“Sabah”ın yarımmüdafiəçisi İvan Lepiniçanın futbolinfo.az saytına müsahibəsi

– “Qəbələ” üzərində 7:1 hesablı qələbəni gözləyirdiz?

– Əlbəttə, oyundan əvvəl heç kim belə hesabı təsəvvür edə bilməzdi. Amma meydançaya çıxanda biz hesab yox, yalnız qələbə barədə düşünürdük. Sevinirəm ki, oyunu üç xalla başa vura bildik.

– Bu mövsüm “Qəbələ” ilə matçlarda çox əziyyət çəkmişdiniz. Necə oldu ki, birdən-birə rahat qalibiyyət əldə etdiniz?

– “Qəbələ” ilə əvvəlki oyunlarımız həqiqətən də çətin keçmişdi. Sadəcə, meydançaya çıxıb öz oyunumuzu oynadıq. Hesab gözlənilməz olsa da, hər birimiz qələbə qazanacağımıza inanırdıq.

– “Qarabağ” bu tur “Araz-Naxçıvan”ı 6:0 hesabı ilə məğlub etmişdi. Sizin də 7:1 hesablı qalibiyyətiniz sanki çempionluq uğrunda mübarizə apardığınız rəqibə meydan oxumaq kimi göründü. Bununla razısan?

– Biz başqa komandalar haqqında düşünmürük. Yalnız öz oyunumuza fokuslanırıq. Hər matça ilk növbədə özümüzlə rəqabət aparırmış kimi yanaşırıq.

– Artıq çempionatın həlledici mərhələsindəyik. “Sabah” stabilliyini qoruya biləcək?

– Bunu mövsümün sonunda görəcəyik. Komanda olaraq məqsədimiz oyundan-oyuna daha da yaxşılaşmaq və hər matçda yaxşı nəticə qazanmaqdır. Sonda necə olacağını isə mövsümün sonunda görəcəyik.

– İndidən “Qarabağ”la keçirəcəyiniz 3 oyun barədə düşünürsünüz? Həm kubokda, həm də liqada üz-üzə gələcəksiniz.

– Biz yalnız qarşıdakı növbəti oyun haqqında düşünürük. Qeyd etdiyiniz matçlara hələ var. Ona görə də hazırda bütün diqqətimizi qarşıdakı oyuna yönəltmişik.

– Növbəti rəqibiniz “İmişli”dir. Problem budur ki, topun hərəkət etmədiyi meydanda oynayacaqsınız. Böyük ehtimalla öz baxımlı futbolunuzu göstərə bilməyəcəksiniz. Bu, sizi qayğılandırır?

– Hər oyun çətindir. Yaxşı hazırlaşmalı və rəqibi düzgün analiz etməliyik. Meydança müəyyən problemlər yarada bilər, amma düşünürəm ki, yaxşı oynamaq və qələbə qazanmaq üçün əlimizdən gələni etmək bizim özümüzdən asılıdır.

CAVAD

Shares: