Azərbaycana gələn tanınan futbol adamlarından müsahibə götürməyə çalışıram. Həmişə buna cəhd etmişəm, bəzən alınıb, bəzən müəyyən səbəblərdən istəyimə nail ola bilməmişəm.

“Neftçi” Yuri Vernidubu Bakıya gətirəndə çox sevindim. Yuri Nikolayeviç müasir Ukrayna futbol məktəbinin görkəmli nümayəndələrindən biridir. Onun “Zarya”dakı işi, “Şerif” ilə “Real”ı “Santyaqo Bernabeu”da məğlub etməsi, həmin qrupda “Şaxtyor”u qabaqlayıb Avropa Liqasının pley-off mərhələsində az qala “Braqa”nı keçməsi…

Ukraynada bəlkə də ən çox sevilən mütəxəssislə görüşüb söhbətləşmək istəyimə nail oldum. Rüstəm Əfsərliyə belə bir imkan yaratdığına görə təşəkkür edirəm.

– İlk dəfə nə vaxt Bakıda olmusunuz?

– Yaddaşım məni yanıltmırsa, oğlum Vitali “Qəbələ”də oynayanda bura gəlmişdim. Haradasa, 2015-ci il idi.

– Məgər SSRİ dövründə Bakıda olmamısınız?

– Hə, sovet dövrünü nəzərdə tutursunuzsa, ilk dəfə Zaporojye “Metalluqru”u ilə bura gəlmişəm. I Liqada bizim “Neftçi” ilə oyumuz var idi. Səhv etmirəmsə, 1990-cı il, SSRİ-nin dağılması ərəfəsəi idi. Onda Bakıda fövqəladə vəziyyət idi. Qarabağda da gərginlik artmışdı. Biz onda Bakıda “Neftçi”yə 0:2 hesabı ilə məğlub olduq.

– 2019-cu ildə “Sabah” klubu ilə danışıqlar üçün Bakıya gəlmişdiniz və paytaxtımızda 4 gün qalmışdınız. Bildiyimə görə, sizi o vaxt “Sabah” klubuna agent, hazırda isə “Qəbələ”nin idman direktoru olan Səbuhi Səfiyarlı təklif etmişdi. Niyə o vaxt razılığa gəlmək mümkün olmadı?

–  Bilmirəm. Söhbətləşdik, əvvəlcə normal anlaşdıq ki, növbəti gün görüşək. Görüşdük, danışdıq. Mən klubun prezidenti ilə, o cümlədən prezidentin köməkçisi İqor Ponomaryovla söhbət apardım. Orada bir qadın da var idi, adını xatırlamıram, nəsə psixoloq idi. Mənə dedilər ki, fikirləşəcəklər. Mən də dedim ki, “problem deyil”. Düzdür, onların təklifindən o qədər də razı qalmadım. Mən də dedim ki, “qoy, mən də fikirləşim”. Hətta stadiondan “Sabah”ın oyununa da baxdım, Ukraynaya qayıtdım. Sonra da zəngləşdik, bir-birimizə uğur arzuladıq.

– Bəlkə, maliyyə məsələsində razılığa gələ bilmədiniz…

225612 pu8uuwtwte - Futbolinfo.az

– Yox, iş maliyyədə deyildi. Təbii ki, maliyyə söhbəti də var idi, mən mübahisə etmirəm, hər halda, “Zarya”da qazandığımdan daha az məbləğ idi. Heç olmasa dedim ki, Luqansk klubunda aldığım məvacib qədər pul verin.

– Anlaşmamağınız klubun fəlsəfəsi ilə bağlı ola bilər?

– Belə baxanda çox da fikir ayrılığı yox idi. Sadəcə, onlar komanda ilə ümumi dil tapa bilib-bilməyəcəyimlə bağlı məsələdə narahat idilər. Çünki mən ilk dəfə Asiya məkanında işləyəcəkdim. Burada bir az mentalitet fərqlidir, buranın öz dini qanunları var. Mən özümə əmin idim və onlara bu mənada heç bir problem olmayacağını bildirdim. Mən azərbaycanlıların dininə hörmət edirəm, bilirəm ki, bu ölkənin əhalisi müsəlmandır. Mən də xristianam və heç bir problem görmürəm. Allahımız birdir. Olan oldu, yəqin ki, belə də olmalı idi. Mən buna görə təəssüf hissi keçirmirəm. Mən bu danışıqlardan sonra Soliqorsk “Şaxtyor”u ilə anlaşdım.

– Ukraynalı jurnalistlərin versiyasına görə, o vaxt sizə eyni anda 3 ölkədən – Azərbaycan, Qazaxıstan və Belarusdan təklif gəlmişdi. Onların iddiasına görə, siz Qazaxıstandan gələn bütün təklifləri dərhal rədd etmişdiniz, çünki bu variant sizə maraqlı deyildi. Hətta konkret klubun adı da çəkilir – “Astana”! Siz o vaxt da, indi də hesab edirsiniz ki, Azərbaycan və Belarus çempionatlarının səviyyəsi Qazaxıstan liqasından yüksəkdir?

– Yüksək deməzdim, sadəcə, bu iki çempionatda işləməyə daha meyilli idim. Belarus klubunda ona görə işləməyə razılıq verdim ki, bu çempionatın oyun üslubu Ukraynaya daha yaxındır. Orada da 16 komanda var idi. Azərbaycan haqda da eyni fikirdə idim. Hər halda, burada mənim oğlum da oynayıb, sizin çempionatı izləmişəm. Burada “Qarabağ”, “Neftçi” və “Qəbələ” kimi yaxşı komandalar var idi. “Sabah” özü də ambissiyalı idi. Hərçənd, Qazaxıstan çempionatında da yaxşı komandalar çıxış edir. O vaxt “Astana” müntəzəm olaraq avrokuboklarda çıxış edirdi. Bu sözləri “Kayrat” və “Aktobe”yə də aid etmək olar. Bəlkə də iqlimə görə imtina etdim. Çünki Qazaxıstan başdan-baça çöllükdən ibarətdir. Orada qış çox sərt keçir. Hətta artıq soyuq olur, üstəlik, küləklidir də…

– Səbuhi Səfiyarlı müsahibələrinin birində demişdi ki, 2019-cu ildə “Sabah”la razılığa gəlmədikdən sonra daha bir Azərbaycan klubu sizinlə əlaqə saxlamışdı. Amma siz o vaxt həmin klubun adını deməmişdiniz. İndi deyə bilərsiniz? Üstəlik, niyə razılaşmadınız?

– Adını tam xatırlaya bilmirəm, amma dəqiq deyə bilərəm ki, belə bir klub var idi. Dedilər ki, burada işləməyə yenə variant var. Artıq onu xatırlamaq istəmirəm. Həm də ki, “Sabah”la anlaşa bilmədikdən sonra Belarus klubu ilə artıq danışıqlar aparırdım.

– Bu klub “Neftçi” idi?

– Yox, “Neftçi” deyildi.

–  Əhməd Ələsgərov adı sizə nə deyir?

– Mən bilən o, Azərbaycanda məşhur simadır. Bildiyimə görə “Neftçi”ni çalışdırıb.

– Ukraynada da “Çernomorets”i…

– Bəli, haqlısınız!

– Sizi Əhməd Ələsgərov və Roberto Bordinlə bir maraqlı fakt birləşdirir: hər üçünüz həm “Şerif”, həm də “Neftçi” klubunda baş məşqçi kimi çalışmısınız.

– (gülür) Ola bilər. Mən Bordini xatırlayıram, o məndən əvvəl də “Şerif”i çalışdırıb, Ukraynada müharibə başlayandan sonra mən Tiraspoldan ayrılandan sonra onu yenə də bu kluba gətirdilər. Yenə də onda pis alınmadı.

– Amma Əhməd Ələsgərov “Şerif”in ilk məşqçisi olub.

– Yox, bu məsələdən xəbərdar deyiləm. Yalan nə deyim?

–  Sizinlə Roman Qriqorçuk arasında daha bir oxşarlıq var: hər ikiniz həm Soliqorsk “Şaxtyor”unda, həm də “Neftçi”də baş məşqçi işləmisiniz. Düzdür, müəyyən fərqlə: siz “Şaxtyor”u ondan əvvəl çalışdırmısınız, o isə “Neftçi”də sizdən əvvəl işləyin.

2829bd - Futbolinfo.az

– Olur belə şeylər. Təbii ki, bu təsadüfdür. Bilmirəm, bəlkə də taledir. Fikrimcə, Roman Qriqorçuk yüksək səviyyəli məşqçidir. O burada “Qəbələ”də də işləyib. Onun komandası Azərbaycan çempionatında müntəzəm olaraq 2-ci və 3-cü yerləri tuturdu. İki dəfə də Avropa Liqasının qrup mərhələsinə yüksəliblər.

–  Müsahibələrinizin birində demisiniz ki, Soliqorsk “Şaxtyor”undan sizə zəng edib Qriqorçukun necə məşqçi olduğu haqqında soruşmuşdular. Bəs siz “Neftçi”dən təklif alanda klub haqqında fikrini öyrənmək üçün Qriqorçuka zəng etmişdiniz?

– Yox, məndən Roman İosifoviçin necə məşqçi olması haqda heç nə soruşmayıblar, onlar onun kim olduğunu yaxşı bilirdilər. Sadəcə, mənə dedilər ki, Romaya zəng edib burada hər şeyin yaxşı olduğunu ona bildirim. Bir növ vasitəçilik edim. Mən də dedim ki, “belə şey etmərəm, o hər şeyi yaxşı başa düşür, özünüz zəng edib planlarınız haqqında danışın, mən gedirəm, niyə ona zəng etməliyəm ki”. Bu, hər halda düz hərəkət deyil axı. Məhz buna görə. Amma sonra o özü mənə zəng edib “Şaxtyor” haqda nəsə öyrənmək istədi. Dedim “mən gedirəm, komanda hazırda 1-ci yerdədir”.

– Bəs siz onunla “Neftçi”yə gəlməmişdən qabaq zəngləşib söhbət etmisiniz? “Neftçi”nin necə komanda olmasını ondan öyrənmisiz?

– Yox, bizim belə bir söhbətimiz olmayıb!

–  Siz Belarusa işləməyə gedəndə çoxları Ukraynada deyirdi ki, bu çempionat sizin səviyyənizə uyğun deyil. Azərbaycan çempionatı barədə də belə sözlər eşitmişdiniz?

– Mən Belarus çempionatı haqqında belə bir fikirdə deyildim. Burada çalışdıracağım Soliqorsk “Şaxtyor”u ilə yanaşı Minsk və Brest “Dinamo”ları,  BATE və bir neçə yüksək səviyyəli klublar var idi. Bərabər səviyyəli komandalardan ibarət çempionat keçirilir. Həmin vaxt koronovirus dünyada tüğyan edirdi, amma Belarusda liqa dayandırılmadı. Bütün Avropa Belarus çempionatını TV vasitəsilə izləyirdi. Mən bu çempionatın səviyyəmə uyğun gəlmədiyini deyə bilmərəm. Orada yaxşı futbolçular top qovurdu. Soliqorsk klubunda milli komandadan dəvət alan futbolçular çıxış edirdi. Yaxşı da legionerləri var idi. Ukraynada niyə belə düşünüldüyünü deyə bilmərəm. Mən onların potensialına şübhə etmirdim. Bilirdim ki, işləyəcəyəm, inkişaf edəcəyəm. Təəssüf ki, çox yox, məhz 9 ay işlədim. Öz xoşumla oranı tərk etdim. Səhv etdiyimi də düşünmürəm. Dərhal da “Şerif”dən təklif gəldi. Bu, bir növ Tiraspol klubuna keçməyim üçün tramplin rolunu oynadı. Moldovada 2 çempionluq, 1 kubok qazandım və Çempionlar Liqasının qrup mərhələsinə düşdük.

– Bəs Ukraynada dedilər niyə Azərbaycana getdiniz?

– Yox, niyə ki? Mən onsuz da sizin çempionatı izləyirdim. Mənə 2022-ci ildə də “Neftçi”dən təklif gəlmişdi. Sadəcə, Rusiyanın ölkəmizə hücumuna görə bura gələsi olmadım. O vaxt “Krivbass”dan da təklif gəldi və elə bir zaman idi ki, Ukraynanı tərk etmək istəmədim.

– Sizin Ukraynaya qayıdışınız məhz “Şerif”dəki işinizlə bağlı idi? Axı Dnestryanı bölgə Rusiyayla sıx əlaqələri ilə tanınır.

unnamed - Futbolinfo.az

– Yox, mən belə deməzdim. Mənim komandamda onsuz da rus oyunçu yox idi. Hər nə qədər Dnesteryanı ayrıca bir ölkə kimi qələmə verilsə də, mən buna belə baxmırdım. Çünki onların “Şerif”i Moldova çempionatında çıxış edirdi. Moldova da Avropa ölkəsidir.

– Amma indiki vəziyyətdə demisiniz ki, artıq “Şerif”də işləməzsiniz, çünki bu ərazi Dnestryanıdır və əvvəlcə bütün ölkələr öz suverenliyini bərpa etməlidir. Deməli, müharibədən əvvəl suverenlik məsələsinə o qədər ciddi yanaşmırdınız?

– Bəli, onu demişəm ki, Moldova tam suverintetliyini bərpa etməyənə qədər orada işləmərəm. Amma keçmişdəki məsələyə ciddi yanaşmadığımı da söyləyə bilmərəm. O vaxt “Şerif” müntəzəm olaraq Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanırdı. Onlar həmişə də Moldova çempionluğunu qazanırdı. Prezidentləri biz görüşərkən demişdi ki, hədəfləri Çempionlar Liqasının qrup mərhələsidir. Niyə də mən buna cəhd etməməli idim?! Bu, həm də mənim arzum idi. “Şerif” çox da yaşlı komanda deyil. Haradasa 25 ildir ki, yaranıb. Biz bunu bacardıq!

– Siz demişdiniz ki, 2014-cü ildən ruslar artıq sizin üçün qardaş deyil.

– Elədir. Qardaş qardaşın ölkəsinə daxil olub onu işğal etməyə çalışar?

– Həmin söhbətdə Rusiyanın Abxaziyada da müdaxilə etdiyini qeyd etmişdiniz.

– Bəli, harada Rusiya varsa, orada müharibə var!

– Maraqlıdır ki, ukraynalılar əvvəllər Rusiyanın Qarabağ münaqişəsində də böyük rol oynadığını bilirdilərmi?

– Şəxsən mən bunu bilirdim. Azərbaycanda, Gürcüstanda və Ukraynada münaqişə ocaqlarını Rusiya yaradır. Onlar Baltikyanı ölkələrə qədər müdaxilə edir. Biz o vaxt da bilirdik ki, Rusiya Qarabağ münaqişəsinin səbəbkarıdır. Biz o vaxt “Metallurq”la bura gələndə “Neftçi”nin oyunçuları ilə isti münasibətlərimiz var idi. Hətta bir yerdə şam etdik. Elə söhbət edəndə də fikrimizi bildirirdik ki, regionda müharibəni kimlər qızışdırır. Doğrusu, mən onda Azərbaycanın tərəfində idim. Çünki Qarabağ Azərbaycan ərazisidir!

– Məsələ ondadır ki, Azərbaycan Ermənistanın qarşısında aciz qala bilməzdi.

– 100 faiz! Ermənistan özü balaca ölkədir. Onlar yaxşı bilirdi ki, Azərbaycanın Türkiyə ilə münasibətləri yaxşıdır, Türkiyənin də ordusu güclüdür. Onlartəkbaşına bu müharibəyə risk etməzdilər.

– Sizcə, Ukrayna klubunda işləyən azərbaycanlı məşqçi desəydi ki, onun komandasında bir nəfər də olsun erməni futbolçu ola bilməz, Ukrayna futbol ictimaiyyətinin reaksiyası necə olardı?

– Tam normal! Niyə də azərbaycanlı məşqçi bu tələblə çıxış etməsin ki?! Bu, onun haqqıdır! Mən də həmçinin “Neftçi” rəhbərliyindən komandamda rus oyunçunun oynamamasını istəmişəm. Bu, normal haldır.

– Sadəcə, orada da, burada da deyə bilərər ki, sən işlədiyin ölkənin siyasətinə niyə qarışırsan?

– Bu siyasət deyil. Hamı deyir ki, “idman siyasətdən ayrıdır”. Amma təəssüf ki, idman elə böyük siyasətdir.

– Ukraynalı idmançılar indi ruslarla yarışmaqdan imtina edir və onların yarışlardan kənarlaşdırılmasını tələb edirlər.

– Bu, normal haldır. İşğalçı ölkənin idmançıları ilə yarışmaq istəmirlər.

– Amma biz vaxtilə erməni idmançıların beynəlxalq yarışlardan uzaqlaşdırılmasını tələb etməmişdik. Sadəcə, dünya ictimaiyyətindən Ermənistanın torpaqlarımızın qaytarılması üçün onlara təzyiq göstərməsini istəmişik. İdman məsələsinə qarışmamışıq. Əgər biz də sizin kimi bunu tələb etsəydik, haqlı olardıqmı?

– Əlbəttə, haqlı olardınız! Çünki onlar sizin torpağınızı işğal ediblər, siz onlara hücum etməmisiniz. Biz indiki vəziyyətdə rus idmançılarla eyni arenada necə yarışaq?!

– Amma Ermənistanı Rusiya ilə müqayisədə yarışlardan kənarlaşdırmadılar. Yəqin, Rusiya Qərb üçün daha böyük təhlükədir deyə bunu ediblər.

– Məncə, burada siyasi ağırlq söhbəti var. Rusiyanın kənarlaşdırılmasını doğru hesab edirəm!

– Siz demişdiniz: “Karyeramda heç nəyi dəyişmək istəməzdim — keçmişə yox, gələcəyə baxmaq lazımdır”. Amma təsəvvür etsək ki, nəyisə dəyişmək mümkündür, karyeranızdan “Zenit”i çıxarardınızmı, yəni Sankt-Peterburqa getməzdinizmi?

fotojet 9 - Futbolinfo.az

– Yox, mən 1997-ci ildə “Zenit”ə keçəndə, təsəvvür belə edə bilməzdim ki, Rusiya nə vaxtsa Ukraynaya hücum edər. Biz həmişə bir yerdə olmuşuq axı. Bir yerdə Böyük Vətən Müharibəsində döyüşmüşük. Təəssüf ki, bu baş verdi.

– “Zenit”də legioner statusunda olmağınıza baxmayaraq, komandaya gəldikdən cəmi yarım il sonra sizə kapitan sarğısı verildi. Niyə seçim məhz sizin üzərinizə düşdü?

– Çünki baş məşqçi də ukraynalı idi. Həm də ki, komandada Pevets, Qorşkov, Babiy, Maksimyuk, Popov kimi ukraynalı oyunçular var idi. Bu normal hal idi.

–  Demək olar ki, özünüzü orada evinizdəki kimi hiss edirdiniz.

– Bəli, hamımız Ukraynadan olan dostlar idik.

–  Komandada rusiyalı ilə ukraynalı oyunçular arasında qruplaşmalar yox idi?

– Yox, heç vaxt olmayıb. Hər şey normal idi. Mən qruplaşma hiss etməmişəm. Mənə kapitanlıq sarğısını həvalə ediblərsə, deməli, hansısa qruplaşmadan danışmağa dəyməz.

– Siz hələ də Viktor Tsoyu, “Voskreseniye” qrupunu və Vladimir Vısotskini dinləyirsiniz? Yaxud “Brilyant əl”, “Uğur centlmenləri”, “Sevgi formulu” kimi filmlərə baxırsınız? Çünki eşitmişəm ki, Ukraynada indi artıq Tolstoy və Dostoyevskini demək olar ki, oxumurlar.

– Bəli, Tsoyu da, Vısotskini də dinləyirəm. Amma dediyiniz filmlərə artıq baxmıram. Mən indi sadəcə Ukrayna dilində olan filmləri izləyirəm. Hətta Bakıda həyat yoldaşımla birgə “YouTube”da Ukrayna dilində olan seriallara baxırıq. O ki qaldı Ukraynada insanların artıq Tolstoy və Dostoyevskini oxumamasına, bunu eşitməmişəm.

– Siz Tiraspolu tərk edəndə “Şerif” klubunun prezidentinə demişdiniz ki, ailənizi götürməyə gedirsiniz və qayıdacaqsınız. Əgər desəydiniz ki, gedirəm və qayıtmayacağam sizi, ümumiyyətlə, buraxardılarmı?

– Bəli, klubun sahibinə bunu demişəm. Amma mən yetərincə yaşı olan adamam. Heç kim məni orada zorla saxlaya bilməzdi. Mən sadəcə çemodana lazım olan əşyalarımı qoyub oradan çıxıb getdim. Bəzi əşyalarım hətta yaşadığım mənzildə qaldı. Müharibə başlayanda kiçik oğlumun həyat yoldaşı Moldovada qaldı. Amma o da haradasa iki aydan sonra Tiraspolu tərk etdi. Mənim əşyalarımı topladı və Kiyevə qayıtdı.

– “Şerif”in Çempionlar Liqasındakı oyunlarından birindən sonra siz ukraynalı jurnalistə müsahibə vermişdiniz: o sualları ukraynaca verirdi, siz isə rusca cavab verirdiniz. Belə bir epizod həqiqətən olmuşdu?

– Ola bilər, bu məqama fikir verməmişəm. Amma indi çalışıram ki, Ukrayna dilində danışım. Hətta Azərbaycanda da mətbuat konfranslarında mütləq şəkildə Ukrayna dilində danışıram.

– Moldovadan qayıtdıqdan sonra siz hərbi komissarlığa getdiniz və 4 ay yarım Xersonda artilleriya bölməsində xidmət etdiniz.

– Bəli, amma ora tam olaraq Xerson demək olmaz. Mən 39-cu mexaniki artileriya divizionunda xidmət etmişəm. Bizim diviziya Krivoy-Roqda idi. Ora haradasa Dnepetrovsk – Xerson vilayətlərinin arasıdır.

– Siz müsahibənizdə demişdiniz: “Dəqiq hədəfi vurduğumu deyə bilmərəm – məsafələr kilometrlərlə idi və mən sadəcə onu görmürdüm”.

– Əlbəttə, görə biıməzdim. Çünki biz qarşı tərəfdən kilometrlərlə aralı idik. Biz 8-17 km məsafələrdəki hədəfləri vururduq.

594068430 1350281833561068 7761507778325773342 n - Futbolinfo.az

– Əgər sizi ön cəbhənin ən qaynar nöqtələrinə göndərsəydilər, razı olardınızmı?

– Belə bir əmr olsaydı, nə etməli idim ki? Tapşırığı yerinə yetirməli idim.

– Vitali demişdi ki, müharibə başlayandan sonra siz yenidən daha çox siqaret çəkməyə başlamısınız. İndi bu zərərli vərdişin öhdəsindən gələ bilmisiniz?

– Yox, siqaretin daşını ata bilməmişəm. Bu, mənim yeganə zərərli vərdişimdir. Amma Ukraynada daha çox çəkirdim. İndi 3-4 günə bir qutu siqareti bitirirəm. İndi daha çox İQOS-dan (“aykos” oxunur, bu tütünü qızdırma cihazıdır – T.M) yararlanıram.

– Siz demişdiniz ki, Vitali Vernidubun Azərbaycana keçidindən sonra onun Ukrayna millisinə dəvət almaq şansı demək olar ki, yoxa çıxdı. Əgər o getməsəydi, doğrudan da belə bir şansı var idi?

– Əlbəttə, Azərbaycan çempionatı ilə bunu etmək çətin məsələ idi. Bizim milliyə adətən Avropanın güclü çempionatlarında oynayanlar dəvət alır. Təbii ki, onun işi çətin olacaqdı.

– Bəs “Qəbələ”yə qədər ona Avropadan təkliflər var idi?

– Bunu onun özündən soruşmaq lazımdır. Şəxsən mən xatırlamıram. Olsaydı, deyərdi.

– Bir şayiə var idi ki, UEFA prezidenti Aleksander Çeferin “Şerif”dən “Real”ı məğlub etməyi xahiş edib. Ümumiyyətlə, belə söhbət niyə ortaya çıxmışdı?

– Yox, belə bir söhbət olmayıb. Sadəcə, o, narahat idi ki, daha böyük hesabla məğlub olarıq. Mən və klubun gürcü baş direktoru demişdik ki, niyə biz İspaniyada uduzmalıyıq ki? Biz qələbə qazanmaq istəyirdik və bunu bacardıq da.

– Hətta həmin ərəfədə niderlandlı futbolçu Dirk Kuyt da demişdi ki, “Şerif”in Çempionlar Liqasında nə işi var?!” Onun bu açıqlaması sizə əlavə motivasiya vermişdi?

– Bəli. Sübut etdik ki, bizim ÇL-də yerimiz var!

– “Şaxtyor” və “Real”a qarşı parlaq oyunlardan sonra niyə “İnter”ə qarşı eyni səviyyədə oynamaq mümkün olmadı? “İnter” sizə maksimum ciddi yanaşmışdı?

– Mən onların bizə daha ciddi yanaşdığını düşünmürəm. Sadəcə, İtaliya klubunun fərqli oyun dəst-xətti var idi. Onlar demək olar ki, 5 müdafiəçi ilə meydana çıxırdılar. Hərçənd İtaliyadakı məğlubiyyət mənə pis təsir etdi. Biz onlar 1:0 hesabı ilə öndə olarkən tarazlığı bərpa etmişdik. Hətta hesabı bərabərləşdirdikdən sonra iki əla qol vəziyyəti yaratmışdıq. Amma bunlardan yararlana bilmədik. Nəticədə 1:3 hesabı ilə uduzduq. Yaxşı başa düşürdük ki, “İnter”lə aramızda olan fərq böyükdür. Hərçənd, eyni sözləri “Real” haqda da söyləmək olar. Bu futboldur!

– “Bernabeu”da “Real” üzərində qazandığınız qələbəni Valeri Lobanovskinin çalışdırdığı “Dinamo”nun “Nou Kamp”da “Barselona”ya qarşı 4:0 qələbəsi ilə müqayisə etmək olar? Komandaların statusunu nəzərə alsaq, məncə sizin uğurunuz daha böyük qəhrəmanlıq kimi görünür.

– Müqayisə etməzdim. Valeri Vasilyeviç əfsanəvi məşqçi idi. Nə “Dinamo”nun “Barselona”ya qarşı oyununu, nə də “Şerif”in “Real”a qarşı matçını müqayisə etmək fikrinə düşməzdim. Lobanovski kimi məşqçilər dünyaya nadir hallarda gəlir.

– Əgər müharibə başlamasaydı, “Zarya” ilə vaxtilə etdiyiniz kimi “Şerif”lə “Braqa”nı keçə bilərdiniz? Və əgər keçsəydiniz, yenə də Tiraspolu tərk edib Ukraynaya qayıdardınız?

– 100 faiz qayıdardım. Sadəcə, müharibə də bu oyun ərəfəsində başladı. Fevralın 23-dən 24-nə keçən gecə. Mən artıq futbol hayında deyildim. Səhər klubun idman direktorunun yanına gəlib dedim ki, “üzrlü say, mən bu oyunda sona qədər komandamın yanında olacağam, amma istənilən halda, mənə çətindir. Ailəm iztirab içində Ukraynada qalıb, mən isə buradayam, baş verənləri anlaya bilmirəm, düzü, indi futbol haqqında fikirləşmək də mənim üçün çətindir”. Biz oyunu 0:2 hesabı ilə uduzduq, arxasınca penaltilərdə də uğursuzluqla üzləşdik. O məqamda ailəm və yaxınlarım haqda fikirləşirdim.

– Doğrudurmu ki, Tiraspol şəhərində sizə abidə qoymaq istəyirdilər? Özü də soyadınızın əlaməti olaraq köhnə palıd ağacının yanında…

– Hə, belə bir təşəbbüslə çıxış etmişdilər. Ancaq heykəli artıq həyatda olmayan adama qoyurlar. Mən isə yaşayırdım. Ona görə də icazə vermədim.

– Buradakı oyunlarda tribunaların boş olması sizi təəccübləndirirmi?

– Stadionların tamamilə boş olduğunu deməzdim. Azarkeşlər var, amma həqiqətən də sayları azdır. Bunun səbəbini bilmirəm, hərçənd çempionatın özü maraqlıdır. Sən “Karvan-Yevlax”la belə oyunun necə keçəcəyini bilmirsən. Hələ mən “Sabah”la “Qarabağ”ı demirəm. “Zirə” və “Turan Tovuz” da güclü komandalardır. Mən ümid edirəm ki, “Qarabağ”ın ÇL-də uğurlu çıxışından sonra ölkədə futbola olan maraq artmalıdır. Bəlkə də bundan sonra insanlar stadionlara axışar.

– Bizim çempionat Belarus və Moldova liqalarından güclüdür?

– Belə deyim də… (fikirləşir). Hə, mənə elə gəlir ki, bir az onlardan güclüdür. Çünki “Qarabağ” müntəzəm olaraq avrokuboklarda uğurlu çıxış edir. Moldovada “Şerif”dən başqa bir az “Petrokub”un yaxşı komanda olduğunu söyləmək olar. Düzü, mənim üçün buna qiymət vermək çətindir. Mən moldovalılarla belarusluların xətrinə dəymək istəmirəm. Hər ölkənin öz prinsipləri var. Hər çempionat özünə görə güclüdür.

– Hakimlik problemləri bütün dünyada var. Sizin təcrübənizə görə, hakimlik ən problemli harada olub?

– Hər yerdə demək olar ki, eyni cürdür. Arada ciddi fərqlər yoxdur.

– Bəs bizim hakimlər haqda nə demək olar? Çünki Vensan Abubakar açıqlamasında demişdi ki, Azərbaycanda birinci hakimlik dəyişməlidir.

– Mən işlədiyim ilk oyunumdan bəri deyirəm ki, burada hakimliyə diqqət yetirmək lazımdır. Səhvlər çoxdur. Bəlkə də bunlar sadəcə səhvlərdir, qərəz yox. Amma nədirsə, “Neftçi”nin əleyhinədir. Mən çempionatın oyunlarına baxıram da. Ad çəkməyəcəyəm, elə komandalar var ki, onların əleyhinə səhvlər etmirlər. Ona görə də sual yaranır: niyə məhz belədir? Amma bunlar Ukraynadada da var.  Deyə bilmərək ki, Ukraynada hakimlik yüksək səviyyədədir, burada pisdir. Hər yerdə səviyyə eynidir.

- Futbolinfo.az

– Razıyam, məsələn, Surkis qardaşlarının dövründə Ukraynada “Dinamo”nun “dartıldığını” deyirdilər…

– Bəli, Surkislərin dövründə “Dinamo”ya meyillik haqda danışırdılar, Rinat Axmetov “Şaxtyor”u dirçəldəndə mövqe dəyişdi. Belə yönəlmələr həmişə olacaq. Daxili yanaşma olur, olacaq da. Amma niyə belə olur, mən onu anlaya bilmirəm. Ona görə də Abubakar məhz hakimlikdən başlamaq lazım olduğunu söyləyib.

– Azərbaycan çempionatında sizin xoşunuza gəlməyən nədir və əksinə, sizi yaxşı mənada nə təəccübləndirdi?

– Nəyisə bəyənmədiyimi söyləyə bilmərəm, yeganə problem kimi bəzi klubların süni meydançalarda oynaması xoşuma gəlmir. Bəzi meydançalarda da otun keyfiyyəti ürəkaçan deyil. Məsələn, bildiyimə görə, “İmişli”nin Qubadakı meydançası pis gündədir. Amma biz orada hələ oynamamışıq, ona görə də deyə bilmərəm. Amma kənardan izlədilərimə görə, meydança faciəvi vəziyyədədir. Ona görə də Qurban Qurbanovun tərəfindəyəm! O da bu stadiondan şikayət etmişdi.

– Belə problemlər Ukrayna, Belarus və Moldovada var?

– Əlbəttə, məsələn deyə bilmərəm ki, Moldovada ot örtüyü ideal vəziyyətdədir. Bu gün Ukraynanın özündə də problemlər var. Amma bu da iqlimlə əlaqəlidir. Məsələn, bu il Ukraynada qış çox sərt keçdi. Şaxtalar otun keyfiyyətinə mənfi təsir göstərdi. Üstəlik müharibə, dağıdılan enerji sistemləri təsirsiz ötüşmür. Hansı keyfiyyətdən danışa bilərik ki, insanlar bəzən mənzillərində 20 saat işıqsız qalırlar.

– “Zarya”nın “Metallist”ə 0:5 hesabı ilə uduzduğu oyundan sonra sizi təzyiqiniz 200 olduğu üçün xəstəxanaya aparmışdılar və hətta mikroinsult təhlükəsi də var idi. Belə streslərə burada da hazırsınız?

– Hər bir insanda ani vəziyyətdə səhhətində problemlər yarana bilər. Bəli, mən oyundan sonra belə bir xoşagəlməz vəziyyətlə üzləşdim, amma bu gün yaşayıramsa, deməli, problem yoxdur.

– “Zarya” və “Şerif”də siz artıq çəkisi olan futbolçuları cərimələyirdiniz. “Neftçi”də də belə bir təcrübə olacaq?

– Hətta var! Mən ad çəkməyəcəyəm, amma buna görə cərimələdiklərimiz də olub.

– Bakıda Andrey Demçenko ilə ayrıca görüşmüsünüz? Axı siz hər ikiniz eyni şəhərdənsiniz.

– Yox, görüşməmişik. Yalnız “Araz Naxçıvan” – “Neftçi” oyununda üz-üzə gəldik. Görüşdük, vəssəlam. Deyim ki, aramızda yaxın münasibət də yoxdur. Sadəcə mən məşqçi olanda Andrey Zaporojye “Metallurq”unda oynayırdı. Sonra o, karyerasını başa vurdu, məşqçi olmaq qərarına gəldi. Nəsə mənə sözü olsa və zəng etsə, ona cavab verəcəyəm. Mənim də ona sözüm olsa, o da eynisini edəcək.

– Moldovada Bender qalasında olmuşdunuz və hətta sizə biletə endirim də etmişdilər. Bəs Bakıda artıq Qız qalasında olmağa macal tapmısınız?

– Yox, hələ ki, Qız qalasına çıxmamışam. Amma bəzən həyat yoldaşımla şəhərə gəzintiyə çıxıram. Sadəcə, indi çox gərgin dönəmdir, iş həqiqətən də çoxdur. 3 aydır ki, komandanı çalışdırıram, dayanmadan işləyirəm, vəziyyətlə tanış oluram, qrafik çox sıxdır. Hər gün səhər 8-9 arası bazaya gəlirəm, axşam 6-dan sonra, bəzən 7-nin yarısı evə gedirəm. Bu müddət ərzində ancaq bazada oluram. İndi bir az işim ona görə asandır ki, artıq həyat yoldaşım buradadır, bizim öz mənzilimiz var. Amma digər məşqçilər, yəni köməkçilərim bazada qalır. Onların da qrafiki sıxdır.

– Oğlunuz Vitali də bazada qalır?

– Bəli, hamısı buradadır. Çünki işləri çoxdur. Rəqibləri analiz etmək, onların oyunlarına baxmaq lazımdır, müəyyən taktiki gedişlər hazılanmalıdır. İş həqiqətən də çoxdur. Şəxsən özümə gəlincə, mən həqiqətən də burada çox gəzmək istəyirəm. Amma evdə olanda da “həyat yoldaşıma deyirəm ki, bu gün evdə qalım, çünki çətindir”. Gələcəkdə baxarıq. Hərçənd gəzdiyimiz yerlər də olub. Məsələn, İçərişəhərdə gəzişmişik. Biz Ağ şəhərdə qalırıq, dedik çıxaq şəhəri piyada gəzişək, Nizami küçəsində olduq.

– İnsanlar sizi tanıyır?

– Olur, hə. Bəziləri yaxınlaşır, görüşür, uğurlar arzulayır.

– Amma Tiraspol, Soliqorsk, Krivoy-Roq, Luqnsk kimi yox, doğrudur? Çünki Bakı daha böyük şəhərdir.

– Doğrudur, o şəhərlərdəki kimi deyil. Amma mən bunu normal qarşılayıram.

– Deyirlər ki, “Neftçi”dən başqa sizə “Ludoqorets”dən də təklif gəlmişdi, amma imtina etmisiniz. Doğrudursa, Bolqarıstan çempionatını demək olar ki, monopoliyaya alan komandada işləmək daha asan olmazdımı?

– Bəli, “Ludoqorets”dən təklif almışam. Amma mən onlara qədər “Neftçi” ilə danışıqlar aparırdım. Bakı klubuna konkret təklif olacağı halda, anlaşacağımızla bağlı söz vermişdim. Sadəcə, ilin sonunda mənə həmin ərəfədə “Ludoqorets” rəhbərliyi də dəvət göndərdi. Mən bolqarlarla 3 gün söhbət etdim və onlara xatırlatdım ki, “Neftçi”yə söz vermişəm.

– Onlar sizə daha çox maaş təklif edirdi, yoxsa, “Neftçi”?

– Bolqarlar daha çox maaş təklif etmişdi.

yuri vernidub 1000x500 1 - Futbolinfo.az

–  Siz demişdiniz ki, “Şerif” Ukrayna çempionatının ilk altılığında oynaya bilərdi. Sizcə, “Neftçi”, “Qarabağ” və “Sabah” hansı yerlərdə olardı?

– Azərbaycan komandaları da yüksək yerlər uğrunda mübarizə apara bilərdi. Hər üç komanda yüksək səviyyəlidir. Azərbaycan futbolu üçün mənfi təsirləri ola bilər, amma ümumi götürsək, çox müsbət haldır ki, sizin çempionatda legioner limiti yoxdur. Burada çox keyfiyyətli əcnəbi futbolçular top qovur. Hətta aşağı yerlər uğrunda mübarizə aparan komandalarda belə güclü legionerlər var.

– Bəs, “Qarabağ” “Dinamo” və “Şaxtyor”un yarışdığı liqada çempionluq uğrunda mübarizə apara bilər?

– Məncə, hə! Hətta deyərdim ki, “Sabah” da Ukraynada çempionluğa oynaya bilər. “Neftçi”nin özü belə hazırkı oyunçu heyəti ilə toparlansa, orada nəyəsə nail ola bilər.

– Demək olar, “Qarabağ” hazırda postsovet məkanının ən yaxşı komandasıdır?

– Mənim üçün ən yaxşı klub “Neftçi”dir. Burada işləyirəm, mən necə “Qarabağ”ın ən yaxşı olduğunu deyə bilərəm? Mənim üçün “Neftçi” daha adlı-sanlı klubdur. Məncə, istənilən azərbaycanlıdan soruşsan, onlar da bunu təsdiqləyəcək. Hə, indiki dönəmdə “Qarabağ” daha yuxarıda ola bilər, amma “Neftçi” elə “Neftçi”dir. Əgər “Qarabağ” gələn mövsüm də bu uğurunu təkrarlasa, mən onların qarşısında papağımı çıxarıb təzim edəcəyəm. Eləyə qalsa, “Şerif” də Çempionlar Liqasının qrup mərhələsində bir mövsümdə böyük iş gördü.

– Siz hələ də oyun günü telefon zənglərinə cavab vermirsiniz?

– Yox. Həmin gün telefonuma zəng çatır, amma cavab vermirəm.

– Bu, bir növ oyunöncəsi inanc ayinidir?

– Yox, sadəcə istəmirəm ki, oyuna köklənmədən qopum. Başqa söhbətlər etmək istəmirəm, həmin vaxt ancaq oyun haqda fikirləşirəm və köməkçilərimlə söhbətləşirəm.

– Sosial şəbəkərələrdə şərhləri oxuyuram və görürəm ki, Ukraynada sizi çox sevirlər. Daha çox nəyə görə – məşqçi keyfiyyətlərinizə, səmimiyyətinizə, yoxsa vətənpərvərliyinizə görə?

– Nə deyə bilərəm ki?! Ukraynada mənim kimi insanlar hazırda ölkədə nə baş veriyini yaxşı anlayırlar. Artıq hər bir vətəndaş nə etmək lazım olduğunu yaxşı bilir. Mən həmişə səmimi insan olmağa çalışmışam, hər bir suala doğru cavab vermək istəyirəm. Ola bilər, bu, mənə bir az problem yaradar, amma nə var, odur da. Mən bu cür adamam. Belə tərbiyədə böyüdüyümə görə mərhum valideynlərimə təşəkkür edirəm.

– Oğlunuz Vitalinin məşqçi heyətinizdə konkret rolu nədir? O daha çox hansı işlərə cavabdehdir? Ona qarşı daha sərt və tələbkarsınız, yoxsa bəzən güzəştə də gedirsiniz?

– Yox, mən ona qarşı çox tələbkaram və hansısa güzəştdən söhbət gedə bilməz! Onun özü də bunu yaxşı başa düşür. O ki qaldı komandadakı roluna, Vitali futbolçu karyerasında yaxşı müdafiəçi olub, mən ona daha çox müdafiə məsələlərini həvalə etmişəm. Doğrudur, digər mövqelərə də diqqət ayırır, amma arxa xəttə xüsusi diqqət ayırır. Belə baxanda, çox yaşı da yoxdur, karyerasını yenicə başa vurub. Fikrimcə, onun təravətli yanaşması bizə yardımçı ola bilər. Hazırda Vitali çox oxuyur, çox oyunlara baxır, öz üzərində işləyir. Bu, məni çox sevindirir. Ukraynada bir az bu yöndə problem yaşayırdı, çünki heç yana çıxa bilmirdi, amma orada da öyrənməyə nəsə tapırdı. Məncə, Vitali gələcəkdə çox yaxşı məşqçi olacaq.

– Onun müdaxilələrindən sonra “Neftçi”nin müdafiəsində inkişafı hiss edirsiniz?

5d2abcc1 56dc 4ea2 8365 5f85ee49a17d 1 - Futbolinfo.az

– Bəli! O, oyunçularla çox söhbət edir, hamı ilə anlaşır.

– Həqiqətən də, sizin gəlişinizə qədər “Neftçi” arxa xəttində böyük problemlər var idi…

– Onlar həmişə olacaq. Doğrudur, son vaxtlar daha az qol buraxırıq, amma son matçımızda qapımızda 2 qol gördük (müsahibə “Turan Tovuz”la matçdan öncə götürülüb – T.M.). Hələ öz üzərimizdə işləməliyik.

– “Şerif”in “Şaxtyor”la görüşündən sonra demişdiniz ki, “komandamın ilk hissədə müdafiədəki oyunu mənə “pornoqrafiya”nı xatırlatdı”. Demək olarmı ki, sizin “Sumqayıt”la matçda 2:0 hesabı ilə öndə olduğunuz halda, qarşılaşmanın sonlarındakı müdafiədəki oyununuz da bir o qədər biabırçı oldu?

– Yox, belə müqayisə etməzdim, amma qələbəni belə əldən verməyimizə görə özümüz günahkarıq. 3 xalı belə əldən vermək olmaz. Biz vəziyyətə doğru reaksiya verməli, psixoloji cəhətdən möhkəm olmalı, 2:0-dan sonra geriyə çəkilib hesabı qorumamalıyıq. Hər iki hissəni eyni səviyyədə keçirməliyik.

– Vitali həmişə sizin haqqınızda böyük heyranlıqla danışır. O xatırlayır ki, uşaqlıqdan sizinlə fəxr edirdi, sizin onun və qardaşının avtoriteti olduğunuzu deyirdi və 1994-cü ildə Almaniyada ona ilk “Sega” oyun konsolunu aldığınızı xatırladır. Amma ən əsası odur ki, sərtliyinizə baxmayaraq, siz ona yalnız bir dəfə (o 6-7 yaşında olanda) əl qaldırmısınız və sonra küncdə oturub ağlamısınız, çünki buna görə utanmısınız. Vitali xaraktercə sizə oxşayır? Onun sizin məşqçi uğurlarınızı təkrarlamaq perspektivini görürsünüz?

– Mən istəyərdim ki, o mənim məşqçilik uğurlarımı təkrarlamasın, hətta bir az da qabağa gedib daha böyük məşqçi olsun! Bu, mənim üçün həyatın ən böyük hədiyyəsi olardı. O ki qaldı xarakterə, bir qədər xeyirxah insandır. Amma yeri gələndə sərt ola bilir. Mən bir az fərqli adamam. Hərçənd atam mənə heç vaxt əl qaldırmayıb, demək olar ki, mən də Vitaliki vurmamışam. Bəli, bir dəfə dediyiniz olub, onu da həyat yoldaşım məni qızışdırdı ki, uşağa yerini göstər. Mən də yüngülcə onun arxasından balaca sillə vurdum. Həqiqətən də ağladı. Bu da mənə pis təsir etdi. Özümə söz verdim ki, bir də oğlanlarımı vurmayacağam. Belə də oldu. Biz danışmaqla aramızda qarşılıqlı anlaşma əldə edirdik. Bu, həyat yoldaşıma da rahatlıq verirdi. Sonra təxminən 1 həftənin ardından Vitali qardaşı ilə birgə yenə də dəcəllik edəndə həyat yoldaşım məndən onlarla bir daha danışmağımı xahiş edirdi. Hətta bəzən telefon danışığı da bəs edirdi ki, onlar özlərini yaxşı aparsınlar.

– Vitali 4 yaşına qədər yaxşı danışa bilmirdi. Nitqi yalnız müalicə sayəsində bərpa olundu?

– Doğrudur, cümlələri yaxşı qura bilmirdi, amma 4 yaşından sonra müalicəsiz düzəldi. Əslində o biri oğlum da belə problemlə üzləşdi. Hətta bu proses 1-ci sinifə gedənə qədər davam etdi. Biz onu loqopedə apardıq. O da yaşlı bir qadın idi, iki aya hər şeyi qaydasına saldı.

– Nəvəniz üçün Luka Modriçdən forma istəmişdiniz və Andrey Lunin sizə kömək etmişdi.

– Lunin paltardəyişmə otağında bunu ondan xahiş etdi, Luka özü gətirib imzalı formanı mənə verdi.

– Bəs Lautaro Martinesin formasını necə əldə etdiniz?

– Onu artıq özüm istədim. Həm Modriçin, həm də Lautaronun formasını nəvəm üçün istəmişəm. Hələ Benzema da var. Tiraspoldakı oyundan əvvəl dostum Kərimin formasını məndən xahiş etmişdi, formanı alıb ona vermişəm. Nə qədər qəribə olsa da, mən adətən belə formaları kimlərəsə görə almışam. Amma ümumiyyətlə çox olub ki, özüm üçün də forma götürmüşəm. Sadəcə, müharibə başlayanda onları xeyriyyə məqsədi ilə hərraca çıxarıb əldə etdiyim pulu cəbhəyə göndərirdim. Ona görə də indi formalarım çox azdır. Modriç və Lautaronun formaları isə artıq nəvəmdədir.

– Sizin Milana adlı 12 yaşlı itiniz var idi. O öldükdən sonra daha it saxlamamısınız?

– Yox. Onun son günləri çox ağır keçdi. Biz evtanaziya etməyə məcburq qaldıq. Bizim pişiyimiz də var idi, o da müharibə ərəfəsində öldü. Sanki hiss etdilər ki, biz haralarasa gedəndə onlara yaşamaq çətin olacaq. Buna necə inanmayasan?

Yuriy Vernidub 2 1152x768 1 - Futbolinfo.az

– Siz demişdiniz ki, növbəti komandanızda mütləq məşqçi heyətində bir ispan məşqçi olacaq, çünki ispanlar taktika baxımından güclüdürlər. Bu ideyanı həyata keçirə bildiniz? “Neftçi”yə gələndə belə bir variantı nəzərdən keçirmişdiniz?

– Bəli, bu haradasa 2018, ya 2019-cu illər olardı. Dostumun yaratdığı imkanlar sayəsində Valensiyaya gedib “Levante”də təcrübə keçmişəm. 1 həftə bu komanda ilə bir yerdə oldum. Həmin vaxt “Real”la səfərdəki oyuna hazırlaşırdı. Mən bu komandanın məşqlərində iştirak etdim, baş məşqçi Pako Lopes ilə söhbətləşirdim. Onlarla Madridə yollanıb oyuna da baxdım. Deyəsən, “Levante” bu oyunu 1:2 hesabı ilə uduzdu. Hərçənd hesabı açmışdılar. Valensiya təmsilçisinin çalışdırıcısının oyun fəlsəfəsi mənim çox xoşuma gəlmişdi. Fikrimcə, ispan məşqçilər taktiki planda mükəmməldirlər. Onda özümə də aşılamışdım ki, gələcəkdə belə bir imkan əldə etsəm, çalışdıracağım komandalara ispan köməkçi cəlb edəcəyəm. Amma olmadı. Mənim köməkçilərim öz yerlilərimdir (gülür).  Hazırda belə bir planım da yoxdur.

– Siz bildirmişdiniz ki, “Zarya” rəhbərliyi sizin arxanızca 2-3 ay yeni məşqçi axtarırmış, halbuki bundan əvvəl sizi qalmağa razı salmağa çalışırdılar. Sizin “Neftçi” ilə müqaviləniz 2027-ci ilin yayına qədərdir. Əgər bu mövsüm avrokuboklara vəsiqə qazana bilməsəniz, klubun sizinlə yolları ayıra biləcəyini düşünürsünüz? Axı “Neftçi” flaqman klubdur və azarkeşlər, rəhbərlik həmişə çox tələbkardır.

– Hər şey ola bilər. Bunu da normal qarşılayıram.  Sadəcə, təəssüf ki, mən bura bir az gecikmə ilə gəldim, hər halda, mövsümün bir xeyli hissəsi geridə qalmışdı. Arada xal fərqi çox böyük idi. Amma indiki məqamda ideya da var, məqsəd də. Mən çətin vəziyyətləri sevirəm.

– Bir müsahibədə demişdiniz ki, sizin agentiniz yoxdur və bütün karyeranız boyunca vasitəçilərsiz işləyirsiniz. Sizcə, əgər tanınmış bir agentlə işləsəydiniz, daha güclü klublara, məsələn, Avropanın aparıcı liqalarına düşə bilərdiniz?

– Bilmirəm, bəlkə də, daha təmtəraqlı karyeram olardı, amma bundan sonra nəsə danışmaq yersizdir. Nə var, odur! Amma mənim indi Yaroslav Kondratyuk adlı hüquqşünasım var. O öz sahəsində çox güclü mütəxəssisdir. Futboldan çox yaxşı baş çıxarır. Mən bura gəlməmişdən öncə müqavilə işlərimə o baxdı. İstənilən halda, belə məsələlərdə sənə bir mütəxəssis kömək etməlidir.

– Onunla çoxdan işləyirsiz?

– Haradasa müharibə ərəfələrində. Yeri gəlmişkən, mən müharibədə döyüşəndə o hərbi komissarlıqla elə anlaşdı ki, imkan düşəndə məşqçi kimi də işləyə bilim. Buna görə də ona minnətdaram.

– Siz həm də demisniz ki, “Şaxtyor” nə qədər istəsə də, heç vaxt “Dinamo” olmayacaq. Azərbaycan futboluna bənzətmə etsək, sizin deməyinizdən belə çıxır ki, “Qarabağ” son 12 ildə böyük uğurlar qazansa da, heç vaxt “Neftçi” olmayacaq?

– 100 yox, hətta 200 faiz! Dediyim kimi “Neftçi” elə “Neftçi”dir. Bu klub brenddir, addır, tarixdir. “Qarabağ” son 12 ildə belə fantastik çıxış edir, amma “Neftçi” tarixin özüdür!

–  Siz demişdiniz ki, “Şaxtyor” və “Dinamo”da işləməyi planlaşdırmırsınız. İndi də fikriniz dəyişməyib?

– Öz mövqeyimdə qalıram. Mən oradakı rəhbərlərlə işləyə bilmərəm.

– Nə üçün istəməyəsiniz axı?

–  Bilmirəm. Əvvəllər bunu arzulayırdım, bəlkə də “Dinamo”da işləmək şansım olardı. Sonra nəsə fikrimdən daşındım.

– Heç vaxt onlardan sizə təklif gəlməyib?

– Yox, konkret yox. Ancaq söz-söhbət kimi eşidirdim. Məncə, gələcəkdə də bu olmayacaq. Orada işləmək mənlik deyil. Hər nə qədər iki böyük klub olsa da, ürəyimə yatmır.

– Maraqlıdır. Mənim üçün gözlənilməzdir. Hərçənd, siz özünüz müqayisədə “Dinamo”nu daha çox sevdiyinizi söyləmisiniz. Kiyevdən doğulduğunuz yer arasında 120 km məsafə olub. Yenə də fikrinizə hörmət edirəm. Yeri gəlmişkən, Arda Turanın “Şaxtyor”dakı fəaliyyətini necə qiymətləndirirsiniz?

– Çox yaxşı. Arda yüksək səviyyəli məşqçidir. Hazırda “Şaxtyor” belə yüksək səviyyədə çıxış edirsə, burada türkiyəli mütəxəssisin əməyi var. Bu komanda çox yaxşı oynayır. Oyunçu seçimi də əladır, taktikası da mükəmməldir.  Mən böyük məmnuniyyətlə bir həftə Ardanın yanında qalıb onunla söhbət edərdim. Onun məşq prosesi mənə çox maraqlıdır. “Atletiko” və “Barselona”da oynaması onun məşqçi kimi püxtələşməsində böyük rol oynayıb.

– Bəs son vaxtlar “Dinamo”nun enişi nə ilə əlaqəlidir?

– Komandada yenidənqurma prosesi gedir. Heyətdə gənc oyunçuların sayı çoxdur. Amma çox perspektvlidirlər. Onlara sadəcə vaxt lazımdır. Nəsildəyişmə prosesində belə hallar olur, gözləməlisən. Məncə, “Dinamo” yenə də əvvəlki səviyyəsinə qayıdacaq.

mg milano 19 10 2021 champions league inter sheriff foto matteo gribaudi image nella foto yuriy vernydub publica - Futbolinfo.az

– Bəs Ukrayna millisinin dünya çempionatına çıxmaq şansı var?

– Məncə, hə. Öz ölkəmin yığmasına pley-offda azarkeşlik edəcəyəm. Millimizin Sergey Rebrov timsalında yaxşı baş məşqçisi var. Düzdür, ona qarşı yüklənmələr var, amma mən tənqidçilərlə razı deyiləm. Rebrovun işi xoşuma gəlir.  O harada işləyibsə, uğur qazanıb. Macarıstanda “Ferentsavaroş”da, bununla yanaşı BƏƏ və Səudiyyə Ərəbistanında çalışdığı klublarda nəticə verib. Kiyev “Dinamo”su da həmçinin. Məlum məsələdir ki, milli komanda tam başqa səviyyədir, burada sən hər gün oyunçuların yanında deyilsən. Sən onları bir yerə yığırsan, bir yerdə sadəcə 5-6 gün qalırsan, onları oyunlara hazırlamaq asan iş deyil. Problemlər var, biri zədəli olur, biri özünü yaxşı hiss etmir. Hamı problemi məşqçidə axtarır, məncə, problem ancaq məşqçidə deyil. Azərbaycanda da vəziyyət belədir. Ölkənizin həqiqətən də yaxşı yerli oyunçuları var. Hətta “Neftçi”də Emil Səfərovu, Emin Mahmudovu, o cümlədən Murad Məmmədovun potensialını yüksək qiymətləndirirəm. Hər komandada yaxşı yerli oyunçular var.

– Seçmə mərhələdə Ukrayna – Azərbaycan oyunlarına baxdınızmı?

– Hə, Bakıdakı 1:1 hesabı ilə başa çatan oyuna baxmışam. Bu elə bir oyun idi ki, Ukrayna millisinə qələbə lazım idi, amma onu əldə edə bilmədi.

– Amma islandlara qarşı sizin komanda daha yaxşı oynadı.

– Hə, doğru deyirsiniz. Amma yenə də Azərbaycan millisinə “əhsən” demək lazımdır. Güclü Ukranya komandası qarşısında dayana bildilər.

TAHİR MİRZƏ

vernidf - Futbolinfo.az
Shares: