AFFA-nın milliləşdirmək istədiyi daha bir futbolçunun adına aydınlıq gəlib.
Futbolinfo.az saytının əldə etdiyi məlumata görə, assosiasiya yenə “Almaniya bazarı”ndan oyunçu tapıb.
AFFA rəhbərliyi əsasən aşağı yaş qrupları üzrə millilərin gücləndirilməsi ilə məşğuldur. Qurum bu yolla istedadlı gəncləri indidən milliləşdirmək və gələcəkdə əsas milliyə cəlb etməyi planlaşdırır. Xüsusən də gələn il keçiriləcək dünya çempionatına qatılacaq U-20 millimizin gücləndirilməsi prioritetdir.
Budəfəki hədəf Almaniyanın “Herta” klubunun dayaq yarımmüdafiəçisi Elyas Bağcıdır. Berlin klubunun yetirməsi olan 17 yaşlı oyunçunun tezliklə millilərdən birinə çağırılması istisna deyil. Bunun üçün ilk növbədə Elyasın özünün razılığı alınmalıdır. Çünki “Herta”nın U-19 komandasında çıxış edən yarımmüdafiəçi hazırda Türkiyənin U-17 millisinin üzvü sayılır. Lakin ötən ilin martından bəri yığmaya dəvət almır. AFFA rəhbərliyi bundan yararlanaraq, Bağcıya Azərbaycan millisinin formasını geyindirməyə çalışır. Türkiyəli oyunçu ilə A millinin direktoru İlqar Qurbanov danışıq aparır.
Qeyd edək ki, Elyas Bağcı 2024-cü ildə Azərbaycanın U-17 yığmasına qarşı keçirilən iki yoxlama oyununda Türkiyə millisinin formasını geyinib. Lakin onun milliləşdirilməsinin nə qədər qanunauyğun olduğu bəlli deyil.






