Misli Premyer Liqasında çempionluq mübarizəsi daha maraqlı alınmağa başlayıb. Əsas rəqiblər olan “Sabah”la “Qarabağ” təkcə meydanda deyil, həm də psixoloji savaşda bir-birinə üstün gəlməyə çalışır. “Qarabağ” “Araz-Naxçıvan”a 6 cavabsız qol vurmaqla bəlkə də “Sabah”ın gözünü qorxutmağa çalışmışdı, amma dünən turun bağlanış matçında “bayquşlar” bu baxımdan da borclu qalmadı. “Qəbələ”ni 7 dəfə meydanın mərkəzinə dəvət edən Masazır klubu eyni fərqə nail oldu.
Son bir ayda həm çempionatda, həm də kubokda 2 dəfə qarşılaşan rəqiblərin əvvəlki oyunları gərgin mübarizəyə səhnə olmuşdu. Bakılılar Premyer Liqa görüşündə tək qola sevinmişdisə, kubokdakı heç-heçələrin sonunda penalti seriyası qalibi müəyyən etmişdi. Amma Qəbələdəki 120 dəqiqəlik matçın bölgə təmsilçisini daha çox yorduğu aydınlaşdı. Həm də uzun müddət 10 nəfərlə mübarizə aparmış Kazaber Sxadadzenin yetirmələri dünənki matça hazır ola bilməmişdi.
“Sabah” “Qəbələ”yə hələ ilk yarıda 4 qol vurmaqla üstünlüyünü göstərdi. Son iki matçda 3 və 2 top fərqi ilə üstünlüyü əldən verən paytaxt təmsilçisi bu dəfə eyni səhvi etmədi. Eyni ciddiyyətlə qarşılaşmanı davam etdirən “Sabah” tarixinin ən böyükhesablı qələbəsi ilə liderliyini qoruyub çempionluğa doğru növbəti addımı atdı.
“Sabah”ın gücü bəllidir, lakin Kaxaber Sxadadze bunu əsas götürüb biabırçı darmadağına haqq qazandırmamalıdır. “Qəbələ” dünənki rəqibi qədər də olmasa, transferlərə kifayət qədər pul xərcləyib. Xüsusilə qış fasiləsində gürcü çalışdırıcının istəkləri yerinə yetirilib. Məğlubiyyət gözlənilən idi, lakin belə hesab “Qəbələ”nin tarixinə yazılmamalıydı.
Valdas Dambrauskasın yetirmələri oyunlarındakı ani enişdən vaxtında çıxmağı bacardı. “Qarabağ”la 7 xallıq fərqi 7:1-lə qoruyan “Sabah” “göyün 7-ci qatı”nda dayanmağa davam edir. Kubok oyunları öz yerində, çempionatda ardıcıl 22 məğlubiyyətsiz oyun ciddi göstəricidir. Bu, çempion statistikasıdır, tempi qorumaq mümkün olsa, “Qarabağ”ın seriyasının qırılması yaxındır.
ABBAS






