“Şamaxı” – “Araz-Naxçıvan” oyununda nəticəni qabaqcadan demək çətindir. Çünki hər iki komanda bərabər səviyyədədir. Düzdür, “Araz-Naxçıvan”ın qalib gəlmə şansı bir az daha yüksəkdir, amma son vaxtlar komandada qeyri-sabitlik müşahidə olunur. “Şamaxı” isə daha sabit nəticələr göstərir, oyunları oturuşmuş, balanslaşdırılmış və özünəməxsus tərzdədir. Buna görə də qarşılaşmanın bərabər səviyyədə keçəcəyi, ehtimal ki, heç-heçə ilə yekunlaşacağı gözlənilir”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında Arif Əsədov deyib.
Təcrübəli mütəxəssis turun digər görüşlərini də şərh edib: “Karvan-Yevlax” – “Zirə” matçında iki fərqli məqsəd uğrunda mübarizə aparan komandalar qarşılaşacaq. “Karvan-Yevlax” itirdiyi xallar səbəbindən elitadan düşmə riski ilə üz-üzədir və evdə xal qazanmaq istəyəcək. Hər qələbə onları “Qəbələ” və “Kəpəz”lə mübarizədə gücləndirir. “Zirə” isə “Turan Tovuz”dan geri qalmamaq üçün üç xal qazanmalıdır. Bu baxımdan favorit “Zirə”dir, amma süni örtüklü meydançanın oyunlara təsirini unutmamaq lazımdır”.
Əsədov liderlərə güvənir: “Sabah” – “Sumqayıt” qarşılaşmasında “Sabah” son oyunlarda göstərdiyi performansla favoritdir. “Sumqayıt” isə enişdədir, bir neçə oyundur qələbə qazana bilmir və komandada psixoloji durum yaxşı deyil. “Qarabağ” – “Kəpəz” matçına gəlincə, hər iki komanda xal itirmək istəmir. “Kəpəz” Yevlaxda oynayacaq, bu da meydan üstünlüyünə təsir göstərə bilər. Gəncəlilərin “Turan Tovuz”a qarşı son oyunda göstərdiyi performans komandaya özünəinam qazandırıb. Buna baxmayaraq, “Qarabağ”ın qalib gələcəyini düşünürəm”.
Arif bəy digər oyunlarda sürpriz ehtimalını istisna etmir: “Neftçi” avrokuboklara yollanmaq şansını hələ də saxlayır və qələbə onlar üçün çox önəmlidir. Komanda qış fasiləsindən sonra yüksəlişdədir. Amma “İmişli” hər zaman sürpriz edə bilər. “Qəbələ” də oxşar komandadır, amma “Turan Tovuz” son turda xal itirib, növbəti büdrəməyə imkan vermək istəməyəcəklər”.
GÜNAY SÜLEYMANOVA






