Məktəb və idmanı eyni zamanda davam etdirmək bir çox şagird üçün çətin görünə bilər. Daimi məşqlər, yarışlar və dərs yükü bəzən istirahət və şəxsi həyata az vaxt qoyur. Buna görə də bəzi insanlar düşünür ki, ya məktəbi, ya da idmanı seçmək lazımdır. Lakin düzgün planlaşdırma və dəstək olduqda həm təhsili, həm də idmanı uğurla birləşdirmək mümkündür.
Dərs və idman arasında balans yaratmaq üçün ilk növbədə məqsədləri müəyyənləşdirmək gərəkdir. Şagird hər iki sahədə nə əldə etmək istədiyini bilməli və bu məqsədləri kiçik addımlara bölməlidir. Vaxtın düzgün planlaşdırılması çox vacibdir. Günün əvvəlcədən planlaşdırılması, dərs, məşq, istirahət və boş vaxt üçün ayrıca vaxt ayrılması işlərin daha səmərəli görülməsinə kömək edir.
Günün vaxt bloklarına bölünməsi də faydalıdır. Məsələn, səhər dərslərə, axşam isə idman məşqlərinə vaxt ayırmaq olar. Yarış və ya idman toplanışları zamanı isə dərslər onlayn şəkildə və ya repetitor vasitəsilə davam etdirilə bilər.

Bu prosesdə valideynlərin və müəllimlərin dəstəyi də çox vacibdir. Şagird bəzən planlaşdırmada səhvlər edə bilər və buna görə də ona kömək və anlayış göstərilməlidir. Eyni zamanda şagirdin özündə də nizam-intizam, vaxtın idarə olunması və məsuliyyət kimi bacarıqlar formalaşmalıdır. Şagird-idmançı müəllimlər və məşqçilərlə ünsiyyət qurmağı və lazım gəldikdə kompromis tapmağı da bacarmalıdır. Ailə, dostlar və məşqçilər tərəfindən verilən mənəvi və psixoloji dəstək motivasiyanı qorumaqda böyük rol oynayır. Bəzi hallarda distant və ya onlayn təhsil də yaxşı alternativ ola bilər. Bu üsul idmanla məşğul olan şagirdlərə dərs və məşqlərin qrafikini daha rahat uyğunlaşdırmağa kömək edir.
Bununla yanaşı, istirahət də unudulmamalıdır. Yorğunluğun qarşısını almaq və enerji toplamaq üçün müntəzəm fasilələr planlaşdırmaq vacibdir. Dərs və idmanı birləşdirmək çətin olsa da, düzgün planlaşdırma, nizam-intizam və ətraf mühitin dəstəyi ilə bu mümkündür.
Bir çox uğurlu idmançılar həm təhsildə, həm də idmanda yüksək nəticələr əldə ediblər. Qarşıya çıxan çətinliklər isə insanı daha güclü edir və məqsədlərə çatmaq üçün motivasiya yaradır.

Doğrusu, ölkəmizdə bu, bir qədər problemli məsələdir. Azərbaycanda eyni zamanda həm idman, həm də təhsildə uğur qazanmaq bir az problemlidir. Bu mənada Elm və Təhsil Nazirliyi ilə Gənclər və İdman nazirliyi müştərək fəaliyyət göstərməlidir. Bəlkə göstərir də. Amma hələ ki, hansısa “vunderkind” şagirdin idmandan böyük nailiyyətlərə imza atdığını görməmişik. Ya da uşaq yaşlarında idman yarışlarında böyük uğurlar qazanan idmançılarımızın dərslərini mükəmməl şəkildə oxuduğunu görməmişik. Təbii ki, istisnalar var. Amma bu kütləvi hal daşımır.
Bəs dünya praktikasında bu necədir?
Dünyanın bir sıra inkişaf etmiş ölkələrində məktəb və idmanın paralel inkişafı dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Məsələn, ABŞ-də məktəb idmanı təhsil sisteminin ayrılmaz hissəsi sayılır. Orta məktəblərdə şagirdlər dərslərdən sonra müxtəlif idman komandalarında məşq edir və yarışlarda iştirak edirlər.
Məktəb komandalarının fəaliyyəti xüsusi liqalar tərəfindən tənzimlənir və şagirdlər həm təhsil, həm də idman nəticələrinə görə qiymətləndirilirlər. Əgər şagird dərslərdə müəyyən minimum nəticəni göstərmirsə, onun yarışlarda iştirakına məhdudiyyət qoyula bilər. Bu model uşaqları həm oxumağa, həm də idmana məsuliyyətlə yanaşmağa təşviq edir.
Avropanın bir çox ölkələrində isə məktəb və idman klubları arasında əməkdaşlıq sistemi geniş yayılıb. Məsələn, Almaniyada uşaqların böyük hissəsi idmanla məktəbdən kənarda, yəni, yerli idman klublarında məşğul olur. Məktəblər isə tədris prosesində fiziki tərbiyəyə ciddi yer ayırır və istedadlı uşaqların idman klublarına yönləndirilməsində vasitəçi rolunu oynayır. Bu ölkədə idman məşqlərinin vaxtı adətən dərs saatlarına uyğunlaşdırılır ki, şagirdlər həm məktəbdə, həm də klubda fəaliyyətlərini rahat şəkildə davam etdirə bilsinlər.
Skandinaviya ölkələri də bu sahədə maraqlı model tətbiq edir. Məsələn, Norveç və İsveçdə uşaqların fiziki inkişafı təhsilin əsas komponentlərindən biri hesab olunur. Bu ölkələrdə məktəblər şagirdlərin gündəlik fiziki aktivliyinə xüsusi diqqət yetirir. Məşqlər çox vaxt dərs proqramına daxil edilir və uşaqların idman fəaliyyəti onların psixoloji və sosial inkişafının bir hissəsi kimi qiymətləndirilir. Burada əsas məqsəd yalnız peşəkar idmançı yetişdirmək deyil, sağlam və fəal həyat tərzi formalaşdırmaqdır.
Şərqi Asiya ölkələrində isə təhsil və idman arasında balans bir qədər fərqli şəkildə qurulur. Məsələn, Yaponiya məktəblərində şagirdlər dərsdən sonra müxtəlif idman klublarının fəaliyyətində iştirak edirlər. Bu klublar məktəbin daxilində fəaliyyət göstərir və məşqlər müəllimlərin və ya dəvət olunmuş məşqçilərin rəhbərliyi ilə keçirilir. Şagirdlər bu fəaliyyətlərdə iştirak etməklə həm fiziki hazırlıqlarını artırır, həm də kollektiv məsuliyyət, nizam-intizam və komanda ruhu kimi keyfiyyətlər qazanırlar. Eyni zamanda dərslərə ciddi nəzarət olduğundan, təhsil və idman arasında balans qorunur.

Bir çox ölkədə xüsusi idman məktəbləri də fəaliyyət göstərir. Bu model xüsusilə istedadlı uşaqlar üçün nəzərdə tutulur. Belə məktəblərdə tədris proqramı idman məşqlərinə uyğunlaşdırılır, dərs cədvəli isə daha çevik qurulur. Şagirdlər günün müəyyən hissəsində akademik dərslər keçir, digər hissəsində isə intensiv məşqlərdə iştirak edirlər. Bu sistem Avropanın bir çox ölkəsində, o cümlədən Fransa və İtaliyada geniş yayılıb. Əslində, bu sistem akademiya formatında bizdə də var. Amma yenə də kağız üzərində.
Bütün bu təcrübələr göstərir ki, məktəb və idman arasında balansın qurulması üçün əsas şərt düzgün planlaşdırma və institutlaşmış sistemdir. Şagirdlərin dərs yükü ilə məşq vaxtı arasında uyğunluq yaradılmalı, müəllimlər və məşqçilər arasında əməkdaşlıq qurulmalıdır. Eyni zamanda valideynlərin də bu prosesdə aktiv iştirakı vacibdir. Dünyanın aparıcı ölkələrinin təcrübəsi göstərir ki, düzgün təşkil olunmuş model həm sağlam nəsil yetişdirir, həm də gələcək peşəkar idmançıların formalaşmasına şərait yaradır. Bu balans qorunduğu halda məktəb və idman bir-birinə mane olan deyil, əksinə, bir-birini gücləndirən iki vacib sahəyə çevrilir. Belə yerdə Nizaminin “Kamil bir palançı olsa da insan, Yaxşıdır yarımçıq papaqçılıqdan” misrasını əsas gətirib, “ikisindən birini tutmaq daha doğru olmazmı” iradı keçərli deyil. Təhsil papaqçılıq yox, həyat və düşüncə tərzidir. Onu idmana qurban vermək olmaz!
TAHİR MİRZƏ
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu







