“Sabah”ın nigeriyalı futbolçusu Cesse Sekidikanın futbolinfo.az saytına müsahibəsi
– Kubokun 1/4 finalında “Qəbələ” ilə cavab oyunu dramatik alındı. Bu gedişatı, rəqibin sizə bu qədər çətinlik yaradacağını gözləyirdiniz? Əsas vaxtın son dəqiqələrində nə baş verdi ki, 2:0 hesablı üstünlük bir anda əldən çıxdı?
– Futbol həmişə sizi təəccübləndirə bilər, xüsusilə də kubok oyunlarında. Çünki belə matçlarda hər komanda son saniyəyə qədər mübarizə aparır. Hesab 2:0 olanda oyuna nəzarət edirdik. Amma futbolda bəzən kiçik məqamlar hər şeyi dəyişə bilir – bir anlıq diqqət itkisi, rəqibin bir az təzyiqi və birdən oyunun axarı dəyişir. Son dəqiqələrdə onlar fürsətlərini yaxşı dəyərləndirdilər. Bu isə bizim üçün bir daha xatırlatma oldu ki, futbolda son fitə qədər tam diqqətli qalmaq lazımdır.
– Maraqlıdır ki, nə oldusa, siz meydandan çıxandan sonra oldu. Sonrakı gedişatı görəndə əvəzləndiyiniz üçün üzüldünüzmü?
– Xeyr, qətiyyən belə düşünmürəm. Bu cür qərarlar məşqçiyə aiddir və mən onlara hörmətlə yanaşıram. Mənim işim meydanda olduğum müddətdə əlimdən gələni etmək və oynasam da, ehtiyatda olsam da, komandaya dəstək verməkdir. Təbii ki, meydanı tərk etdikdən sonra oyunun çətinləşdiyini görəndə hər bir futbolçu emosiyalar yaşayır, çünki komandaya kömək etmək istəyirsən. Amma futbol komanda oyunudur. Ən vacibi odur ki, biz birlikdə qaldıq və yenə də məqsədimizə çatdıq.
– Yarımfinalda “Qarabağ”la üz-üzə gələcəksiz. “Sabah”ın finala çıxmaq şansını necə dəyərləndirirsiniz? Kubokun qalibi titulunu qorumağı bacaracaqsınız?
– “Qarabağ” çox güclü komandadır və xüsusilə böyük oyunlarda böyük təcrübəyə malikdir. Biz onlara böyük hörmətlə yanaşırıq, amma eyni zamanda öz keyfiyyətimizə də inanırıq. “Sabah” bu mövsüm göstərdi ki, istənilən komanda ilə rəqabət apara bilər. Yarımfinal çətin olacaq, amma yaxşı hazırlaşacağıq və hər epizod üçün mübarizə aparacağıq.
– “Qəbələ” ilə martın 10-da yenidən – bu dəfə liqada qarşılaşacaqsınız. Son oyunlardakı dramatik gedişat komandanı psixoloji cəhətdən yormayıb? Məqsədinizə rahat şəkildə çata biləcəksiniz?
– Düşünürəm ki, belə təcrübələr əslində komandanı daha da gücləndirir. Əlbəttə, son oyun emosional idi, amma biz ondan dərs götürürük və irəli baxırıq. Futbolda keçmişdə çox qalmaq olmaz. İndi diqqət çempionat oyununa yönəlib. Bilirik ki, “Qəbələ” yenə motivasiyalı olacaq, ona görə də diqqətli qalmalı və öz oyunumuzu göstərməliyik. Əgər bunu etsək, istədiyimiz nəticəni qazana biləcəyimizə inanırıq.
– Hazırda çempionatın lideri olan “Sabah” tarixində ilk dəfə çempion olmağı bacaracaq? Mövsümün sonu yaxınlaşdıqca komandada həyəcan daha da artırmı?
– Əlbəttə, həyəcan var, çünki bu, klub üçün böyük fürsətdir. Amma paltardəyişmə otağında sakit və diqqətli qalmağa çalışırıq. Mövsüm hələ uzundur və qarşıda çox vacib oyunlar var. Biz oyundan-oyuna yanaşırıq. Əgər çox çalışsaq və komanda olaraq birliyimizi qoruya bilsək, “Sabah” və azarkeşlər üçün xüsusi bir şeyə nail ola bilərik.
– “Sabah” üçün “Qızıl dubl” etmək prioritetdir? Yoxsa əsas diqqətinizi çempionluğa yönəltmisiniz?
– İki turnirdə mübarizə aparanda hər ikisini qazanmaq istəyirsən. Biz bunu biri ilə digərini seçmək kimi görmürük. Bizim mentalitetimiz mövcud olan hər kubok uğrunda mübarizə aparmaqdır. Əlbəttə, çempionat çox önəmlidir, amma kubok da özünəməxsus əhəmiyyət daşıyır. Əgər diqqətli və stabil olsaq, hər iki yarışda da sonadək mübarizə aparacaq keyfiyyətə sahib olduğumuza inanırıq.
FƏRİD






