi. Gəncəlilər sürprizi bacarmadı və indi elitada qalmaq üçün bütün gücünü çempionat matçlarına qoyacaq. Kurban Berdıyevsə uzun fasilədən sonra bu mərhələyədək gətirdiyi komanda ilə ən azı final oynamağa çalışacaq.
Digər matç gözlənildiyindən də maraqlı alındı. Amma burada hər şeyi “Qəbələ” yox, məhz “Sabah” özü etdi. Valdas Dambrauskas ardıcıl ikinci matçda təcrübəsinə yaraşmayan səhvlər etməklə imicinə mənfi xallar gətirdi. Son turda 3:0 hesabı ilə öndə olduğu qarşılaşmada “Qarabağ”a xal bağışlayan bakılılar Qəbələdə də oxşar ssenari yaşadı. Hətta dünənki oyun daha faciəvi alındı.
Dambrauskas kubok oyununda bir sıra rotasiyalar etməklə aparıcı oyunçuları qorumağa çalışırdı. Sonluq isə elə alındı ki, futbolçular daha çox yoruldular. 2:0 öndə olduğu matçda 2 dəqiqə ərzində üstünlüyü əldən vermək birbaşa çalışdırıcının günahıdır. Futbolçular yaxşı oyun keçirdi, məşqçinn qələbəyə tez inanması, heyətdə yersiz dəyişiklikləri davam etdirməsi az qala kubokdan vidalaşmaq ilə nəticələnəcəkdi.
“Sabah” üçün ən arzuolunmaz məqam 3 qolu rəqib azlıqda ikən buraxmasıdır. Əsas vaxtın sonunda, eyni zamanda əlavə vaxtda hesabı bərabərləşdirməyə imkan vermək Dambrauskasın günahıdır. Penalti seriyasında qəbələlilərin yerli oyunçularının qeyri-dəqiqliyi olmasaydı, titulun son sahibi indi kənarda qalmışdı.
Doğrudur, “Sabah” rəqibindən daha yaxşı oyun keçirdi, meydan sahiblərinin son dəqiqələrdə ardıcıl qol vurmaqda bəxti də gətirdi. Amma istənilən halda iddialı məşqçi belə üstünlüyü əldən verməməlidir. İndi Dambrauskasın əsas işi səhvləri analiz edib aradan qaldırmaqdır. Çünki o, səhv qərarları ilə həm futbolçuları daha çox yordu, həm də növbəti rəqiblərə onlardan xal almağın mümkünlüyü ilə bağlı ümid verdi.
“Sabah”la “Qəbələ” növbəti turda yenidən üz-üzə gələcək. Bakılılar kubokda bu rəqibi hər iki oyunda uda bilmədi, yalnız penaltilərlə üstün oldu, daha öncə isə çempionat matçında ciddi mübarizə izləmişdikk, sayılmayan qol mübahisələrə səbəb olmuşdu.
Dambrauskas mütləq komandanı toparlamalıdır. Əks halda, onun gərgin qrafikdə, həlledici matçlarda bacarıqsızlığı üzə çıxacaq. Oynatdığı futbol qənaətbəxşdir, heyət də güclüdür, amma məhz psixoloji hazırlığın yerində olmadığı diqqət çəkir.
İstənilən halda, komanda yoluna davam edir. Çempionatda lider, kubokda yarımfinalçı – nəticələr “Sabah”ı tənqiddən uzaq saxlayır. Həm bu mərhələdə, həm də qızıl medallar uğrunda mübarizədə “Qarabağ”la 3 çətin duel var. Bəlkə də indiki büdrəmələr dərs çıxarmaq və həmin qarşılaşmalara daha yaxşı hazırlaşmağa səbəb olacaq.
FƏRİD






