ABŞ-nin “Kolumbus Kru” komandasına transfer olunan Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə MLS-də çıxış etməkdə maraqlı olub.

Keçidindən sonra ilk dəfə “Report”a danışan 21 yaşlı oyunçu yeni komandasını seçməsinin səbəbini açıqlayıb: “MLS-də oynamaq variantı mənə maraqlı gəlirdi və yekunda “Kolumbus Kru” kollektivinə keçmək qərarı verdim. Vətəndən kənarda olmaq həmişə çətindir. Bu, istər ABŞ olsun, istərsə də başqa bir yer. Bütün bunlar futbol həyatının bir hissəsidir. Uyğunlaşma prosesi istər rahat olsun, istər çətin, verdiyim qərarın doğru olduğunu sübut etməyə çalışacağam. Hətta uyğunlaşma prosesi vaxt alsa belə”.

Azərbaycan millisinin üzvü ABŞ-yə gəlişindən sonra ilk təəssüratlarını da bölüşüb: “Artıq iki gündür Amerikadayam. Dünən ilk məşqə çıxdım, komandada gözlədiyimdən də isti münasibət gördüm, xoş qarşılandım. İndi isə debüt edəcəyim günü səbirsizliklə gözləyirəm”.

Xatırladaq ki, Nəriman Axundzadənin “Kolumbus Kru” ilə sözləşməsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub.

fotojet 38 - Futbolinfo.az
Shares: